Modern.az

Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub

Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub

Ölkə

15 Fevral 2012, 11:03

Şirinxanım Kərimbəyli Şadiman

Nə  qədər  ki, yaradıcı  mühiti  uzaqdan-uzağa  izləyirdim, bu  mühit  mənə  pak  bir  məbədgah, buradakı  insanlar  isə  Allahın  ən  təmiz  bəndələri  idi, millətini  sevən,  milləti  üçün  yanıb  lap  elə  cızdaqı  çıxan... Amma  bu  mühitin  içinə  daxil  olandan  sonra  necə  deyərlər  özümün-özümdən  zəhləm  getdi. Tez  yadıma  düşdü, eyvah,  XX əsrin  əvvəlində  ürəklərinin  odunu  kağızlar  üzərinə  ələmiş, qələmini  düzlük,  haqq, ədalət  yolunda  qılınc  edərək  söz  döyüşünə  çıxıb  yazıb-yaratmış  söz  adamları... Həyatlarını  insanlarımızın  xoşbəxt  gələcəyi, bugünü  üçün  od  üstündə  yağ  kimi  əritmiş  fədakarlarımız, onlardan  biri  də  Sizsiz, ey  ruhu  Vətən  eşqiylə  yanan, dahi  insan. Fikirləşdim  ki,  dini  kitabımız  deyir  ki, insanın  bədəni  torpağa  tapşırılır, ruhu  isə  sapsağlamdır. Belə  olduğu  halda  mən  niyə  dahi  ədibə  məktub  yazmayım? Çox fikirləşdikdən  sonra  bu  duyğuya  qarşı  çıxa  bilmədim,  Əziz  Mirzə  Cəlil  babam,  ruhunuz  şad  olsun, bu  məktubu  Sizə  unvanlamamışdan  qabaq  çox  götür-qoy  etdim, yazım  ya  yazmayım?  Amma  ürəyim  partlamaq  dərəcəsinə  gəldi,  daxildən  bir  səs  mənə  vəsvəsə  verdi ki,  bəs  bu  məktubu  Sizə  ünvanlayım. Çünki Siz  o  boyda «Molla Nəsrəddin» jurnalının  çapına  rəvac  verən  onun  Vətən  içində  yayımlanmasına,  başıbəlalı  Azərbaycanın  yaralarına  məlhəm  olmasına cəfakeşlik  etmiş  insansınız. Bu  yolda  nə  qədər  ağrı-acılara  tuş  gəlsəniz  də  məqsədinizdən,  müqəddəs  amalınızdan  dönmədiniz. Vətənin  qüzeyindən  güneyinə, güneyindən  qüzeyinə könül  atınızı  çapdısnız.  Vətən  insanının  cəhalətdən,  müsibətdən,  fəlakətdən, mövhümatdan  xilası  üçün bacardığınız  dairədə  hər  şeyi  etdiniz. Hətta  ulu  Cavanşir  törəməsi  olan  həyat  yoldaşınız  Həmidə  xanım  da  sizə  dayaq  oldu,  varını,  pulunu  bu  yolda  xərcləməkdən  usanmadı. Siz  böyük  Molla  Nəsrəddinçilər  nəsili  yetişdirdiniz, millətin cəhalətdən  xilası  naminə. Dahi  Sabiri  aləmə  car edən, Mirzə  Cəlil, ruhunuz  şad  olsun, bütün  Molla  Nəsrəddinçilərlə  bir yerdə! Ümid  edirəm  ki,  yazdığlarım  Sizə müdrik  qocalarımızın  dili  ilə  desək  əyan  olar  böyük  Allahın  köməkliyi ilə...

Ürəyimdə  Sizə  deyiləsi  o  qədər  sözlərim  var  hansı  ki,  qəlbimi  dəlib-deşir. Əvvəllər  elə  zənn  edirdim  ki,  yazarlar  İlahinin  yerdəki  mələkləridir. Onlar  gecəbəgündüz  millətin  işıqlı  gələcəyi  uğrunda  gözlərinin   işığını  kağızlar  üstündə  qaraldırlar. Ürəklərinin  odunu  bu  yolda  çırağ  təki yandırırlar. Bilmirəm,  əziz  Mirzə  Cəlil, bəlkə  sizin  dövrünüzdə  də  belə  olub. Bəlkə  mənim  bu  barədə  məlumatım  yoxdu. Ancaq  mənə  elə  gəlir  ki,  indiki  qədər  biyabırçılıqlar  olmayıb.  Hər  şey  tərtəmiz,  hər  şey  pak  olub!  Hərə  öz  yazdığının  ağası  olub, heç  kəs  heç  kəsə  pulnan  heçnə  yazdırmayıb. Hər  yazılan  bədii  məhsulun  yiyəsi  müəllif  özü  olub. Sizin  vaxtlarınız  haqqında  çox  məlumatım  olmasa  da,  deyilənlərə  görə  o  zamanlar  əsil  ziyalılar  təbəqəsi  yaranıbmış. Onlar  aldıqları  savadın, biliyin  hesabına  uğur  qazanırmışlar. Alimlik  dərəcəsi  almaq  üçün  pul  verirmişlər,  sizləri  nə  dəbdəbəli  həyat, nə  də  pul,  mənsəb  maraqlandırmayıb. Sizlər  millətin  qaymağı  olmuşdunuz,  əziz  ədib, o  qaymağı  1930-37-ci  illərdə  qansızlar  iştahlarına  çəkdilər. Südün  üzündəki  qaymaq  yeyildikdən  sonra  südün  altı  qaldı. İndi  Siz  deyin  südün  altından  əmələ  gələn  məhsulun  nə  dadı, ləzzəti  olar? Əlqərəz, indiki  ədəbi  mühitin  əhvalı  heç  də  ürək  açan  deyil. Necə  deyərlər  heç  kəs  heç  kəsin  kitabın  oxumur. İndi  istedadı  olanlar  yox, istedadı  olmayanlar  meydan  sulayır. İstər  ədəbi  aləmdə, istərsə  də  televiziya  kanallarında. Hərçənd  ki,  Sizin  vaxtınızda  televiziya  yox  idi. Yaxşı  ki,  yox  idi. Olsaydı  yəqin  ki,  qanınız  çox  qaralardı. Televiziya  evlərimizdə  peyda  olandan  sovet  sisteminə  xidmət  etdi. Müstəqillik  qazanandan  sonra  isə televiziya  kanallarının  sayı  artdı. Amma  bu  kanallar əksər  hallarda  reklama  və  müğənnilərə  xidmət  edir. Çoxusunun  da  səsi  yox. Səhərdən  axşamacan  kanallarda  meydan  sulayırlar, millətə  namusdan,  vicdandan,  təmizlikdən  dərs  keçirlər, necə  deyərlər  bizlərə  necə  yaşamağın  yollarını  öyrədirlər.

Hərdən  bir  də  şeiri, şeriyyəti  olmayan,  əksər  halda  sözünün  əvvəli-axırı  bilinməyən  söz  cəlladlarını  ekrana  çıxardırlar  və  onlar  da  millətə  əsli  şeirin, bədii  məhsulun  təbliğini  və   necə  yazılması  dərsini  keçirlər. Dahi insan, ruhun  şad  olsun, hələ  sizə  bir-iki  gün  bundan  öncə  bir  televiziya  kanalında  olmuş  ürək  parçalayan  mənzərəni  də  ərz  etmək  istəyirəm. Ekrandan  ər şairlərimizdən  birinə  aparıcı  bir  vətən  şeiri  söyləməyi rica  etdi. O  da  qayıdıb  aparıcıya  nə  desə  yaxşıdı? Dedi  ki,  mən  Müdafiə  Nazirliyində  işləmirəm  ki, vətən  şeiri  yazım. Vətən  şerini  qoy  onlar  desinlər və  yazsınlar. Sonra  da  dedi  ki,  bəs  mənim  şeir  yazmağım  Azərbaycan  ədəbiyyatında  hadisədir. Bilirsiniz  necə  dəhşətə  gəldim. Yəqin  ki,  dahi  Mirzə  Cəlil,  sağ  olsaydınız,  «Ölülər»  əsərini  yenidən  işləyərdiniz, özü  də  yeni  planda! Çünki  torpaqları  yağı  işğalında  olan  bir  millətin  şairi, yazıçısı,  söz  adamı  necə  Vətəndən  yazmaya  bilər?!

Əziz, Mirzə  Cəlil,  ey  Vətən  eşqiylə  alışıb  yanan, ey  avamlığa, cahiliyə, məddahlığa,  mövhumata  qarşı  qələmini  kökləmiş,  vətən  insanın  gözaçıqlığı  üçün  bütün  gücünü, istedadını həsir  etmiş Həmvətən,  gör  indi  biz  nə  gündəyik. Ədəbiyyatımız  qara  günlərini  yaşayır.  Hərə  əlinə  bir  qələm  və  yaxud  kompyuter  götürüb  düşüb  sözün  üstünə. İndi  bizim  zamanda  SÖZ  yalana, məddahlığa, pula, vara  xidmət  edir.

Bizim  zamanədə  alim  olmaq  o  qədər  çətin  məsələ  deyil. Ona  görə  istedad  yox, pul və  dayı  lazımdır. Birdən  məndən  sual  etsəniz  ki,  bəs  dayının  alim  olmağa  nə  dəxli  var? Hə, onda  mən  Sizin  diqqətinizə ərz  edim  ki, dayı  indiki  zamanda  bizim  ölkədə  arxa  deməkdir. Çünki  pulnan  bahəm  əgər  niyəsə  nail  olmaq  istəyirsənsə  möhkəm  arxan  olmalıdır. Çünki, arxalı  olanlar  bizim  ölkədə  yaman  at  oynadırlar. Adama  yuxardan  aşağı  baxırlar. Atalar  demişkən: Oğru  necə  bağırırsa, doğrunun  bağrı  yarılır. Əziz  Mirzə  Cəlil, indi  bizim  ölkədə  həqiqi  alim  olanlar,  alim  olmaq  iddasında  olan,  lakin  alimliyə  savadı, biliyi, istedadı  çatmayanlar  üçün  elmi  əsərlər  yazırlar. Ona  görədə  bizdə  indi  alimlərin  sayı  yalan  olmasın  tələbələrin  sayından  bir  az  azdır. Sonra  başqasının  başının  hesabına  alimlik  dərəcəsi  alanlar, ali  məktəblərdə  millətin  binəva  balalarına  dərs  keçirlər,  yəni  onlara  dırnaqarası  bilik,  savad  öyrədirlər. İndi  Siz deyin,  millətin  gələcəyi  olan  binəva  gənclər  belə  dırnaqarası  alimlərdən  hansı  savad,  bilik  alıb  elmə  yiyələnə  bilərlər? Adam  hərdənbir  Sizin  ədəbiyyatımıza  gətirdiyiniz  kefli  İsgəndər  kimi  içib  keflənmək  istəyir  ki,  bu  kimi  dərdləri  eşidəndəndə  də  ürəyi  partlamasın, sabahkı  həyata  yaşamaq  şansı  qalsın.

