
Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini bu dəfə Lerikdən olan KİV nümayəndələrini danışdırmaqla davam etdirib. Lerikdə doğulan jurnalistlər rayonun iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə bizə danışdılar.
“Rayonda ən böyük problem kasıbçılqdır”
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov deyib ki, Lerik rayonu Azərbaycanın cənubunda ucqar rayondur və anadan olduğu kənd dəniz səviyyəsindən 1700-1800 metr hündürlükdə yerləşir. İlin bu vaxtı orada çox soyuqdur:
“Son illər rayonun sosial iqtisadi inkişaf göstəricilərində gözlənilən nəticələr nəzərə çarpmır. Sovet hakimiyyəti dövründə rayonun infrastrukturu yaradılmış, üzümçülük inkişaf etdirilimişdi. Mənim anadan olduğum Soru kəndi və ondan aşağıda olan Əliabad, Nüvədi və başqa kəndlərdə şərab zavodu var idi. İnsanlar üçün də iş yeri mövcud idi. Bundan əlavə, fermalar da insanlara dolanmaq üçün şərait yaradılırdı. Sovet sistemi dağılandan sonra bütün təsərrüfat dağıdıldı və şərab zavodunun bütün dəmirlərini metal kimi İrana satdılar. Qısa müddətdə üzümlüklər də məhv edildi. Bir sözlə, sovet hökümətinin bölgə üçün miras qoyduğu infrastruktur hamısı məhv edildi. Bununla da rayondan köç başladı. İnsanlar artıq dolana bilmədilər və rayonu tərk edib başqa yerlərdə işləməyə getdilər”.
İ.Abbasov rayon mərkəzinin, xüsusilə də icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının qərargahı, Mərkəzi xəstəxana yerləşən yerin abadlaşdırıldığını deyib:
“Çox gözəl park tikilib, parkda qəşəng, rəngli fəvvarə quraşdırılıb, Heydər Əliyev mərkəzi tikilib və s.
Lerikin mərkəzində abadlıq quruculuq işləri aparılsa da, kəndlərin yolları bərbad vəziyyətdədir. Məsələn, anadan olduğum Soru kəndinə hələ yayda öz maşınımla gedəndə əziyyət çəkdim, indi təsəvvür edin, qışda orda vəziyyət necə olar?” deyə həmkarımız əlavə edib.
İdrak Abbasovun sözlərinə görə, rayonda bu gün də mövcud olan su problemi hələ sovet dövründən qalma problemdir:
“Əvvəllər də kəndimizdə su olmurdu. Ya əllə, ya da ulaqla uzaq məsafədən içməli su gətirirdik. Uzun müddət keçməsinə və Azərbaycanın başqa sahələrdə inkişaf etməsinə baxmayaraq, mənim kəndimdə hələ də su problemi qalır. İnsanlar yenə də əziyyət çəkərək özlərinə içməli si daşıyırlar.
Yol, su problemindən başqa, elektrik xətlərində də problemlər mövcuddur. Axırıncı dəfə 70-80-ci illərdə rayonumuz elektrikləşdirilib. İndi həmin ağac dirəklər çürüyüb, onların üstündə olan naqillər korroziyaya uğrayıb. Bir balaca külək əsən kimi problem yaranır.
Lerik dağ rayonu olduğu üçün burada saxlananılan heyvanlar cır cinslər olurlar. Bunun səbəbi rayonda geniş örüş sahələrinin olmaması ilə bağlıdır.
Kəndli bu heyvanları da özünə ağartı əldə etmək üçün saxlayır. Heyvanı meşədə saxlaya bilməz, çünki canavar həmin dəqiqə parçalayar. Heyvandarlığın inkişaf etdirilməsi üçün imkan olmasa da, torpaq sahələri var və o torpaqlarda kənd təsərrüfatını inkişaf etdirmək olar. Amma bunun üçün su yoxdur. Kəndin yaxınlığından çay keçir və heç də böyük olmayan vəsaitlə kəndə oradan su çəkmək olar, amma bunu da edən yoxdur. Kənddən çıxan imkanlı insanlar olsa da, əksəriyyəti təəssüf ki, bu problemə laqeyd yanaşır”.
