Modern.az

Sabiq dövlət müşaviri: ““Bişkek protokolu" olmasaydı, ermənilər Gəncə və Yevlaxı tutacaqdılar”

Sabiq dövlət müşaviri: ““Bişkek protokolu" olmasaydı, ermənilər Gəncə və Yevlaxı tutacaqdılar”

Ölkə

3 Avqust 2012, 15:54

Qabil Hüseynli: “Torpaqları düşmənə vermişiksə, bizi ayağımızdan assınlar”

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycanla Ermənistan arasında imzalanan Bişkek protokolunun gizli məqamları ilə bağlı Modern.az-a açıqlama verib. Q.Hüseynli protokolun Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, Bişkek protokolu Gəncə və Yevlax şəhərlərinin işğal edilməsinə imkan vermədi.

Sabiq dövlət müşaviri bildirib ki, protokolu imzalamaq üçün Afiyəddin Cəlilov Bişkekə göndərilsə də, o, həmin gün mərhum prezident Heydər Əliyev tərəfindən geri qaytarılıb.

“Adı Bişkek protokolu kimi tanınsa da, bu sənəd Bişkekdə deyil, Bakıda imzalanıb. Bişkek protokolunun imzalanmasına o zaman Afiyəddin Cəlilov göndərilmişdi. Bizim tərəfdə də hamı elə bilirdi ki, protokol yalnız Azərbaycanla Ermənistan arasında olacaq. O zaman Rusiyanın bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov aranı qarışdırırdı. O, protokola qondarma “Dağlıq Qarabağ Respublikası”nın adını da əlavə etmişdi. Guya, atəşkəsi imzalayan tərəflərdən biri də “Dağlıq Qarabağdır Respublikası”dır. O zaman qondarma respublikanı danışıqlarda tərəf kimi göstərməyə çalışırdılar. Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqda məlumat verdi. Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi. Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı. Buradan sonra Kazimirov onları da götürərək Afiyəddin Cəlilovun ardınca Bakıya gəldi. Heydər Əliyev onu tənbeh eləmişdi ki, “sən nə haqla bizimlə razılaşdırılmadan protokola qondarma “Dağlıq Qarabağ Respublikası”nı əlavə etmisən...”.

Daha sonra Bakıda “Bişkek protokolu”na bəzi əlavələr edildi. Bu dəfə Azərbaycan tərəfindən həmin protokolu Afiyəddin Cəlilov yox, Rəsul Quliyev imzalamalı oldu. Səhv eləmirəmsə, erməni tərəfindən də Ali Sovetin sədri imzalamalı idi”, – deyə Q. Hüseynli bildirib.

Politoloq Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin “Bişkek protokolu” ilə bağlı dediklərini təkzib edərək, torpaqlarımızın ermənilərə bilərəkdən verilmədiyini, düşmən tərəfindən işğal edildiyini bildirib.

““Bişkek protokolu” ilə Azərbaycanın 6 rayonunun işğal edilməsi arasında heç bir əlaqə yoxdur. Bu, atəşkəs rejimi haqqında protokol idi. Yəni ermənilərlə bizim aramızda müharibənin dayandırılması. Bu da Rusiyanın vasitəçiliyi ilə həyata keçirilirdi. Protokolun əsas mahiyyəti müharibənin dayandırılması üçün müvəqqəti sülh sazişi idi. Rayonlar işğal edilmişdi, kimlərsə bildirirlər ki, həmin rayonlar öz tərəfimizdən verilib, bu doğru deyil.

Bu baxımdan bizim üçün “Bişkek protokolu” prisipial məsələdir. Torpaqları vermişiksə, bizi ayağımızdan assınlar. Əslində “Bişkek protokolu” erməni işğalını dayandırdı. Ermənilər Yevlaxa qədər gəlməli idilər. Hətta Gəncənin tutulması məsələsi də rusların planında var idi. “Bişkek protokolu” olmasaydı, Azərbaycan üçün böyük fəlakət yarana bilərdi”.

Qeyd edək ki, “Bişkek protokolu” Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində “DQR parlamentinin sədri” Karen Baburyan imza atıblar. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minib.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı