Modern.az

Məmurları gündüz katibələr, axşam köməkçilər "qoruyur"

Məmurları gündüz katibələr, axşam köməkçilər "qoruyur"

Ölkə

27 Yanvar 2010, 13:23

Müasir dünyada insan hüquq və azadlıqlarının müdafiəsi önə çəkildiyindən Azərbaycanda da bu sahədə xüsusi tədbirlərin həyata keçirilməsi dövlətin prioritet vəzifəsinə çevrilib. Etiraf edilməlidir ki, demokratik inkişaf yolu seçmiş Azərbaycanda həm qanunvericilik sahəsində, həm də konkret fəaliyyətdə bu istiqamətdə çoxlu işlər görülüb. Ali qanunverici orqanda insan hüquqlarınan müdafiəsi ilə əlaqədar təkmil qanunverici baza yaradılıb, bir sıra beynəlxalq konvensiyalar ratifaikasiya edilib. Hətta müvafiq məsul dövlət strukturlarının cəlb edildməsilə xüsusi dövlət proqramı da təsdiq edilib. Mövcud qanunvericiliyə əsasən dövlət tərəfindən insan hüquqları sahəsində qəbul edilən qərar və proqramların həyata keçirlməsini müvafiq icra strukturları həyata keçirməlidir. Lakin müxtəlif icra strukturlarının məsələyə biganə yanaşması nəticə etibarilə Azərbaycan dövlətinin beynəlxalq imicinə xələl gətirmiş olur. Götürək elə bu yaxınlarda Azərbaycanın BMT-nin Baş Assambleyasının İnsan Hüquqları Şurasına üzv seçilməməsi məsələsini. Baş verən hadisədən sonra siyasi icmalçılar, millət vəkilləri və müxtəlif dövlət orqanlarında təmsil olunan rəsmi şəxslərin mətbuata verdikləri açıqlamada bunun beynəlxalq təşkilatlar tərəfindan Azərbaycana qarşı ikili standartlarla yanaşmanın nəticəsi kimi dəyərləndirdilər. Birmənalı şəkildə  sözügedən qararın yerli qeyri-hökumət təşkilatlarının danonsları əsasında qəbul edildiyini bəyan etdilər. Məsələnin mahiyyətinə dərindən varanda isə bu əsaslandırmanın bar az sadəlövlük kimi görüntüsü yaranır. Çünki insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar üçün pozulmuş insan hüquq və azadlıqlarının mənbəyini əldə etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın bir hissəsi olduğundan ölkədə açıq informasiyalı cəmiyyət formalaşıb. Ona görə, belə məsələlərdə günahı kimdəsə axtarmaq əvəzinə mövcud problemlərin aradan qaldırılmasına ehtiyac var. O baxımdan ki, söhbət Azərbaycan dövlətinin dünyadakı imicindən, dünya xalqlarının ona qarşı münasibətin formalaşmasından gedir. Belə halda isə hər şeyə səthi yanaşmaq ən azı vətəndaş borcuna xilaf çıxaq, yaxud vətəndaş təssübkeşliyindən uzaq durmağa bəradərdir.

 

Məmurların qəbuluna düşmək lotoreyada maşın udmağa bərabərdir

 

