Modern.az

Salyanda Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə baxış keçirilib 

Salyanda Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə baxış keçirilib 

Aktual

Bu gün, 14:03

Salyan rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində görülən işlərlə yerində tanışlıq olub.

Modern.az xəbər verir ki, noyabrın 17-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov və Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev rayonun üç iri fermer təsərrüfatına baş çəkiblər.

Səfər çərçivəsində "ŞİRVAN POULTRY KOMPANY" MMC, "İlkin-N" MMC və "SN KFT" MMC-nin fəaliyyəti, istehsal prosesləri, tətbiq olunan texnologiyalar, mövcud infrastruktur və inkişaf perspektivləri ilə tanışlıq olub.

Təsərrüfatlara baxış zamanı kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və mövcud resurslardan səmərəli istifadə istiqamətində görülən işlər nəzərdən keçirilib. Müəssisələrin fəaliyyəti ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

Daha sonra Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə bağlı yaradılmış Qərargahın üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə çıxış edən RİH başçısı Rüstəm Xəlilov ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, Salyan rayonunun kənd təsərrüfatı sahəsində böyük potensialı var. Bu imkanlardan məqsədyönlü istifadə rayonun iqtisadi inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yerli istehsalın genişləndirilməsinə mühüm töhfə verə bilər.

Rüstəm Xəlilov aqrar sahədə innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin, fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının, həmçinin istehsal və emal proseslərinin müasir tələblərə uyğun təşkilinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov Dövlət Proqramının məqsəd və əsas istiqamətləri barədə məlumat verib.

O, aqrar sahədə müasir texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal həcmi və məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də istehsal və emal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsinin proqramın icrasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr, rayonun aqrar sektorunda mövcud vəziyyət və inkişaf imkanları, fermer və sahibkarların qarşılaşdıqları çətinliklər, eləcə də kənd təsərrüfatı sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Fermer və sahibkarların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər diqqətə çatdırılıb. Səsləndirilən problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahatlar verilib və məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Sonda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini və aqrar sahədə həyata keçirilən təşviq tədbirlərini yüksək qiymətləndiriblər. Onlar yaradılmış imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və Dövlət Proqramında müəyyən edilmiş məqsəd və hədəflərin reallaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Canlıda gərgin müzakirə! Fazil Mustafa kritik sualları cavablayır...