İ.Abbasov rayonun qaz probleminə də toxunub. “Qaz kəməri düz kəndimizin üstündən keçir, amma kəndlərin mavi yanacağı yoxdur. Qaz ancaq rayon mərkəzinə verilir. Mavi yanacağın qiyməti də o qədər bahalıdır ki, insanlar meşələri qırıb gətirib yandırırlar”.
İdrak Abbasov bildirib ki, rayonda işləyənlər ancaq büdcə təşkilatlarında çalışanlardır: “İşsizlər də sosial yardımın ancaq altı ayını alırlar, altı ayını da rayon sosial təminat şöbəsi alır. Korrupsiya, rüşvət, insanları o gözəl guşədən küsdürmək, Lerikdə bunlar da var”.
Həmkarımız Lerikdə təhsilin səviyyəsindən də danışıb: “Rayonda təhsilin səviyyəsi son illər düşüb. Son illər bizim məktəbdən kiminsə ali məktəbə qəbul olduğunu eşitməmişəm. Sovet dövründə heç Bakının kəndləri və mərkəzi məktəblərində kompüter otağı olmayanda bizim kəndin məktəbində o dövr üçün müasir olan İBM kompüterləri quraşdırılmışdı. Rus dili dərsini biz projekturla keçirdik. Gözəl kimya otağımız və laboratoriyamız var idi. Məktəb bütün avadanlıqlarla təmin olunmuşdu. Ən əsası məktəb binamız təmirli və yaxşı vəziyyətdə idi. Amma son dəfə mən məktəbə gedəndə oranı tanımadım. Sanki tövləyə oxşayırdı. Partalar bizim vaxtımızdan qalma, siniq-sökük, bərbad vəziyyətdə idi”.
Jurnalistin fikrincə kasıbçılıq rayonda ən böyük problemdir: “Kasıbın heç nəyi olmasa da, uşağı çox olur. Savadsız, düşüncəsiz insanlardır, uşaqların taleyi haqqında o qədər də düşünmürlər. Sovet dövründə çoxuşaqlı ailələrə güzəştlər verilirdi və hökumət uşağın böyüməsində kömək edirdi, amma indi bu yoxdur. Buna baxmayaraq, hələ də ailələrdə uşaqların sayı çoxdur. Ailə var ki, 10 uşağı var və ondan iki-üçünü kasıbçılığa görə məktəbə göndərə bilmir, əyin-baş ala bilmir. Kitabları məktəb versə də, əlavə vəsaitləri uşaq üçün ailə ala bilmir və nəticə də kütləvi savadsızlaşma gedir. Bununla da dövlətə xeyir əvəzinə, ziyan vururlar”.
İdrak Abbasovun sözlərinə görə, bir rayonda problem varsa, elə o problemin başında duran İcra Hakimiyyətidir: “İcra hakimiyyəti yaxşı işləsə, rayonda problem olmaz. Guya icra başçısı bilmir ki, Lerikdə su problemi var? Problem həll olunmursa və problem barədə başçı deyirsə “mənim xəbərim yoxdur”, yalan deyir. İnsanlar da bununla bağlı dəfələrlə şikayət ediblər. Rayonun inkişafı yalnız Heydr Əliyev parkını tikmək, orda rəngli fontan inşa etməklə bitməməlidir. Rayonun ucqar kəndinə kimi onun su problemi həll edliməlidir ki, rayon inkişaf etsin.
Lerikdə uzun illər Miri Qəmbərov millət vəkili olub. Əvvəllər olduğu kimi, son dəfə də Lerikdə saxta seçimlər oldu. İnsanlara öz seçimlərini etmək imkanı verilmədi. Əgər insanlar adi bələdiyyəni özləri seçə bilmirlərsə, mən deputat haqqında nə deyə bilərəm. İnanmıram ki, insanların serçmədiyi bir şəxs gedib onların problemləri ilə maraqlansın və ya su çəksin, mən buna inanmıram”.