Bütün baş verənlərə baxmayaraq etiraf edilməlidir ki, Azərbaycanda insan hüquqları sahəsində həllinə ehtiyac duyulan bir sıra problemlər hələ də yaşanmaqadır. Xüsusən, məmurlar tərəfindən vətəndaşların insan hüquq və azadlıqlarının pozulması dövlətə, dövlət orqanlarına qarşı  etimadın azalmasına səbəb ola bilər. Bu isə demokratik vətəndaş cəmyyətinin formalaşdırılması məqsədini qarşısına qoyan dövlət üçün müsbət nəticə kimi qiymətləndirilə bilməz. Heç kimə sirr deyil ki, hazırda müxtəlif dövlət və yerli özünüidarə  orqanları, vəzifəli şəxslər tərəfindən vətəndaşların Konstitusiya ilə təmin olunmuş insan hüquq və azadlıqlarının pozulması adi hala çevrilib. Bu hüquqlar daha çox məmurlar tərəfindən vətəndaşların qəbulu, müraciət və şikayətlərinə baxılması prosesində təzahür edir. Son illərdə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylarla, günlərlə, bəzən isə illərlə icra orqanlarının qapılarını döyməli olurlar. Vətəndaşları qəbul edərək onların şikayətlərinə baxmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həll etmək və yaxud aidiyyatı üzrə göndərilməsi barədə izahat verilməsi vəzifəli şəxslərin birbaşa vəzifəsi olmasına baxmayaraq, bu vəzifələrin icrasında çox ciddi problemlər mövcuddur. Bu probemlər ilk növbədə vətəndaşların qəbulu ilə başlanır ki, indiki şəraitdə məmurların, xüsusilə icra başçılarının qəbuluna düşmək qeyri-mümkündür. Müşahidələr göstərir ki, belə vəziyyət icra hakimiyyəti orqanları tərəfindən süni surətdə yaradılır. Qeyd edək ki, icra hakimiyyəti orqanlarında çalışan adi vəzifəli şəxslər özbaşına vətəndaşların problemlərini həll etmək iqtidarında deyillər. Çünki bütün şikayət və ərizələr ən azı şöbə müdirləri tərəfindən baxılmalıdır ki, onların da qəbuluna düşmək asan məsələ deyil. Buna ilk növbədə aparat işçiləri, xüsusən mühafizəçilər və müvafiq şöbənin əməkdaşları müxtəlif yollarla mane olurlar. Bütün cəhdlərə baxmayaraq, vətəndaşa yalnız qəbul günlərində şöbə müdirinin qəbuluna gəlməyi tövsiyə edirlir. Əslində bu dövlət idarəçiliyi baxımından tamamilə normal məntiqdir. Ancaq qəbul günlərində şöbə müdirinin qəbuluna düşmək lotoreyada maşın udmağa bərabərdir. Hazırki şəraitdə icra hakimiyyəti orqanlarında qəbul günləri yalnız vətəndaşların başını aldatmaq, onların emosiyalarını cilovlamaq məqsədi güdür.

 

Katibələrə ikinci sualı varmək öz başına oyun açmaq deməkdir 

 

Formal xarakter daşıyan qəbul günləri əslində vətəndaşların pozulmuş hüquqlarının davam etməsi üçün vasitəyə çevrilib. Çünki həmin qəbul günlərində şöbə müdirlərini, yaxud icra başçısını heç bir səlahiyəti olmayan şəxs əvəz edir ki, bu zaman şikayət və müraciətlər həllini tapmamış qalır. Vəziyyətdən çıxış yolu isə vətəndaşlara standart formada hazırlanmış cavabların göndərilməsi prosesi tətbiq edilir. Ayda bir, yaxud iki dəfə təşkil edilən qəbul günləri formal keçdiyindən vətəndaşların şikayətləri aylarla baxılmamış qalır. Vətəndaşların qəbulu prosesində ən böyük maneələrdən birini də şöbə müdirlərinin katibələri oynayır ki, onlarla kəlmə kəsmək mümkün deyil. Bir sözü iki dəfə soruşan, yaxud özünü katibənin standartına uyğun qaydada aparmayan vətəndaş qapıdan içəri buraxılmır. Telefon sorğusunda isə "rəis ərazidədir" ifadəsindən başqa əlavə bir söz öyrınmək olmur. Məlum məsələdir ki, katibələrə  vətəndaşların müraciətlərindən yayınmaq məqsədilə "rəisin iş yerində olmaması" barədə xüsusi göstəriş verilib. Ancaq bütün hallarda onların vətəndaşlarla qeyri-etik, nəzakət qaydaların riayət etmədən cavab verməsi Azərbaycan qadının əxlaq normalarına sığışmır. Onu da qeyd edim ki, son vaxtlar vəzifəli şəxslər bir qadın, bir kişi referentlə işləyirlər. İş saatlarında “katibə” adlanan qadın rəisi vətəndaşlardan qoruyur, iş vaxtından sonra isə “köməkçi” adlanan kişi cisindən olan şəxs xüsusi tapşırıqlı vətəndaşların qəbulunu təşkil edir. Heç bir savadı, bacarığı, xüsusi qabiliyyəti olmayan, yalnız rəisi və qonaqları çayla təmin edən katibələrin vətəndaşlarla belə rəftar etməsinə nə qanunvericilik, nə də milli-mənəvi dəyərlər imkan verir.

 

Məmurlar kompüterdə "iqra" oynamaqla məşğuldurlar

 

Vətəndaşlardan qaçan vəzifəli şəxslər əslində nə əraziyə nəzarət edir, nə də problemlərin həlli ilə məşğul olur. Onlar sadəcə kabinelərində oturub kompüterdə müxtəlif oyunları başa vurmaq üçün baş sındırırlar.  İnsan Hüquqları üzrə Müvəkkilin məlumatına görə, vətəndaşların müraciət etmək hüququnun pozulması ilə bağlı onun ünvanına ötən daxil olan müraciətlərin 523-ü ancaq yerli icra hakimiyyəti orqanları barədədir. Bu sırada Xətai, Nizami, Binəqədi, Şamaxı, Şəmkir, Abşeron, Oğuz və digər rayonlar xüsusilə fərqlənirlər. Şikayətlər vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbul edilməməsi, ərizələrin müəyyən edilmiş qaydada qeydə alınmaması, bölmə əməkdaşlarının vətəndaşı qəbula yazmaqdan imtina etməsi və ərizəçiyə formal və əsaslandırılmamış cavabların verilməsindən ibarət olub. Vəziyyət o həddə çatıb ki, bəzi məmurlar qorxutmaq, cəzalandırmaq və ya problemi sonradan həll etmək yolu ilə ərizəçidən zəruri izahatlar almağa və ya müraciətindən imtina etməyə nail olurlar.  

Vətəndaşların müraciət etmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə vətəndaşların müəyən olunmuş qrafikə uyğun olaraq qəbulunun, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi vəzifəli şəxslərin birbaşa vəzifə borcudur. Bu qaydaları pozan dövlət orqanlarının işçiləri müvafiq məsuliyyət daşıyırlar. Təssüf ki, bu hüquqların pozulması ilə bağlı məhkəmələrə müraciət edən vətəndaşlar əksər hallarda özləri günahkar saylırırlar. 

Bəzi bələdiyyə sədrləri möhürü cibində gəzdirir

 

Qeyd edim ki, vətəndaşaların bu hüquqları yalnız icra hikimiyyətlər orqanları tərəfindən deyil, həm də yerli özünüidarə orqanları tərəfindən də pozulur. Hər altı aydan bir bələdiyyə ərazisində yaşayan vətəndaşlara hesabat verməli olan yerli özünüidarəetmə orqanlarının bəzi nümayəndələri özlərini kiçik padşah kimi aparırlar. İş yerlərində tapılmayan bələdiyyə sədrlərini istənilən kənar yerdə tutaraq problemi razılaşma yolu ilə həll etmək mümkündür. Məhz bunun nəticəsidir ki, bir çox bələdiyyələr möhür və ştampı cibində gəzdirərək, küçənin ortasında sənədi imzalamaqdan belə çəkinmir. Sənədlərin ayaqüstü möhürlənməsi isə problemi olan vətəndaşların illərlə üzüntü içərisində yaşamasına səbəb olur. Çünki qəbulda olan vətəndaşın problemini həll etmək üçün bələdiyyə sədri möhürü heç kimə etibar etmir, özü isə iş yerində tapılmır. Bəziləri üçün çox kiçik görünən belə problemlərin aradan qaldırılmaması nəticə etibarilə Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir. Belə halları nəzərə alan məmurlar sadəcə, vətəndaşları dinləməklə dövlətin müsbət imicinin formalaşmasında əsas rol oynaya bilərlər.

Alim Hüseynli

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?