Modern.az

“Azərbaycanda fotoqrafiyaya aid dərs vəsaiti bərbad vəziyyətdədir” – MÜSAHİBƏ

“Azərbaycanda fotoqrafiyaya aid dərs vəsaiti bərbad vəziyyətdədir” – MÜSAHİBƏ

Ölkə

2 İyun 2012, 11:28

“150 yaşlı Azərbaycan fotoqrafiyasını araşdıran nə sənətşünas, nə tənqidçi, nə tarixçi var”

Modern.az saytı Azərbaycan Fotoqrafları Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu ilə müsahibəni təqdim edir.

- AFB-nin yaranmasının maraqlı tarixçəsi var. Biz, Azərbaycan fotoqrafları 1995-ci ildə Nant kinofestifalında iştirak etmək qərarına gəldik. O festifalda Azərbaycan fotoraflarının işlərindən 100 foto nümayiş etdirdik. Ondan sonra yığışıb müzakirə apardıq və 1998-ci ildə fotoqrafların ictimai birliyini yaratdıq və rəsmi qeydiyyatdan keçirtdik. Birliyin dörd təsiscisi var idi: rəhmətlik Namiq Məmmədov, Asim Talıb, mən, bir də Rafael Qənbərov. AFB-nin yaranışından sonra Azərbaycanda fotoqrafiyanın təbliğinə yönəlmiş işlər aparmaqa başladıq. Hazırda birliyin 150 üzvü var. Yaşı 60-dan keçən fotoqrafları isə AFB-nin fəxri üzvü elan edirik. Məqsədimiz odur ki, həmin adamların yaradıcılıq irsi itib-batmasın. 50 nəfərə yaxını fəxri üzvümüz var. Amma üzvümüz olmayan fotoqraflara da eyni diqqətlə yanaşır, onların sərgisinə dəstək verir, müsabiqələr barədə xəbərdar edirik. İndiyədək iki fotofestifal keçirmişik. Azərbaycanda 7 xarici fotoqrafın ustad dərslərinin təşkilatçısı olmuşuq. Bundan başqa, xarici ölkələrdə sərgilər təşkil edir, festifallarda iştirak edirik. Məsələn, bu yaxınlarda Çelyabinskidə altıgünlük “Dolqoye exo voynı” adlı fotosərgi keçirtdik. Bu sərgi Fotofest–2012 festivalı çərçivəsində təşkil olunmuşdu. Sərginin açılışında 150-yə yaxın adam iştirak edirdi. Rusiyanın çox məşhur fotojurnalistləri də gəlib işlərə baxdı. biz Çelyabinskidə olanda orda “World Press Foto” müsabiqəsinin sərgisi keçirilirdi. Sərgini keçirən “Rus Press Foto” idi və o, sovet dövründə və müasir dövrdə bu sərgilərdə mükafat almış fotoqrafların fotolarından ibarət kitabı sərgidə nümayiş etdirirdi.  

– Bu günlərdə “Bakılı oğlan”, “KVN”-çi Bəhram Bağırzadənin fotosərgisi keçirildi. Şair Vaqif Səmədoğlu çox böyük fotohəvəskardır. Azərbaycanda belə fotohəvəskarlar çoxdurmu?

– Vaqif Səmədoğlunun şəxsi fotokolleksiyası var. Rəhmətlik Yusif Səmədoğlunun da belə bir kolleksiyası var idi. Topçubaşov adına xəstəxananın direktoru Böyükkişi Ağayev də foto çəkir. Amma onlara fotoqraf demirlər. Çünki bu, həmin adamların peşəsi deyil.

– Son dövrlərdə fotoqrafiyaya bir axın var. Bu, əsil fotoqrafiya sənətinin inkişafına necə təsir edir?

– Hazırda Azərbaycanda 10 mindən artıq insan fotoqraflıqla məşğul olur. Bu, insanların özünüifadə vasitəsinə çevrilib. Amma bunu fotonun inkişafı adlandırmaq olmaz. Əksinə, həvəskarlar fotoqrafiya sənətinə mənfi təsir göstərirlər. Əsl sənət başqa şeydir. Bu peşənin tələbi odur ki, fotoqrafiya sənəd olmalıdır, fakt olduğu kimi görütülənməlidir. Yəni rəssam görmək istədiyini, fotoqraf isə gördüyünü çəkir.

