Modern.az

Prezident təqaüdçüsü: “Kəlbəcər azad olunanda dərslərimə daha böyük səylə hazırlaşdım”

Prezident təqaüdçüsü: “Kəlbəcər azad olunanda dərslərimə daha böyük səylə hazırlaşdım”

25 Noyabr 2021, 10:20

Elçin Bayramov Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsidir. O, buraxılış və qəbul imtahanlarında ümumilikdə 660,6 bal toplayıb. Prezident İlham Əliyevin “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamı ilə BANM-in Prezident təqaüdünə layiq görülmüş 33 tələbəsindən biridir.

 

Elçinin valideynləri Kəlbəcər rayonundan məcburi köçkün düşüblər. Onlar Kəlbəcər rayonu işğal edildikdən sonra Bakı şəhəri Suraxanı rayonunda məskunlaşıblar. Elçin Bayramov 2010-cu ildə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu Aşıq Şəmşir adına 12 saylı tam  orta məktəbdə təhsilə başlayıb. X sinifdən orta təhsilini  Kəlbəcər rayonu 108 saylı orta məktəbdə davam etdirib.

 

- Kəlbəcər artıq bir ildir ki, düşməndən azad olunub. Doğma torpağın işğaldan azad edilməsi sizə hansı hisslər yaşatdı? Valideynləriniz Kəlbəcər haqqında hansı xatirələrini bölüşüblər?  

 

-Mənim hər iki valideynim Kəlbəcər rayonunun İlyaslar kəndindəndir. Onlar bu kəndin səfalı guşələrindən, gözəl təbiətindən tez-tez danışırlar. Mən o torpaqları görməsəm də, evimizdə daim kəndimiz barədə söhbətlər olub. Bütün bunlar mənə sanki orada yaşamışam hissini verib. Kəlbəcərin işğaldan azad olunması hər bir kəlbəcərliyə böyük sevinc bəxş etdi. Doğma Kəlbəcərin düşmən tapdağından qurtulması tarixinə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Həm Kəlbəcərdən, həm də digər işğal altındakı hər bir qarış torpaqdan düşmənin qovulması insana qürurverici hisslər yaşatdı. Bu mənə dərslərimə də daha böyük səylə hazırlaşmağıma imkan verdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti  bizə bu günləri görməyi nəsib etdi. Mənim ailəm də, mən də Kəlbəcərə gedəcəyimiz günü həsrətlə gözləyirik. 

 

-Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı? 

 

- Bakı Ali Neft Məktəbində II ixtisas qrupunun açılması xəbərindən sonra müəllimlərim təkidlə bu Ali Məktəbi tövsiyə edirdilər. Onlar bildirirdilər ki, ən yüksək keyfiyyətli təhsilə malik ali təhsil ocağı Bakı Ali Neft Məktəbidir. Mənə deyirdilər ki, gələcəyini yaxşı qurmaq, inkişaf etmək istəyirsənsə, Bakı Ali Neft Məktəbi böyük perspektivə malik yerdir. Müəllimlərimin məsləhətindən sonra internetdə araşdırmalar apardım, burada təhsil alan tələbələrlə, məzunlarla söhbət etdim və çox bəyəndim. Bütün bunlar mənə tərəddüd etmədən BANM-i seçməyimə vəsilə oldu.

 

-Biznesin idarə edilməsi ixtisasına marağınız haradan idi?

 

-Biznes sahəsində təhsil almaq istəyim əvvəldən olub.  Bu sahəyə böyük marağım var idi.Mənim atam da bizneslə məşğuldur. Bu sahəyə ilk marağımı da atam yaradıb. Bu sahə elə sahədir ki, hər zaman ona ehtiyac var. Böyük perspektiv tələb edən sahədir. Ona görə də bu ixtisasda təhsil almaq arzulamışam.

 

-İmtahanlara necə hazırlaşırdınız?

 

- Mən aşağı siniflərdən həmişə dərslərimə yüksək səviyyədə hazırlaşmışam. Bu, mənə ali məktəbə hazırlaşarkən böyük kömək edib. Yüksək nəticə əldə etməyimin əsas amillərindən biri də budur. Bundan başqa, dərslərimə çox sistemli şəkildə çalışmışam. Proqramımı düzgün bölürdüm. Bunlar hər biri yüksək bal toplamağıma səbəb oldu.

 

-Gələcək hədəfləriniz nələrdir?

 

-Bakı Ali Neft Məktəbini yüksək göstəricilərlə bitirdikdən sonra magistr səviyyəsində təhsilimi davam etdirmək niyyətindəyəm. Bu yaxınlarda BANM ilə İsveçrənin UBIS Universiteti arasında birgə MBA proqramı barədə Əmədaşlıq müqaviləsi imzalanmışdı. Bu proqramda təhsil almaq istəyərdim.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?