“Müəllimlərin adına dərs yazılır, özləri isə Bakıda çalışırlar”
“Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Xudaşov bildirib ki, Azərbaycanın bütün rayonları üçün xas olan bir sıra problemlər Lerikdə də var: “Lerikdə ucqar rayonlar kimi infrastruktur problemi daha qabarıq özünü göstərir. Rayon mərkəzinə gedən şosse yol çəkilsə də, Lerikdə irili-xırdalı 161 kəndi bir-biri ilə əlaqələndirən yollar, o cümlədən rayon mərkəzi ilə birləşdirən yollar bərbad vəziyyətdədir. Rayon mərkəzinə Prezident və ya digər rəsmilər gələndə görürlər ki, bu yol yaxşıdır və 2005-ci ildə təmir olunub. Amma kəndarası yollara diqqət ayrılmır”.
Jurnalistin sözlərinə görə, rayon mərkəzinə qaz xətləri çəkilsə də, kəndlərin qazlaşdırılması çox zəifdir: “Anadan olduğum Ordahan kəndinə 2008-ci ilin mayında qaz xətləri çəkilib, o cümlədən abonentlər üçün sayğaclar da qoyulub. Amma nədənsə hələ də kəndə mavi yanacaq verilmir.
Rayonda işığın verilməsi ədalət naminə indi yaxşıdır. Bir neçə ildir ki, elektrik enerjisi fasiləsiz verilir”.
Həmkarımızın sözlərinə görə, rayonun digər problemi işsizliklə bağlıdır: “Bu, bütün rayonlarda var. Potensial imkanlar Lerikdə çoxdur. Turizmin inkişafı üçün yaxşı imkanlar var. Bundan əlavə, bir sıra xidmət sahələrinin inkişafına şərait yaradılsa, çox yaxşı olar. Amma infrastruktur olmasa, heç vaxt sərmayə də yatırılmayacaq. Gərək normal yollar olsun ki, ora sərmayə qoyulsun, iş yerləri açılsın.
Mineral sularla zəngin olan Larikdə bu sahəni də inkişaf etdirmək üçün potensial var”.
Bundan əlavə o bildirib ki, Azərbaycanda meşə massivləri xeyli azdır: “Zəngin meşələr ancaq Zaqatala, Laçın, Lerikdə olan meşələrdir.
Amma bu meşələr çox amansızcasına məhv edilir və ağaclar parket düzəldilməsi üçün müxtəlif yerlərə daşınır. Yolqırağı, əsas mağistral yolların ətrafındakı meşələrə əl vurulmur. Belə başa düşülür ki, guya, Lerikdə meşələr məhv edilmir. Yoldan kənar ərazilərdə isə əksinə, meşələr qırılır, o cümlədən qaz təchizatının olmaması səbəbindən ciddi şəkildə meşələrin məhv olması baş verir. Bu da arzuolunmaz ekoloji problemlərə gətirib çıxaracaq”.
Vidadi Xudaşov Lerikin təhsil və səhiyyə sistemindən danışarkən deyib ki, rayon Mərkəzi xəstəxanası dövlət hesabına əsaslı təmir olunub, istismara verilib.
“Amma keçən yay bir hadisə oldu. Belə ki, Əliabad kəndiundə bir uşaq əlini yandırıb və təcili Mərkəzi xəstəxanaya aparıbılar, amma orada dərman tapmayıblar ki, uşağın yarasına vursunlar. Axırda məcbur olub gecəynən həmin uşağı paytaxt xəstəxanalarının birinə gətiriblər. Bu da yeni xəstəxananın vəziyyəti”.
Jurnalist təhsildə də vəziyyətin elə ürəkaçan olmadığı qənaətindədir.
“Çünki kadr çatışmazlığı üzündən bir müəllim iki-üç fənn üzrə dərs deyir. Kəndlərin əksəriyyətində dərs formal xarakter daşıyır. Məktəbdə müəllimin adı gedir, amma özü Bakıda başqa işlərlə məşğuldur. Dərsləri direktorla bölür və pulunu alır. Uşaqlar ancaq öz fərdi qabiliyyətləri və repetitorların hesabına ali təhsil ocaqlarına qəbul olurlar”.