– Dünyasını dəyişən fotoqrafların arxivlərini saxlamaqla bağlı nə işlər görürsünüz?

– Təbiii ki, şəxsi arxivləri yığmağa çalışırıq. Amma problem odur ki, arxiv saxlamaq üçün böyük yerimiz yoxdur. Bundan başqa, dünyada qəbul olunmuş qanunlara görə kiminsə fotoarxivini saxlamaq üçün birinci gərək o adamın yaxınlarından biri ilə müqavilə bağlayasan. Sonra isə bu qeydiyyatdan keçməlidir ki, hansı əsasla sən bunu saxlayırsan. Kortəbii surətdə kimlərinsə foto işlərini yığmaq düzgün olmaz. Hazırda birliyin ofisində 200-ə yaxın fotoqrafiyaya aid kitab var. Azərbaycanda başqa hec bir yerdə bu kitablar yoxdur. O kitablar tək nüsxələrdir. Geniş oxucu kütləsinə bu kitablar naməlumdur. Ona görə də öz üzvlərimizə şəxsiyyət vəsiqəsini almaqla onları veririk, oxuyurlar, baxırlar...   

– Bəs bu kitabları kitabxana halına salmaq və yaxud gələcəkdə fotoqrafiya muzeyi yaratmaq mümkün deyilmi?

– Bununla bağlı dövlət qurumlarına da müraciət etmişik. Təəssüf ki, rəsmi müraciətimizə belə cavab verilib ki, Azərbaycanda Fotoqrafiya Evinə hələ ehtiyac yoxdur. Mədəniyyət və Turizm Nazirliyində kinematoqrafiya şöbəsi var, musiqişünaslıq şöbəsi var, amma fotoqrafiya şöbəsi yoxdur. Azərbaycan fotoqrafiyanın inkişafına görə heç də o biri ölkələrdən geri qalmır. Biz nədə geri qalmışıq? Gürcüstanda Fotoqrafiya Evi var, Özbəkistanda var, bizdə niyə olmasın!? Biz Fotoqrafiya Evi yaradıb onun nəzdində fotoqrafiya muzeyi açmaq istəyirik ki, onun nəzdində fotoarxivlər toplansın, onun nəzdində fotokurslar yaransın. Çünki Azərbaycandakı bircə təhsil müəssisəsində belə tədris olunmur. Fotojurnalistika da həmçinin.

– Bəs indiyədək fotoqraflıq edən insanların arxivləri necə olub?

– Bu yaxınlarda dünyasını dəyişmiş Faiq Rəcəbli 60 il Azərbaycan idmanını fotoya köçürüb. Amma təəssüf ki, biz yalnız onun arxivini götürüb oğluna təhvil verə bildik və xahiş etdik ki, bunu itirməsin. Hərdən soruşurlar ki, niyə fotoarxivlər Kino, Foto Sənədlər arxivinə təhvil verilmir? Axı o arxiv heç vaxt kiminsə yaradıçılığını araşdırmır. O yalnız o sənədləri orda saxlayır. Deməli, problem bundadır ki, Azərbaycanda fotoqrafiyaya sənət kimi baxılmır. Biz AFB-ni yaradanda qarşıya qoyduğumuz məqsədlərdən biri də o idi ki, fotoqrafiyanı Azərbaycanda incəsənətin yaradıcı bir növü kimi qəbul etdirək.

– Yəqin ki, Azərbaycanda fotoqrafiyanın tarixinə həsr olunmuş kitablar da yazılmayıb...