Əziz  Mirzə  Cəlil, Sizin  bədii  aləmdə  qələm  çaldığınız  zamanlarda  hələ  sözün  urvatı  var  idi, onun  karvan  yoluna  çıxmaq  üçün  hər  adamın  hünəri  çatmazdı. İndi  necə  deyərlər  məmə deyəndən, pəpə  yeyənə  qədər hamı  girişib  söz  deməyə, kəsə  dillə  desək  yəni  yazar olmağa...Ədəbiyyatımızda  qoca  yazarlar  orta  nəsil yazarların, gənc  yazarlar  isə  heç  birini  bəyənmir. Tənqidçilərimiz  isə  deyirlər, ümumiyyətlə, yaxşı  əsər  yazılmayıb,  ədəbiyyat  durğunluq  dövürü  keçirir, istedadlı  yazarlar  yoxdu, buraxılan  kitablar  isə  əksəriyyəti  səviyyəsiz, istedadsız, yazmaq  səriştəsi  olmayan  adamların  qələminin  məhsuludur. Vəssalam. İndi  saysız-hesabsız  qəzet  redaktorları  meydan  sulayır. Bir, iki  şeir  yazan, artıq  hansısa  qəzetə, jurnala  baş  redaktor  olur.  O  vaxt  siz  avamlıq, cəhalət  və  mövhumatla  mübarizə  aparırdınız. O  vaxt  siz  və  sizin  yaşıdlarınız  oxuyub  təhsil  almaq üçün  pul  ödəyirdiniz. İndi  isə  ali  və  orta  məktəblərdə  oxumamaq  üçün  pul  ödəyirlər. Ali  məktəb  qurtaran  məzun  heç  bir-iki  bədii  əsər  oxumur, nəinki dünya  ədəbiyyatından  və  tarixindən,  hətta  öz  ədəbiyyatımızdan  və  tariximizdən  xəbəri  olmur. Təbii  ki, belə  savadsız  mütəxəssislər  sonra  gedib  ali  və  orta  məktəblərdə  binəva  millətin  balalarına  dırnaqarası  elm,  bilik, savad  öyrədirlər. Özləri  pul  verib  oxumadıqları  halda  hazır  diplom  aldıqları  üçün  xalqın  balalarını  da  bu  asan  və  biabırçı  yola  cəlb  edirlər. Onlar  cəmiyyətimizə  bir  Qarayaradır. Bu  yaranın  sağalmasına  çarə  olsa  da  heç  kəs  onun  müalicəsinə  rəvac  vermir.  Əksinə  çalışırlar  ki, bu  xəstəlik  mənəviyyatımızda  artsın,  çoxalsın. Axırda  da  savadsız  və  mənəviyyatı  boş  olan dırnaq  arası  ziyalı  təbəqəsi  yaranır. Bu  təbəqə  heç  nəyi  kobud  şəkildə  desək  vecinə  almır, öz  quru  adı  və  madiyyatını  ödəmək  üçün  cibi  onun  üçün  önəmli  olur. Belə  ziyalı  təbəqədə  nə  Vətən  sevgisi,  nə  milli  hiss, nə  ətraf  aləmi  öz  könül  prizmasından  keçirən  vicdan  olur. Milli  hissi, Vətən  sevgisi  olmayan  şəxs  çətin  ki,  xalqın  balalarına  necə  deyərlər  xalqın  öz  dili  ilə  desək,  əməli-başlı  təhsil  verə  bilsin. Hörmətli  ədib, artıq  bizim  ölkədə  təbəqələşmə  yaranıb. Lap  sizin  uşaqlıq  və  gənclik  dövrünüzdə  olduğu  kimi,  amma sizin  dövrünüzdəki  varlılar  halal  zəhmətləriylə  o  mərtəbəyə  yetmişdilər. Amma  bizim  dövrümüzdə  çoxusu  əyirliklə,  rüşvətlə,  müftəxorluqla,  haramzadalıqla  varlanıb  hər  sahəni  necə  deyərlər  işğal  ediblər  və  özlərindən  ağıllı  heç  kəsi  görmürlər.   

Hətta  o  qədər  varlanıblar  ki, dünyanın  bir  çox  yerlərində  aldıqları    indiki  adamların  dili  ilə  desək  villaların, banklara  qoyduqları  pulların  sayını-hesabını  itiriblər,  axırda  belə  qənaətə  gəliblər  ki, bunlarla  tarixə  düşə  bilməyəcəklər. Nə  etmək  lazımdır  məşhurlaşmaq? Pullarını  ciblərinə  basıb  başlayıblar, istedadı  olan  və  iradəsi  olmayan  müəllifləri  ələ  almağa... Hə, əziz  Mirzə  Cəlil, dövrümüzün  söz  dəllalları yəqin  ki, deyirlər: Pulu  bizdən  yazmağı  sizdən. Daha  demirlər  ki,  balam  xalqın  gözü  tərəzidir,  o  hər  şeyi  görür,  dərk  edir, bərkdən  olmasa  da  ürəyində  bu  bəlalara  facianə  qəhqəhə  çəkirlər, bu  qəhqəhələr  imansızların  bağrın  yarmasa  da  göyün  bağrın  yarır  axı? Amma  açığı  desəm  xalqın  bağrından  qopan  qəhqəhələr  Sizin  «Ölülər»  faciəvi-komediyanızdakı  kefli  İsgəndərin  qəhqəhələrinə  bənzəyir. O  da  o zaman  böyük  ədib,  sizin  ağılınızdan  və  qələminizdən  qoparaq  millətin  dərdini  aləmə  aşikar  edirdi.

Amma  hərdən  mənim  pulu  az,  ağılı,  biliyi  çox  alimlərə, söz  adamlarına  də  yazığım  gəlir. Deyirlər,  pul  şirin  şeydir  axı, insanın  maddi  ehtiyaclarını  ödəmək  üçün  önəmli  vasitədir. Onlar  da  beyinlərinin  məhsulunu  savadsız,  təkəbbürlü  adamlara  satıb  bir  az  maddi  baxımdan  irəli  düşmək  istəyirlər. Ancaq  mən  onlara  qətiyyən  haqq  qazandırmıram. Çünki  onlar  özləri  millətin  mənəvi  sərvətidirlər, əsil  alimlərin  səviyyəsiz  və  iddialı adamlar  əlində  oyuncağa  çevrilmələri  ürəkbulandırıcıdır. Bu  həm  də  millətin  mənəvi  genofoduna  ağır  zərbədir. Axı, gör-götür  dünyasıdır.  Bu  sahədə  görüb-götürənlərin  sayı  çox  olsa  onda  biz  nə  günə  qalarıq? Bizim  xalqı  gələcəkdə  hansı  mənəviyyat  gözləyər? Bax, dahi Mirzə  Cəlil, bütün  bunları  dərindən  fikirləşəndə  adamın  bağrı  partlayır. Adam  heç  yerdə  özünə  yer  tapmır. Çünki  mənəviyyat  öləziyəndə  insanlarda  Vətən  hissi  korlaşır, mənəvi  bağlılıqlar  qırılır, ölkə  inkişafdan  dala  qalır, torpaqları  işğalçılar  əlində  oyuncağa  çevrilir, milli,  mənəvi  dəyərlər  arxa  plana  keçir,  madiyyat  mənəviyyatı  üstələyir. Millət  parçalanır,  yarsının  pula,  mala  başı  qarışır,  yarısı  isə  dilənçiliyə  alüdə  olur. Hegemon  xalqlar  isə  mırıqda  yatmış  qurdu  xatırladır  adama,  belə  millətləri  hissə-hissə  didib  parçalasın  və  məhv  etsin.