Jurnalistin sözlərinə görə, rayonda əhali fərdi təsərrüfatçılıq- heyvandarlıqla məşğul olur: “Əhali kifayət qədər işgüzardır. Öz fərdi təsərrüfatlarında əkin-biçin etməklə, bağ sahələrini becərməklə məşğuldurlar. Bu da yetərli deyil, ona görə ki, Lerikdə infrasrtruktrun lazımi səviyyədə olmaması istehsal olunan kənd təsərrüfatı məhsulunun rahat bazara çıxarılması və satılması üçün imkan verimir”.
Vidadi Xudaşov onu da bildirib ki, icra başçısı əhalinin problemləri ilə məşğul olmur, hətta gec-gec ictimaiyyət arasına çıxır: “Əvvəlkindən də betər vəziyyət yaranıb. Bütün işlər rayonun icra başçısının müavini Cəlil müəllimə tapşırılıb. İcra başçısının ictimaiyyət arasına çıxması, problemlərlə maraqlanması kimi hallar müşahidə olunmur. Əsasən birinci müavin işləri həll edir.
Rayondan deputat təzə seçildiyi üçün onun seçiciləri ilə necə maraqlandığını tam dəqiq deyə bilmərəm.
İqbal Məmmədovun ictimaiyyət arasında hörməti var”.
“Lerik ekoloji cəhətdən kliniki ölüm keçirir…”
Köşə yazarı Nabatəli Qulamoğlu bildirib ki, Lerik ucqar dağ rayonu olduğundan orada həyat şəraiti hər zaman, hətta sovet hakimiyyəti illərində də çətin olub: “Bizim ölkənin mərkəzində, mərkəzə yaxın yerlərdə müqayisə ilə götürsək, 70-80-ci illərdən bəri xeyli müsbətə doğru dəyişiklik gedib və bu həyatın fəlsəfəsidir. Amma Lerikdə bu həyat fəlsəfəsi tərsinə olub. Əvvəllər rayonla kəndləri birləşdirən yollar normal idisə, insanlar hər gün mərkəzə gedib-gələ bilirdilərsə, indi bu, mümkün deyil. Yağış yağan kimi rayon mərkəzi ilə kəndlər arasında əlaqə kəsilir”.
Köşə yazarının fikrincə, rayonda əhalinin dolanışığı üçün kifayət qədər imkanlar yoxdur: “Burada əsas maldarlıq və əkinçilikdir. Əkinçilik üçün o qədər də geniş imkanlar yoxdur. Çünki suvarma imkanları yoxdur. Əkin sahələri Allahın ümidinə qalır. İnsanlar əkdiyi toxumu da itirirlər. Maldarlıq üçün də geniş imkanlar yoxdur. Lerikdə əhali büdcə təşkilatlarında işləmək və sosial yardım almaqla dolanır. Əhalinin yaşayışı üçün minimum şərait yoxdur”.
N.Qulamoğlu Lerikin qaz, işıq problemlərindən də danışıb: “Yüksək gərginlikli kabellər dirəklər vasitəsilə aparılır. Lerik dağ rayonu olduğu üçün güclü külək əsəndə insanlar günlərlə işıqsız qalır. Amma normal havada elektrik enerjisindən istifadə yaxşıdır. Elektrik xətlərinin oğurlanması halları tamamən aradan qaldırılıb.
Elektrik enerjisindən fərqli olaraq, Lerikdə qaz yoxdur. Mərkəzdə mavi yanacaq olmasına baxmayaraq, kəndlərin heç biri qazlaşdırlmayıb. Rayon ekoloji cəhətdən tamamilə kliniki ölüm keçirir. Lerikdə bütün meşələr məhv olub gedir. Əgər Lerikin qazlaşdırılması dövlət səviyyəsində aparılmasa, 5 ildən sonra burada bir dənə də ağac qalmayacaq. Lerik indi Muğan düzünə oxşayır.
Vaxtilə Lerikdə çoxlu savadlı insanlar olub. Ümumiyyətlə, Lerik camaatı kasıb adamlardır və kasıblar da kitaba vurğun olurlar. Elə vaxtlar olub ki, 10-cu sinfi bitirən şagirdlərin hamısı ali məktəbə daxil olublar.
İndi Lerikdə məzun qızların 8-9 faizi sənəd qəbulunda iştirak edirlər. Bu çox acınacaqlı haldır. Qəbul imtahanlarında iştirak etməyənlərin də sayı çoxdur. Bu da onunla bağlıdır ki, əhali birinci növbədə dolanışığını düşünür, camaat fikirləşir ki, uşağı əməyə cəlb etsin. Nəticədə uşaq oxumaq əvəzinə, əməklə məşğuldur. Oxumaq ikinci planda olur.
Çox təəssüf ki, təhsilə pul qoyulmur, buna görə də təbii ki, bilik də meydanda yoxdur. Məktəblərdə kompüterlər quraşdırılsa da, inanmıram ki, məktəblərdə bir şagird kompüterin necə açılıb-bağlanıldığını bilsin”.
Nabatəli Qulamoğlunun fikrincə, səhiyyə sahəsində də problemlər mövcuddur: “Təhsildə olan rüşvətxorluq səhiyyədə də var. Bilirəm ki, insanlar öz cibinin pulu ilə müalicə olunurlar. Düzdür, kənd həkimləri insanlarla sıx əlaqədə olur, hətta imkansızlara öz ciblərindən kömək edirlər. Dövlətdən gələn kömək rayonda bölüşdürülür, orada da yox olub gedir”.
Köşə yazarı bildirib ki, Lerikdə olduğu vaxt insanlar ona rayona hələ belə ağıllı icra başçısı gəlmədiyini deyib.
“İnsanlar gəlib icra başçısına şikayət edirlər, amma onun əlindən heç bir iş gəlmir, çünki maddi cəhətdən gücü çatmır. Onlara da göstərişlər yuxarıdan gəlir. Əhalinin problemləri bir yana qalır, onlara isə bunun əksinə tamam başqa göstərişlər verirlər”.
N.Qulamoğlu bildirib ki, “rayondan seçilən deputat İqbal Məmmədov özü bizneslə məşğuldur. Onu deyə bilərəm ki, İqbal müəllim xalq üçün heç nə edə bilməz. O sadəcə olaraq bir fiqurdur”.
“Sadə bir yaranı sarğı etdirmək, diş çəkdirmək üçün rayon mərkəzinə getməlisən...”
Modern.az saytının əməkdaşı Mail Ağaxanov bildirib ki, Lerik dağ rayonu olduğu üçün bir sıra qayğılardan kənardır. Onun sözlərinə görə, Lənkarandan Lerikə qədər olan 50 kilometrlik yol əvvəllər çox bərbad vəziyyətdə idi:
“2003-2004-cü illərdə həmin yol tamamilə yenidən quruldu. Mənim doğulduğum Vistən kəndi rayondan 15 km aralıqda yerləşir və 40-cı km məntəqəsindən Şingədulan kəndinə qədər olan bu yol çox bərbad vəziyyətdədir. Lerikin bir sıra kəndləri bu uzun yolun kənarında yerləşir. Bu yol axırıncı dəfə deyilənlərə görə, ötən əsrin 80-ci illərində, sovetin dövründə təmir olunub. Bununla bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, yolun təmiri hələki dövlət proqramına salınmayıb”.
M.Ağaxanovun sözlərinə görə, Lerik camaatı əsasən əkinçilik və maldarlıqla məşğuldur: “Rayonda elə bir zavod, fabrik yoxdur. İnsanların yaşayış səviyyəsi çox aşağıdır. Yerli camaat ünvanlı sosial yardımı almaqda da problemlərlə üzləşir. Ünvanlı yardımı düzəltmək üçün müraciət edən vətəndaşlara ərazi icra nümayəndələri bildirirlər ki, “biz yardımı düzəldirik, bu şərtlə ki, birinci 6 ayın pulunu mən götürüm, qalanı sənin olsun”.
Həmkarımız doğulduğu rayonun qaz, işıq problemlərindən də danışıb: “Rayona çəkilən qaz ancaq rayon mərkəzinə və rayona yaxın olan Cəngəmiran kəndinə verilib, yerdə qalan kəndlərin heç birinə qaz verilməyib. Lerikdə işıq əvvəlki illərə nisbətən indi yaxşıdır”.
Jurnalistin fikrincə, Lerikdə təhsilin səviyyəsi də o qədər ürəkaçan deyil: “Rayonun mərkəzində və 3-4 kəndində tikilən yeni məktəbləri çıxmaq şərti ilə yerdə qalan bütün məktəblər çox bərbad vəziyyətdədir. Məktəblərin bərbad vəziyyətdə olması ilə yanaşı, müəllim çatışmazlığı da mövcüddur. Rayonun əksər dağ kəndlərində 2-3 fənni bir müəllim tədris edir”.
Mail Ağaxanov onu da deyib ki, Lerikdə digər sahələr kimi səhiyyədə də çox acınacaqlı vəziyyət mövcuddur: “2010-cu ildə rayon mərkəzində istifadəyə verilən Mərkəzi xəstəxana fəaliyyət göstərir. Ancaq kəndlərdə vəziyyət heç də yaxşı deyil. Yolların yaxşı vəziyyətdə olmaması camaatın rayonun mərkəzinə gediş-gəlişinə əngəl olur. Kəndlərdə tibb məntəqələri yox səviyyəsindədir. Sadə bir yaranı sarğı etdirmək, ya da dişi çəkdirmək üçün mütləq rayonun mərkəzinə getməlisən”.
Həmkarımız digər rayonlardakı kimi Lerikdə də iş yerlərinin olmadığını bildirib: “Lerikdə iş yerlərinə gəldikdə isə daimi iş yeri yoxdu. Son zamanlar rayonun mərkəzinə çatmamış, Lerik-Lənkəran yolu boyunca açılan istirahət mərkəzlərində xeyli adam işləyir. Rayonda iş olmadığı üçün cavanların çox Bakı şəhərinə, yaxud da xarici ölkələrə, əsasən də Rusiyaya işləməyə gedirlər”.
M.Ağaxanov icra başçısının əhalinin problemləri ilə marağlandığının şahidi olmadığını deyib: “Mən onun şahidi olmamışam ki, icra başçısı hansısa kəndə getsin. Təkcə 2009-cu ildəki bələdiyyə seçkilərində olan narazılığa görə bircə dəfə Vistən kəndinə gəlib. O, kəndimizə gələndə öz çıxışında bildirdi ki, “mən neçə ildi ki, Lerikə icra başçısı təyin olunmuşam, hələ indiyə kimi heç bir kəndə getməmişəm. Birinci Vistənə gəlmişəm”. Bu da camaatın etirazından sonra olmuşdu”.
Əməkdaşımız rayondan seçilən deputat barədə də danışıb: “İqbal Məmmədov hələ təzədir. Miri Qəmbərov deputat olan vaxt seçkiqabağı vaxtı çıxmaq şərti ilə heç görmədim ki, o, bircə dəfə hansısa kəndə getsin, seçiciləri ilə görüş keçirsin, onların problemləri ilə maraqlansın. İqbal Məmmədov deputat olmaya-olmaya bizim kəndimizdə 7-8 il bundan əvvəl öz vəsaiti ilə körpü tikdirib, bir sıra xeyirxah işlər görüb. Ümid edirik ki, təzə deputatımız camaatın hər bir problemi ilə yaxından tanış olacaq”.
“Bu gedişlə Lerik boşalacaq …”
“Üç nöqtə” qəzetinin əməkdaşı Əfsun İraclı bildirib ki, Lerik ucqar dağ rayonudur və “Gözdən uzaq, könüldən iraq” deyimində vurğulandığı ki, paytaxtdan çox uzaqda qərar tutan bu ucqar dağ rayonu uzun müddət diqqətdən kənarda qalıb: “Düzdür, indi rayonda müəyyən dəyişikliklərin şahidi oluruq. Ancaq bu dəyişikliklər necə deyərlər, digər şəhər və rayonlar kimi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na uyğun olaraq həyata keçirilən abadlıq və quruculuq işlərində özünü göstərir. Rayonun mərkəzi yolları genişləndirilib, səkilər və binaların fasadları ağardılıb”.
“Hər halda bu dəyişikliklər sadə leriklinin həyat səviyyəsinə, yaşayış tərzinə təsir etməyib” deyən Ə.İraclı qeyd edib ki, rayon əhalisinin ən böyük problemi işsizliklə bağlıdır: “Rayonumuz iqtisadi-coğrafi mövqeyinə görə kənd təsərrüfatı rayonudur. Sovet dövründə rayonun demək olar ki, bütün kəndlərində salınan üzüm plantasiyaları, yetişdirilən üzüm sortları sözün əsl mənasında ölkəyə səs salırdı. Kənd adamları özlərinə əsl məşğuliyyət tapmışdılar. Ancaq indi o üzüm sahələrindən ancaq şirin xatirələr qalıb. Hamısı məhv edilib. İndi cavanlar ailələrinə çörəkpulu qazanmaq üçün Rusiyaya, orta yaşlı insanlar da yaz-yay qonşu Muğan-Mil rayonlarına pambıq, soğan əkin-biçininə gedirlər. Elə kəndlər var ki, orada bir nəfər cavan adama rast gəlmək olmur. Kəndlərimiz tədricən boşalır. Ağsaqqalların da narahatçılığı, elə ondan ibarətdir ki, bu gedişlə kəndlər təmiz boşalacaq”.
Həmkarımızın sözlərinə görə, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun fəaliyyəti sözün əsil mənasında indiyə qədər həmin rayona göndərilən rəhbərlərdən fərqlənir: “Onun rayonda gördüyü işləri qeyd etmək lazımdır. Xüsusən, rayon mərkəzinə (kəndlərdə qaz yoxdur) qazın verilməsi, bütün rayon ərazisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması (doğurdan sovetin ən bərk gedən vaxtlarında kəndlərdə yalnız axşam saatlarında evlərdə işıq olardı. Artıq ən ucqar kəndlərdə fasiləsiz elektrik enerjisi var), bəzi kəndlərə su kəmərlərinin çəkilməsi onun adı ilə bağlıdır”.
Əfsun İraclının fikrincə, bütün bunlar problemin tam həlli demək deyil: “Lerik kəndlərində qazın olmaması meşələrin məhvinə səbəb olub. Demək olar ki, elə kəndlər var ki, orada əvvəlki sıx meşələrdən əsər-əlamət qalmayıb. Elə kəndlər var ki, vətəndaşların əkib-biçinlə məşğul olmağa torpaq sahələri yoxdur. Bəli, rayonda illərlə yığılıb, həll olunmayan problemlər çoxdur. Onlar vaxtında həll edilməli idi. Təəssüf!”.
Sonda Əfsun İraclı rayondan seçilən deputat barədə də danışıb: “Rayonumuzu parlamentdə təmsil edən millət vəkili İqbal Məmmədova gəldikdə, deyə bilərəm ki, o yeni seçilib. Əvvəlcədən barəsində nəsə söyləmək çətindir. Bundan öncə olan «hörmətli» millət vəkilimiz Miri Qəmbərov yalnız seçki kampaniyaları zamanı rayonda görünüb. Ondan sonra ötən 5 illiklərdə bu şəxsi Lerikdə görən seçici çətin tapılardı. Görünür, verdiyi sözə əməl etmədiyi üçün seçicisinin qarşısına çıxmağa üzü olmayıb. İndiki millət vəkilindən hələki gözlənti böyükdür. Hər halda ümid edirik ki, verdiyi sözü tutmağa çalışar. İnşallah, yaşayarıq, görərik”.
Aytən ƏLİYEVA