– Azərbaycan fotoqrafoyasının tarixi yüz əlli ilə yaxındır. İlk fotonu Azərbaycanda çar ordusunda qulluq edən Uilski adında bir hərbçi çəkib. Bu, 1860-cı ildə Bakı buxtasının şəklidir. O dövrdən indiyədək Azərbaycanda bu sənətin elmi araşdırması heç vaxt aparılmayıb. Bu günədək bu barədə yalnız bircə diplom işi yazılıb. Ondan başqa fotoqrafiyanı araşdıran nə sənətşünas, nə tənqidçi, nə tarixçi var. Ona görə də Azərbaycanda fotoqrafiya sənəti var, amma o fotoqrafların dili ilə desək, ağ ləkələr şəklindədir. 
Təhsil Nazirliyinin 2011-ci ildə  buraxdığı “Bədii fotoqrafiya” kitabı isə bərbad vəziyyətdə hazırlanıb. Bu kitab ali və orta məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Çox aşağı səviyyəli yazılmış kitabdır. “Google transleyt”lə tərcümə olunub. Bununla bağlı Təhsil Nazirliyinə rəsmi məktubla müraciət etmişik, amma cavab yoxdur. Kitabı hazırlayan Rəssamlıq Akademiyasının dosenti, Azərbaycanın əməkdar rəssamı Tahir Məmmədovdur. Biz Akademiyanın rektoruna məktub yazmışıq və demişik ki, biz bu kitab haqqında müzakirələr keçirmək istəyirik. O kitabda 15-ə yaxın təşkilatın adı hallanıb ki, guya onlar nəşrin çap olunmasında onlara minnətdarlıq bildirilib. Məsələn, Fransa səfirliyinin adı çəkilib. Səfirliyə müraciət etdik, dedilər ki, elə bir kitab tanımırıq. Başqa təşkilatlarda da eyni cür. Kitabda terminalogiya bərbad vəziyyətdədir. Müəllifin özü Azərbaycan dilini yaxşı bilmir. Amma Təhsil Nazirliyi artıq bu kitabı MDB dövlətləri arsında keçiriləcək kitab yarmarkasına “Mənim diyarım” nominasiyasına təqdim edib.

– AFB-nin Azərbaycan fotoqrafiya tarixini yazmaqla bağlı hansısa layihəsi varmı?

– Hazırda ən mühüm vəzifələrimizdən biri “Azərbaycan fotoqrafiyasının tarixi” kitabını nəşr etdirməkdir. Çelyabinskdən “Çelyabinskin fotoqrafiya tarixi” kitabını gətirmişəm. Bu, 5 cildlik  bir kitabdır. Amma bizdə yalnız fotoalbomlar var.  Bizim istədiyim təkcə fotonu yox, həm də fotoqrafı tanıtmaqdır. Məsələn, 85 yaşlı fotoqraf Kamal Babayev arxivində Azərbaycan mədəniyyətinin göz bəbəyi olan adamların portretləri var. Onların sənətdə ilk addımlarını atdıqları vaxtlarının şəkilləri. Kamal Babayev fotoqrafiyaya aid 4 tədris kitabı buraxıb. Televiziyada fotoqrafiyaya aid veriliş aparıb. Azərbaycanda heç kim bilmir ki, “World Press Foto”nun gümüş mükafatını alan azərbaycanlı fotoqraf var – Rafiq Nağıyev. Azərbaycanda 60 fotoalbom, kitab nəşr etdirmiş Hüseyn Hüseynzadəni tanıyan, yada salan yoxdur. O, 5 ildir, ağır xəstədir. Halbuki Hüseyn Hüseynzadə 40 il bundan qabaq mətbəximizi tanıtmaq məqsədilə “Azərbaycan mətbəxi” adlı fotoalbom buraxıb. Biz əgər indi dolmanın Azərbaycan mətbəxinə aid olduğunun davasını aparırıqsa, o, 40 il əvvəl həmin kitabla Azərbaycanı haqlı çıxarıb.  “Leyko” şirkətinin “Gümüş akademiki” adını almış Ənvər Qaragözov var. Şirkət ideyasına görə bu adama xüsusi mükafat verib. Azərbaycanda Fərid Məmmədov var ki, son dövrlər buraxılan “Şəki Xan sarayı”, “Bakı” fotoalbomlarının müəllifidir. Amma soruşsaq, az adam onu tanıyar. Sənan Ələsgərov Starsburq Unversitetində ustad dərsləri aparır. Bəlkə də çoxları bilmir ki, indi dünyada məşhur olan fotoqraf Rəna Əfəndi azərbaycanlıdır və əlinə fotoaparatı ilk dəfə burda, Azərbaycanda götürüb, fotoqrafiya ilə məşğul olub, bu sənəti öyrənib.

– Bizdə olan məlumata görə, üçünçü fotofestifal keçirmək istəyirsiniz.

– Bu, hələlik niyyətdir. İstəyirik ki, üçüncü festifal əvvəlkilərdən daha yüksək səviyyədə keçirilsin. Ona görə də buna ciddi hazırlıq və dəstək lazımdır.

Qızılgül Abdinova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı