“Kıbrısda da Azərbaycanın səfiri olacağam”

“Baxdıq ki, Vüqar Səfərli ilə bizi ovçuluğa olan marağımız da birləşdirir”
“Piti üçün darıxacam”
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğluun Azərbaycanda səlahiyyət müddəti başa çatır. Bununla əlaqədar olaraq Modern.az-ın redaksiyasına vida ziyarətinə gələn Z.Qazioğlu saytımıza müsahibə verib.
- Zəki bəy, Azərbaycanda nə zamandan bəri çalışırsınız?
- Sentyabr ayına Bakıya gəlməyimin 6 ili tamam olacaq. Normalda KKTC-nin ölkələrdə təmsilçilərinin səlahiyyət müddəti 4 ildir. Nazirlər Kabinetinin xüsusi qərarı ilə bu müddət 5 ilədək uzadıla bilər. Ancaq müvəqqəti bir qanun da çıxmışdı, biz bu qanunun verdiyi imkandan da yararlandıq və burada olmağımız 6 il çəkdi. Həm mən burada qalmağı özüm istədim, həm də nazirlikdə buradakı fəaliyyətimizdən razı qaldılar. Ona görə də Bakıda olmağım maksimum müddət çəkdi.
- Buradan əvvəl hansı ölkələrdə diplomatik işdə olmuşdunuz?
- İlk olaraq Belçikaya – Brüsselə getdim. 1987-91-ci illər oradakı təmsilçiliyimizdə 1-ci katib olaraq çalışdım. Sonra İstanbulda müvəqqəti olaraq baş konsul vəzifəsini daşıdım. 1997-2003-cü illər arası da Cenevrədə təmsilçilik yapdım. Ondan sonra 3 il Xarici İşlər Nazirliyində çalışdıqdan sonra 2006-cı ildə Bakıya gəldim.
- 6 il necə gəldi keçdi Azərbaycanda?
- Çox sürətlə gəldi keçdi 6 il, elə bil dünən idi... Başqa ölkələrdə çalışarkən “vaxt tez gəlib keçsin, geri dönək” deyərdik, Ancaq mən buranın elə olmadığını bilirdim. ıləı Hələ 2005-ci ildə gəlib buranı görmüşdüm. Xatırlayarsınız, o zaman Quzey Kıbrısdan Bakıya birbaşa uçuş gerçəkləşdirilmişdi. Rəhmətlik Rauf Denktaşın da gəldiyi heyətdə mən də vardım.
- Demək təmsilçi kimi təyin olunmamışdan əvvəl gözdən keçirmək imkanınz olub Bakını...
- Bəli, bu kəşf səyahəti idi. Geri döndükdən sonra o zaman xarici işlər nazirimiz Sərdar Denktaşa dedim ki, mən bil il sonra Bakıya təmsilçi getmək istərdim.
- Maraqlıdır, burada Zəki Qazioğlunun günlük həyatı necə keçir? Deyək ki, sabah açıldı.
- Sabah əvvəlcə televiziyadan Quzey Kıbrıs xəbərlərini televiziyadan işləyirəm. Sonra ofisə gəldikdə Azərbaycan xəbərləri ilə tanış olmağa başlayıram. Əvvəlcə, Azərbaycanın aldığımız 3-5 qəzeti var, onlara baxıram. Sonra Türkiyə Səfirliyindən gələn mətbuat xülasəsi tanış oluram. Yəni medianı, qəzetləri yaxından izləyirəm. Təbii ki, gün ərzində görüşlər, toplantılar olur. Mən adətən gedəcəyim görüşləri ya günün əvvəlinə, ya da axşama təyin edirəm, Bu da Bakının getdikcə də ağırlaşan yol tıxacları ilə bağlıdır. Çünki, günün ortasında bir yerə getsən 2 saatını itirəcəksən. Bizim təmsilçiliyin əsas işi Quzey Kıbrısda ali təhsil almaq şansı qazanmış tələbələrə hərbi komissarlığa, Təhsil Nazirliyinə və pasport qeydiyyat şöbəsinə təqdim etmək üçün arayış verməkdir. Həmçinin orada təhsil alanlara da arayışlar verilir. Buradan KKTC-yə gedən tələbələrin sayı isə günü-gündən artmaqdadır. Ona görə burada bizim təmsilçiliyin işi də artmaqdadır. Avqustn ayı isə arayışların verildiyi əsas aydır. Həftəsonları iş bir az yüngül olur. Onda da dostlarla görüşlər təyin edilir, yaxud, şəhərdə harasa getmək lazım gəlir, Mən belə hallarda ayaqla yürüməyə daha çox üstünlük verirəm. Ancaq məsələn, şəhərdən çıxıb 20 dəqiqəyə ağaclıq olan bir yerə getmək, bax Bakıda bu yoxdur. İlk ağacı görmək üçün kilometrlərlə yol qət etməlisən. Ancaq hər həftə olmasa da, şəhərdən kənara çıxmağı da sevirəm. İlk gəldiyim vaxtlar rayon yolları çox pisdi. Bəzən buna görə gəzinti təkliflərindən də imtina edərdim. Amma indi yollar çox gözəl olub, rayonlara rahat getmək olur.
- 6 ildə Azərbaycanın nə qədər coğrafiyasını əhatə edə bildiniz?
- Hər yerə getdim, tək Gəncə qaldı. Bir ay burdayam. Bu müddəttə mütləq Gəncəyə və Naftalana gedib görmək istərəm.
- Bəs, Naxşıvana necə?
- Təəssüf ki, Naxçıvana da gedə bilmədim. Naxçıvana hər halda Kıbrısdan gələcəm (Gülür). Çünki, burada Naxçıvandan olan o qədər dostum var ki, biri ilə getsəm, o birilər inciyər. Onun üçün ən yaxşısı Kıbrısdan turist kimi gəlməkdir.
- Burada olan dostlarınızdan bir neçəsinin adını çəkə bilərsinizmi?
- Kimlərinsə adıını çəksəm, qalanları inciyə bilər.
- Bu da diplomatik cavab oldu... Eşitdiyimizə görə KİVDF-nin direktoru Vüqar Səfərli ilə də yaxın dostluğunuz var.
- Vüqar müəllimlə Azərbaycan və Quzey Kıbrıs mətbuatının əlaqələri ilə bağlı birgə fəaliyyətlərimiz vardı. Bununla yanaşı baxdıq ki, ovçuluğa olan marağımız da bizi birləşdirir... (Gülür). Bəzi adamlar ildə bir dəfə ova gedir və özünü “ovçu” sayır. Ancaq baxdım ki, Vüqar müəllim bu peşəyə professional baxımdan bağlı adamdır.
- Dediniz ki, hər il Azərbaycandan Kıbrısa gedən tələbələrin sayı artmaqdadır. KKTC-də ali təhsil almağın üstünlüyü nədədir?
- Universitetlərimizdə yüksək təhsil, diplomların dünyada tanınması ilə yanaşı səbəbərdən biri Azərbaycanda insanların maddi durumunun yüksəlməsidir. Çünki, insanlar övladlarının dünyanın daha yaxşı univesitetlərində oxumasına üstünlük verirlər. 2007-ci ildə Kıbrısda Azərbaycandan 65 tələbə oxuyurdu. Və o tələbələr təqaüd alırdı. 2008-ci ildə bu rəqəm 97-yə çıxdı. 2009-da 117-yə, 2010-da 127-yə və 2011-də isə 412-yə yüksəldi. Bu nəticənin alınmasında rektorların Bakıya səfərləri, universitet reklamlarının verilməsi də rol oynamışdı. Bu il isə reklam azdır, görmürəm. Bu il isə Kıbrısa gedəcək tələbələrin sayı 950-yə çıxdı. Ancaq buradakı qəbul imtahanları bitdikdən sonra bu sayı yüksələcəyi gözlənilir. Ancaq buradan gedən tələbələrlə bağlı bir narahatçılığımı çatdırmaq istəyirəm. Dərslərdə davamiyyəti pozan tələbələr olur, bu o onların təhsil səviyyəsinə təsir göstərir. 80 saat dərsə getməyən tələbələr var. Digər məsələ, tələbələrin işin asanına qaçmasıdır. Bizim universitetlərdə dərslər ingilis dili və türk dilində keçirilir. Burdan gedən bəzi tələbələr özlərinə zəhmət verməmək üçün ingilis dilində keçirilən dərslərə deyil, türkcə dərslərə qatılırlar. Halbuki, orada ixtisas təhsili almaqla yanaşı, ingilis dilini də öyrənmək imkanı var. Yəni, təhsilini bitirəndən sonra bir də ingilis dilinə sahib olacaqsan. Axı yalnız türkcə dərslərə gedib diplom alandan sonra təhsilin yuxarı pillələrini Avropada, ABŞ-da davam etdirmək üçün ingilis dili lazım olacaq, bu şansı niyə əldən verməlisən? İndi Azərbaycandan olan tələbələr üçün universitetlərimizdə 50 faiz güzəşt də var. Bundan tələbələr də, valideynlər də razıdırlar. Hətta övladlarının yaşaması üçün orada ev alanlar da var.
- Azərbaycandan gedib Quzey Kıbrısda sərmayə qoyan, torpaq, mülk olanlar varmı?
- İş quranlar var. Orada yerləşən də var.
- Azərbaycan vətəndaşları ilə Quzey Kıbrıs vətəndaşları arasında ailə quranlar var. Bununla bağlı sizdə hansısa statistika varmı?
- Statistika yoxdur, ancaq gəlib bizdən subay olmaları ilə bağlı arayış alanlar olduğu üçün ailə quranların olması haqda bilgim var.
- Kıbrısda təhsil almaq üçün daha çox Asiya və Afrika ölkələrindən gedirlər. ABŞ və ya Avropa ölkələrindən tələbələrin getməməsi siyasi amillərlə bağlıdır, yoxsa başqa səbəblər var?
- Avropa ölkələrində təhsilə yüksək qiymət veirlər. Həm də bir çox universitetlər ödənişsizdir. Ona görə də, tələbələr ailələrindən kənara getməyə ehtiyac görmürlər. Avropa artıq yaşlanıb və onlarda təhsillə bağlı sistem də oturuşub. Təhsil alanlar da Avropa Birliyi ölkələrinə üstünlük verirlər. Bizə isə daha çox Şərq ölkələrindən gəlirlər. Bu sırada öndə Nigeriya və İran gəlir. Hazırda Kıbrısda oxuyan 45 min tələbə var. Bunların 30-33 mini Türkiyədən gələnlərdir. Türkiyədən gələn tələbələr olmasa, bizim univeristetlərin yaşaması çox çətin olar.
- Yenidən söhbətimizin əvvəlindəki mövzuya qayıdaq – Sizin Azərbaycandakı fəaliyyətiniz və təssüratlarınıza. Hər bir toplumun özünəməxsus xarakteri olur. 6 il Azərbaycanda yaşayan Zəki Qazioğlunun nəzərində ümumiləşmiş azərbaycanlı xarakteri necə formalaşdı?
- Azərbaycan insanı ilə Quzey Kıbrıs insanı bir-birinə çox bənzərdir. Bu baxımdan, oxşarlıqlardan daha çox fərqlilikləır haqqında nələrsə demək olar. Qonaqpərvərliyi qeyd də bilərəm. Artıq dünyada bu qədər səmimiyyət qalmadı. Bundan başqa, Azərbaycanda kıbrıslı türklərə qarşı daha fərqli bir isti münasibət var. Mən bunu getdiyim hər yerdə gördüm. Burada bu qədər çox qalmağımın səbəblərindən biri də budur. Bu qardaşlıq, mehribanlıq ölkələrimiz arasında olan ən böyük üstünlükdür. Hər keçən gün imkan olduğu miqdarda münasibətləri dərinləşdiririk. Türkiyədən sonra işbirliyinin yapıldığı yer Azərbaycandır. Ondan sonra hansı ölkə gəlir, desək, ad çəkməkdə yanılarıq. Çünki, digərləri çox-çox geridədir. Hər il 40-a yaxın gediş-gəliş, qarşılıqlı tədbirlər keçirilir. Hər həftə qarşılıqlı olaraq diplomatların, millət vəkillərinin, sənətçiləırin, idmançıların səfərləri olur. Düzdür, Azərbaycan KKTC-ni tanımayıb, Ancaq münasibətlərimiz tanınan bir çox ölkələrin münasibətlərindən daha yüksəkdədir.
- Son bir sual – Quzey Kıbrısa döndükdən sonra oradan hazırlanmayan hansı Azərbaycan yeməklərini xatırlayacaqsınız ki, indi Bakıda olaydım o yeməkdən yeyəydim...
- Hər halda ağlıma daha çox piti gələrdi. Çünki, onun hazırlanma forması, xüsusi qabı, dadı başqadır. Yəni piti üçün darıxacam. Mən Kıbrısa döndükdən sonra Xarici İşlər Nazirliyində çalışacağam, Və orada da Azərbaycanın səfiri kimi fəaliyyət göstərəcəyimi deyə bilərəm.
Modern.az