Modern.az

İtkin azərbaycanlılarla bağlı Bakıdan Ermənistana yeni təklif 

İtkin azərbaycanlılarla bağlı Bakıdan Ermənistana yeni təklif 

Aktual

Bu gün, 10:38

Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi humanitar baxımdan ən ağrılı və həlli vacib məsələlərdən biri olaraq qalır. Uzun illər keçməsinə baxmayaraq, minlərlə ailə öz doğmalarının taleyi ilə bağlı dəqiq məlumata malik deyil. Azərbaycan və Ermənistan arasında bu istiqamətdə təmaslar qurulsa da, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün qarşı tərəfin əlindəki arxiv materiallarının, əsirlikdə saxlanılan şəxslərlə bağlı qeydlərin və mümkün dəfn yerləri haqqında məlumatların təqdim edilməsi vacibdir.

Modern.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, itkin düşmüş şəxslər yalnız statistik rəqəmlər deyil, hər birinin arxasında bir ailənin, bir valideynin, bir övladın illərlə davam edən gözləntisi dayanır:

"Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi humanitar baxımdan ən ağrılı və həlli vacib məsələlərdən biridir. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq, minlərlə ailə öz doğmalarının taleyi ilə bağlı dəqiq məlumata malik deyil. Bu insanlar yalnız statistik rəqəmlər deyil, hər birinin arxasında bir ailənin, bir valideynin, bir övladın illərlə davam edən gözləntisi dayanır. Ona görə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Azərbaycan dövləti üçün prioritet məsələlərdən biri olaraq qalır".

Komitə sədrinin müavini bu istiqamətdə müəyyən praktiki addımların atıldığını da diqqətə çatdırıb:

"Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyaları arasında 2025-ci ilin fevralından etibarən birbaşa təmaslar qurulub və məlumat mübadiləsi həyata keçirilir. Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldüyü ehtimal edilən 834 vətəndaşımızın siyahısını, onlardan 104 nəfəri barədə isə ətraflı məlumatları qarşı tərəfə təqdim edib. Eyni zamanda, Ermənistan tərəfinin 2026-cı ilin yanvarında təqdim etdiyi 50 nəfərə aid DNT profilləri əsasında aparılan müqayisələr nəticəsində indiyədək müəyyən edilmiş qalıqlarla uyğunluq aşkarlanmayıb. Lakin bu təmasları problemin həlli istiqamətində yekun nəticə kimi qiymətləndirmək olmaz. Çünki əsas məsələlərdən biri Ermənistanın əlində ola biləcək arxiv materiallarının, əsirlikdə saxlanılan şəxslərlə bağlı qeydlərin, şahid ifadələrinin və mümkün dəfn yerləri haqqında məlumatların təqdim edilməsidir".

O qeyd edib ki, Azərbaycanın öz ərazisində apardığı axtarış və identifikasiya işlərində də müəyyən nəticələr əldə olunub:

"Dövlət Komissiyasının 2026-cı il avqustun 31-nə olan məlumatına əsasən, Birinci və İkinci Qarabağ müharibələri üzrə ümumilikdə 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır və onların 4 004-ü Birinci Qarabağ müharibəsinin payına düşür. 2026-cı ilin oktyabrında BMT-də təqdim edilmiş məlumata görə, indiyədək 913 nəfərin qalıqları aşkarlanıb, onlardan 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu nəticələr müasir DNT analizlərinin, məhkəmə-tibbi ekspertizanın və kütləvi məzarlıqların araşdırılmasının əhəmiyyətini göstərir. Noyabrın 19 - 20-də keçirilən “İtkin düşmüş şəxslərin taleyi: Humanitar dialoq və əməkdaşlıq” adlı beynəlxalq konfransı da bu baxımdan əhəmiyyət daşıyır. Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışında Azərbaycanla əməkdaşlığın vacibliyini vurğuladığını və itkin şəxslərlə bağlı məsələlərin daha institusional mexanizmlər əsasında həlli müzakirə olunur".

Komitə sədrinin müavini Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın açıqlamasına da diqqət çəkib:

"Alen Simonyan Bakı tərəfindən bu problemlə bağlı işçi layihənin təqdim edildiyini, İrəvanın da öz təkliflərini irəli sürməsinin gözlənildiyini bildirib. Bu, məsələnin beynəlxalq müstəvidə müzakirəsi və konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından diqqətəlayiqdir".

Parlamentati hesab edir ki, bundan sonrakı mərhələdə əsas diqqət bəyanatlardan konkret nəticələrə keçidə yönəlməlidir:

"Ermənistan tərəfi əlində olan bütün məlumatları, o cümlədən arxiv sənədlərini, əsirlikdə saxlanılan şəxslərlə bağlı qeydləri və dəfn yerlərinin koordinatlarını təqdim etməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsi və İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya kimi qurumların bu prosesdə iştirakı da vacibdir".

O vurğulayıb ki, itkin düşmüş şəxslərin taleyi siyasi mübahisələrin və qarşılıqlı ittihamların predmetinə çevrilməməlidir:

"Burada söhbət minlərlə insanın taleyindən, ailələrin həqiqəti bilmək hüququndan gedir. Hər bir itkin şəxsin taleyinə aydınlıq gətirilməsi həm humanitar məsuliyyətin yerinə yetirilməsi, həm də Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...