Amma  hegemon  xalqların  tarixində  ruşvət,  harama  batma  yox, təmizlik,  düzlük,  öz  millətinə  hədsiz  sevgi  önəmli  yer  tutub. Mən  deyərdim  ki,  ikiyüz  il  bizi  əsarətdə  saxlamış  işğalçı  Rusiyanın  imperiyaya  çevrilməsi  tarixində  zülmkar  adıyla  özünə  titul  qazamış  İvan  Qroznı, 1 Pyotr  və  11 Yekatrinanın  müstəsina  rolu  olub. 11 Yekatrinanın  dövründə  qanunsuz, yəni    cəmiyyətdən  gizlin  doğulmuş  uşaqlar  üçün  pəncərə  açılmışdı. Hər  kəs  gəlib  imtina  etmək  istədiyi  körpəsini  o  pəncərəyə  qoya  bilərdi. Onun  gizliliyi  tam  təmin  olunurdu.  Sonradan  bu  körpələr  hökümət  tərəfindən  bəslənilib  böyüdülürdü.  Onlardan  dövlət  idarələri  üçün  məmurlar  yetişdirirdilər.  Həmin  bu  yüksək  rütbəli  məmurların  qohum-əqrabası, bacı-qardaşı,  ata-anası  olmurdu. Ölkəni  rüşvətsiz  və  vicdanla  idarə  edirdilər. Bu  adamlar  böyük  məmuniyyətlə  imperatora  və  onun  qayda-qanunlarına  riayət  edirdilər  və  ona  tam  sadiq  qalırdılar.  Çünki  belə  adamlar  bilirdilər  ki, vaxtında  tale  onların həyatında  amansız  rol  oynayıb. Əgər  təsadüfən  bu  pəncərəyə  düşməsəydilər  kim  bilir  onları  hansı  amansız  tale  gözləyəcəkdi? Ona  görə  də  belə  insanlar  ölənədək  rüşvət, qohumbazlıq, yerlibazlıq  kimi  cılız  hisslərin  əsiri  olmurdular,  hökumətə  və  onun  başında  oturanlara  minnətdar  olurdular... Məhz  başda  oturanların  hakimiyyətini  möhkəmləndirmək  üçün,  dövlətçilik  sütunlarının  titrəməməsi  üçün  belə  insanlar  imperiyanın  ömrünü  uzadırdılar. Amma  doğuru  olaraq  dəyərli  oxucular  tərəfindən  sual  ünvanlana  bilər ki,  bəs  rüşvət  elə  Rusiya  imperiyasının  özündən  bizə  keçib. Bununla  tam  razıyam. 11 Yekatirina  rüşvətə  qarşı  dəyərli  mübarizə  vasitələrindən  biri  kimi  yuxarda  sadaladığım  üsuldan  bəhrələnirdi. Deyirəm  elə  bəlkə  bizim  də  baş  bilənlərimiz  bu  üsuldan  istifadə  etsinlər. Çünki  bizim  də  uşaq  evlərində  boya-başa  çatan   gənclərimiz  var  ki, onların  savadlanmaları  üçün  dövlət  səviyyəsində  pul  xərcləsək  cəmiyyətimizin  çiçəklənməsi  naminə  yararlanmaq  olar.  On  səkkiz  yaşından  sonra  bu  günahsız  balaların  əksəriyyəti  səfil  həyatı  yaşamazlar.                

Böyük  insan, Mirzə  Cəlil, indiki  halda  bizdə  rüşvət  erkən  çağlardan  cücərir, əslində  bizim  cəmiyyətdə  rüşvətə  alışqanlıq  uşaq  bağçalarında  boy  göstərməyə  başlayır. Körpə  balalar  bağça  liderlərinin  doğum  günlərində  onlara  hansısa  hədiyyə, gül  almaq  zorundadırlar, sonra  bunun  davamı  məktəbdə, ali  məktəbdə, iş  yerlərində  qol-budaq  atır. Beləlikə görüm-baxım, bəxşiş, barat, hədiyyə, hörmət  adı  altında  rüşvət  bizim  beynimizdə  ən  əziz,  ən  sevgili  munisimiz  təki özünə  köklü-köməcli  saray  yapır.     

Sonra  bunun  acı  bahərəsini  bütünlükdə  yaşadığımız  cəmiyyətdə  görürük. Rüşvətsiz, arxasız, dayısız  qapılar  üzlərə  açılmır  ki,  açılmır. Hər  insanın  Yaradandan  bir  ömür  bəxşişi  var. Bəxşiş  verilmiş  ömür  yaşadığımız  illər  ərzində  zəhərə  çevrilir. Çox  insanlarımız  cəmiyyətin  özbaşnalıqlarından, ayrı-ayrı  böyük  və kiçik  məmurlar  tərəfindən  onlara  edilən  haqsızlıqlardan  zara  gəlir. Bu  zara  gəlmələr  gücdən,  haldan  düşmüş, günbəgün  psixoloji  sarsıntılarla  üzbəüz  qalmış  adamlarımızın  həyatında  intiharlara  yol  açır. Belə  intiharlar  çox  vaxt  bütöv  ailənin  məhv  ilə  günahsız,  hələ  həyatın  acısını-şirini  dadmamış  balaların  bədbəxt  sonluğu  ilə  bitir. Rüşvətin  qol-qanad  açdığı  cəmiyyətlər  daima  köklü-köməcli  iflasa  uğrayıb. Onun  dayanıqlığı  olmayıb, çünki  rüşvət  adi  insanların  cibindən  tutmuş,  millətin  yeganə  umacağı, dayaq  mənbəyi  olan dövlət  xəzinəsinə  əl  atır. Onun  dayaqlarını  sarsıdır,  gec-tez  belə  dövlətlər başqa  dövlətlərin  və  millətlərin  içində  əriyib  yox  olur. Rüşvət  heç  bir  millətə,  heç  bir  xalqa  bəxtəvərlik,  xoşbəxtlik  gətirməyib. Onun  açdığı  cığırlar  insan  bədənində  kök  atmış  xərçəngə  bənzəyər.  Gec-tez  hansı dəva-dərmanın, təbibin-loğmanın  müdaxiləsi  olur  olsun,  həmin  bədəni  canından  qoparıb  məzara  aparır. Eləcə  də  rüşvətə  alüdə  olan  dövlətləri  və  millətləri  də  belə  bir  aqibət  gözləyir... Keçmişlərdə  də  belə  olub,  ində  də  belədir. Min  illər  insanların  keçdiyi  həyat  yolu  bunu  bizə  diqtə  edir. Başa  düşənlər üçün  bu  həyat  məktəbi  görk  olub,  nə  isə  yaxşı  mənada  götürüblər,  başa  düşməyənlər  isə  tarix  səhnəsində  iz  qoymadan  məhv  olub  gediblər.

Hələ  dahi  Məhəmməd  Füzuli  əsrlər  arxasından «Salam  verdim, rüşvət  deyildir  deyə  almadılar» deyərək  fəryad  qoparırdı. Rüşvət  əsrlərlə  millətlərin  bağrında  dərin-dərin  yaralar  açıb. Əziz,  Mirzə  Cəlil,  bu  yaraların  göynəltiləri  bugün  bizim  cəmiyyətimizdə  də  vətən  insanın  ağlına,  şüuruna  toy  tutmaqdadır. Axı  toy  tutmaqın  iki  mənası  var.  Yaxışı  və  pis. Bizim  ölkədə  pis  mənada  bizə  toy  tutur. İşğal  altında  inləyən  torpaqlarımızın  dərdi  bir  yandan, bizə  qıcıdılan  xarici  quldurların  qurd  dişləri  bir  yandan, o  biri  tərəfdən  içimizdən  bizi  rüşvət  girdabında  boganların  qanlı  əli  bir  yandan...

Əziz  Mirzə  Cəlil, ruhunuz  şad  olsun,  mən  bu  yazımı  sizə ünvalanmaqda məqsədim  odur  ki, bu  kimi  dərdlərimizi  sizə  əyan  edim.  Sizin  pak  ruhunuza  and  olsun  ki,  o  vaxtların  təmiz  insanlarını  indiki  zamanda  çıraqla  axtarmaq  məcburiyyətində  qalırsan. Rüşvət məhlə-məhlə, bölgə-bölgə, diyar-diyar  qol-budaq  atıb, özü  də  cəmiyyətimizin  hər  sahəsində... Bilirəm  bu  yazıma  məni  sevənlər  can, sevməyənlər  yan  deyəcək. Mən  həqiqəti, düzlüyü, təmizliyi sevməyənlərin  şərəfinə  bu  yazını  araya-ərsəyə  gətirdim ki, onlarda  özümə  dırnaqarası  sevgi  hissini  çoxaltmaq  üçün... Ruhun  şad  olsun, Mirzə  Cəlil, sizə  deyəcəklərim  hələlik  bu  qədər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı