
Modern.az internet portalının 15 aprel 2011-ci il tarixli (//modern.az/articles/12973/1/) səhifəsində “Deputat dövlət qulluğuna qəbulda şəffaflıq və “yaş senzurası” təklif edir” başlıqlı yazıda Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqə və müsahibələr barədə bəzi tənqidi fikirləri yer alıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Modern.az-a göndərilən məktubda deputata cavab verilib, “Elmira xanımın yazıda söylədiyi fikirlərin heç bir əsası yoxdur” deyə bildirilib. Komissiyanın cavabını olduğu kimi dərc edirik. Cavab məktubunda aşağıdakılar bildirilib:
- Birincisi, yazıda göstərilir ki, Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqələrin müsahibə mərhələsi qeyri-obyektiv təşkil edilir və seçimlər doğru aparılmır. Bununla bağlı qeyd etmək istərdik ki, dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın tələblərinə uyğun olaraq aparılır.
Müsabiqənin ikinci mərhələsi olan müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Subyektivliyin aradan qaldırılması və şəffaflığın təmin edilməsi üçün bu mərhələdə Komissiya aşağıdakı tədbirləri həyata keşirir:
1). Üç nəfərdən ibarət müsahibə qrupunun tərkibi müsahibəyə 30 dəqiqə qalmış Komissiya sədri tərəfindən təsdiq edilir. Bununla da namizədlərlə onlarla müsahibə aparacaq dövlət qulluqçuları və mütəxəssislərin əvvəlcədən bir-birilərini tanımasının qarşısı alınır.
2). Namizədlərin müsahibəyə daha yaxşı hazırlaşması və onların başlanğıc vəziyyətində bərabərliklərini saxlamaq məqsədilə Komissiya vakant vəzifənin mövcud olduğu müvafiq dövlət orqanı ilə birlikdə hər bir vakant vəzifə üçün müsahibə proqramı hazırlayır və test mərhələsindən uğurla keçmiş hər bir namizədin diqqətinə çatdırır. Eyni zamanda bu proqram Komissiyanın rəsmi saytında da yerləşdirilir.
3). Obyektivlik və şəffaflığı təmin etmək məqsədi ilə müsahibələrin video çəkilişləri aparılır və 1 il Komissiyada saxlanılır.
4). KİV, QHT və beynəlxalq təşkilatların nümayəndələri Komissiyada qeydiyyatdan keçməklə və namizədin razılığı ilə bu mərhələdə müşahidəçi kimi iştirak edə bilərlər. Komissiya rəhbərliyi hər çıxışında bunu qeyd edir və vətəndaş cəmiyyətini bu işdə aktiv iştirak etməyə çağırır. Onu da qeyd etmək istərdik ki, bir çox KİV-lər, Konstitusiya Araşdırmalar Fondu və Şəffaflıq Azərbaycan kimi qeyri hökumət təşkilatları müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində müşahidəçi kimi iştirak etmiş və dövlət qulluğuna qəbulun tam obyektivlik və şəffaflıq əsasında keçirildiyini vurğulamışlar.
5). Müsahibə qrupu üzvlərinin namizədin vakant vəzifəyə uyğun olub-olmaması barədə verdikləri qiymətlərdə 3 baldan artıq fərq yaranarsa bu müsahibənin nəticəsi ləğv edilir və yeni müsahibə keçirilir. Bu halda müsahibə qrupunun üzvləri tam dəyişir. İndiyə qədər keçirilən müsahibələrdə bir neçə belə hal baş vermişdir. Həmin müsahibələrin nəticəsi ləğv edilmiş, ya namizəd vakant vəzifəyə uyğun bilinmiş, ya da yeni müsahibə qrupu təşkil olunmuş, müsahibə yenidən keçirilmişdir.
6). Komissiyada müsahibələri qiymətləndirmək üçün yaradılan daxili nəzarət qrupu həmin müsahibənin video çəkilişinə baxır və müsahibə qrupu üzvlərindən hansının subyektivliyə yol verdiyini araşdırır. Subyektivliyə yol verən müsahibə qrupunun üzvü müsahibələrdən tamamən kənarlaşdırılır. Qeyd etmək istərdim ki, müsahibədə keçid balı 16-dır. Daxili nəzarət qrupu hətta 15 və artıq bal qazanan, amma keçid balı toplamayan namizədlərin də müsahibəsini araşdırır.
İkincisi, hörmətli millət vəkili qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanuna əlavə və dəyişikliklərin parlamentdə müzakirəsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ictimaiyyətə daha açıq olması ilə bağlı təkliflə çıxış edib. Bununla bağlı bildirmək istərdik ki, Komissiyanın ictimaiyyət üçün nə qədər açıq olduğunu bilmək üçün Komissiyanın rəsmi internet saytı ilə tanış olmaq kifayətdir. Çünki, Komissiya özünün rəsmi internet saytını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun olaraq ictimai informasiyaların ilkin mənbəyi kimi qiymətləndirərək həmin qanunun 29-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib etmişdir. Bunun nəticəsidir ki, qeyri-hökumət təşkilatları tərəfindən aparılan ictimai informasiya subyektlərinin rəsmi internet resurslarının monitorinqinin yekunlarına əsasən Komissiyanın www.dqmk.gov.az saytı informasiya açıqlığına və şəffaflığa görə həmişə öncül sırada olmuşdur.
Belə ki, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin 2008-ci ildə keçirdiyi monitorinq nəticəsində Komissiyanın saytı 50 dövlət qurumunun internet saytları sırasında dördüncü, 2009-cu ildə 50 dövlət qurumu və 10 bələdiyyənin internet saytları sırasında üçüncü olmuşdur. 2010-cu ildə isə Media Hüququ İnstitutunun 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günü ilə əlaqədar hazırladığı “Azərbaycanda ictimai bilgilərə çatım” adlanan hesabatına əsasən 45 dövlət qurumu, eləcə də məhkəmə orqanının internet saytları arasında dövlət orqanı haqqında ümumi bilgilər, qanunvericilik bazası, texniki tələblər, fəaliyyət bilgiləri, toplumla əlaqə və büdcə bilgiləri üzrə informasiya açıqlığına görə Komissiyanın internet səhifəsi birinci olmuşdur.