Modern.az

Nazir Azad Rəhimov ANS-i məhkəməyə verməkdən vaz keçdi: “Biz sülh tərəfdarıyıq!”

Nazir Azad Rəhimov ANS-i məhkəməyə verməkdən vaz keçdi: “Biz sülh tərəfdarıyıq!”

28 Aprel 2014, 11:55

“Nazir Azad Rəhimova Gənclər və İdman Nazirliyində korrupsiya ittihamları və ANS-lə bağlı sual verilib. Azad Rəhimov da bildirib ki, son mətbuat konfransından sonra, yəni elə həmin gün axşam ANS kanalı Hesablama Palatasının təkzib məlumatını efirdə səsləndirib.

Təkzib məlumatı veriləndən sonra artıq yenidən ANS-lə məhkəmə çəkişməsinə getməyin heç bir əsası, heç bir məna qalmayıb”. Bunu Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Mətbuat katibi ANS efirində “Hesabat” proqramının aparıcısı Mir Şahinin nazir A. Rəhimova ünvanladığı suallarla bağlı bu cavabı verib: “Hələ son mətbuat konfransında nazir Azad Rəhimov qeyd etdi ki, Sabirabadda Olimpiya Kompleksinin inşasına, bir sıra saytların qeyd etdiyi kimi, 837 min yox, 8 milyon 330 min məbləğində vəsait xərclənib. Bu tamamilə fərqli-fərqli rəqəmlərdir. Bakı-2015 Olimpiya Oyunların hazırlıq getdiyi bir vaxtda nazirlik üçün üçün ən önəmli məqam bu cür iddialara əhəmiyyət verməyib bütün diqqəti Oyunların yüksək səviyyədə hazırlanmasına yönəltməkdir. Nəinki hansısa xoşagəlməz problemlə məşğul olmaq. Azad Rəhimov dəfələrlə qeyd edib ki, bu reallığı əks etdirən faktlar deyil".

Qeyd edək ki, bir müddət əvvəl ANS kanalında Gənclər və İdman Nazirliyində korrupsiyaya dair iddialar səslənmişdi. Dünənsə “Hesabat” proqramında aparıcı Mirşahin nazir Azad Rəhimova 4 sual ünvanlayıb:

1. Azad müəllim, sizin Olimpiya Komplekslərinin inşası zamanı maliyyə pozuntularına yol verdiyinizi deyirlər. Real xərclər və ayrılmış vəsaitlər barədə təfərrüatlı hesabatı hardan əldə edə bilərik?

2. Cənab nazir, bu Olimpiya Komplekslərinin qiymət fərqi sıçrayışla dəyişir. Niyə bir rayonda tutaq ki, 1 milyon AZN-ə başa gələn kompleks başqa bir və təxminən eyni statusda olan rayonda 12 milyon AZN-ə başa gəlir?

3. Nazir dövlət məmurudur və onun bizneslə məşğul olması qanunla yol verilməz hesab edilir. Doğrudanmı siz bizneslə məşğulsunuz və əgər belə deyilsə, bunu niyə təkzib etmirsiniz?

4. Azad müəllim! Sizi ANS-i məhkəməyə verməklə bağlı anons verdiniz. Bu təbii ki, hər bir vətəndaş kimi sizin də hüququnuzdur. Amma Türkiyə mətbuatında dərc edilmiş çox sərt və ifşaedici, “Rəhimov Azad Ticarət zonası” məqaləsinə heç reaksiya belə vermədiniz. Yeri gəlmişkən məqalədə yazılanlar nə qədər doğrudur?

 

 

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub