Modern.az

Bələdiyyələr hesabatı kimə verməlidir?

Bələdiyyələr hesabatı kimə verməlidir?

Ölkə

29 Yanvar 2010, 10:37

AVCİYA-nın eksperti

Bələdiyyə üzvü seçilmiş 15591 nəfər 1709 bələdiyyə sədrinin seçiminə başlayıb. Prosesin ən gərgin anları isə təsadüfən yanvarın qarlı günlərinə düşüb. Belə ki, mərkəz bələdiyyələrində sədr seçimi yanvarın sonunadək başa çatmalıdır. Bizdə olan məlumata görə,  kənd və qəsəbə bələdiyyələrində prosesin 70%-i başa çatıb. Mərkəzi şəhər və rayonların bir qismində isə müəyyən məsələlər yekunlaşmadığından prosesin ləngidiyi bildirilir. Bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, bir sıra  rayonlarda hava şəraiti, bəzi rayonlarda icra başçılarının məzuniyyətdə olması prosesi ləngidən əsas səbəb kimi göstərilir. Maraqlıdır ki,  yanvarın 13-də, yəni DSK-lar tərəfindən üzvlərə vəsiqələr verilməmiş bir vaxtda,  iclas keçirən bələdiyyə də oldu. Belələliklə, icra başçısının da qatıldığı həmin bələdiyyədə  iclas qanunazidd olduğundan müvafiq strukturların təzyiqi iləonu yenidən keçirmək lazım gələcək.

Qısa şəkildə sədr seçimi ilə baglı məqamlara toxunduq. Ancaq bu gün sədr seçimi ilə yanaşı, bələdiyyə üzvlərini digər məsələlər də narahat etməyə başlayıb.

Hazırda isə əsas diqqət Milli Məclisdə (MM) bələdiyyə qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklərin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılmasına yönəlib. Belə ki, “Bələdiyyələrin statusu” haqqında qanuna əlavələrin edilməsi, habelə bələdiyyələrin MM-ə hesabat verməsi ilə bağlı qanun layihəsi artıq müzakirəyə verilib. Edilən təkliflər sırasına  “Bələdiyyələrin statusu haqqında ”AR Qanunun 19-cu maddəsinə ediləcək düzəlişlər də daxildir. Belə ki, bələdiyyə sədrlərinin üzərinə düşən məsuliyyət yükü bir qədər artırılmış, yəni  büdcənin müzakirəsi və təsdiqini vaxtında aparmayan sədrlər vəzifəsini tərk etməli olacaqlar. Bundan əlavə, həmin maddənin digər bəndində büdcə təsdiq edildikdən sonra onun ictimaiyyətə açıqlanması artıq məcburi şəkildə sədrlər qarşısında qoyulub. Söz yox ki, prosesin hansı formada həyata keçirilməsindən asılı olmayaraq, qeyd olunan məqam şəffaflığın təmin edilməsi nöqteyi-nəzərdən diqqəti çəkir. İkinci müzakirəyə çıxarılan məqam, “Bələdiyyə hesabatları” haqqında qanun layihəsidir. Xatırladaq ki, Milli Məclis bundan əvvəl Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin  təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununu qəbul etmişdi. Qanunun 9.1 maddəsində qeyd olunur: Dövlət reyestrinin elektron məlumat bazasında əks olunan məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdirilir.” Onuncu bölümündə isə qeyd edilib ki, “Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 ildə bir dəfə bələdiyyələrin siyahısını əks etdirən "Azərbaycan Respublikasının bələdiyyələri" məlumat toplusu nəşr olunur”. Şəhadətnamənin verilməsi prosesi ilə baglı yarana biləcək çətinliklərə toxunmadan  yuxarıda qeyd olunanlara da diqqət yetirsək yəqinki hər birimizdə belə sual yarana bilər: “Milli Məclis üzərinə böyük məsuliyyət yükü götürmürmü?” Belə çıxır ki, bütün bələdiyyələrin məlumat bazası Milli Məclisdə toplanılmalı və şəhdətnamələri də məhz bu orqan verməlidir. Nəticə etibari ilə Milli Məclisdə bu prosesləri həyata keçirən bir strukturun yaranma ehtimalı artır. “Bələdiyyə hesabatları haqqında” qanun layihəsinin nəzərdən keçirdikdə isə belə qənaətə gəlmək olar ki, MM məhz yerli orqanların fəaliyyəti ilə baglı bütün məqamlara diqqət yetirəcək.

Sözügüdən məsələlərə toxunmaqda məqsəd bələdiyyələrin hesabatlılıq məsələsinin bir daha gündəmə gətirmək və prosesin müəyyən qədər sadələşdirilməsinə çalışmaqdır. Xatırladaq ki, bələdiyyələr ilk öncə seçicilərinə hesabat verməli və inzibati ərazi daxilində fəaliyyəti sakinləri üçün açıq olmalıdır. Düzdür, qanunun bu tələbi bələdiyyələrin 80%- tərəfindən icra olunmur. Hər halda sözügedən tələb yəqin ki, yeni seçilmiş bələdiyyə üzvləri tərəfindən yerinə yetiriləcək. Bəs bu gün bələdiyyələrin fəaliyyəti hansı orqanların diqqət mərkəzindədir?

Bələdiyyələr inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə, torpaqla bağlı proseslərdə (xüsusəndə hərracla bağlı məqamlarda)  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, maliyyə məsələsində (dotasiyaların ayrılması ilə baglı məqamlar) Maliyyə Nazirliyinə, vergi məsələləri ilə baglı metodik tövsiyyələrlə bağlı Vergilər Nazirliyinə, ümumi fəaliyyətlə bağlı Milli Məclisə, habelə mütəmadi olaraq yerli İcra hakimiyyətlərinə hesabatlar verməlidirlər. Üstəlik bir sıra təşkilatların da dolayısı ilə bələdiyyələrdən hesabatlar tələb etməsi söz yox ki, yerli özünü idarəetmə qurumların real fəaliyyətinə ciddi şəkildə maneəçilik yaradır. Təxmini hesablamalara görə, il ərzində bir bələdiyyə müxtəlif dövlət və icra orqanlarına ayda 5 dəfə olmaqla üst-üstə 60-dək hesabat göndərməlidir. Demək, bələdiyyə konkret iş görmək əvəzinə, hər həftəyə bir hesabat hazırlamalı və onu tələb olunan ünvanlara çatdırmalıdır. Bələdiyyə qulluqçularının əməkhaqqının və ştat cədvəli üzrə işçilərin sayının son illər xeyli azaldığını nəzərə alsaq, onda bu tələbin də kağız üzərində qalması ehtimalı çoxdur. Belə güman etmək olar ki, hesabatların göndərilməsində problem yaşana bilər.

Bütün bu deyilənlərdən belə qənaətə gələ bilərik ki, bələdiyyələrin fəaliyyətini hesabat tələb etməklə zəiflətmək istəyən qurumların əsas məqsədi bu orqanları daimi nəzarətdə saxlamaqdır, desək bəlkə də yanılmarıq. Seçkili bir orqanın bu qədər instansiyaya hesabat verməsi  heç dünya təcrübəsində də yoxdur.

Yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, bələdiyyələrin hesabat sistemi mərkəzləşdirilmiş qaydada aparıla (bir pəncərə sistemi üzrə) və proses Ədliyyə Nazirliyinə tapşırıla bilər. Birincisi bu nazirliyin müvafiq strukturu artıq xeyli xaxtdır ki, fəaliyyədədir və müəyyən təcrübə qazanıb. Həm də bələdiyyələrlə sıx iş təcrübəsi var.  Bələdiyyələrin Dövlət reyestr xidmətini məhz bu nazirliyin tərkibində fəaliyyət göstərən qurumların səlahiyyətlərinə aid etmək olar. Habelə nazirliyin regional bölmələri də artıq fəaliyyətdədir.  Bununla ümumi prosesə nəzarət mərkəzləşər, hesabat forması bir qaydada hazırlanar və bələdiyyə 60 hesabat əvəzinə maksimum iki hesabat hazırlayıb mərkəzə göndərər. İnformasiyalar da qurumun mərkəzi məlumat bazasında toplandığından. hər bir dövlət orqanı üçün də bu informasiyanı əldə etməkdə heç bir problem yaratmaz.

Nəticə etibari ilə, Azərbaycan bələdiyyə sisteminin qarşılaşdığı problemin biri azalar. Milli Məclis qanunverici orqan olaraq hər hansı məlumat toplamaq və ya hər hansı məsuliyyət yükünü üzərinə götürməklə deyil, məhz bələdiyyə qanunveriliyindəki çoxsaylı boşluqların aradan qaldırılması ilə məşgul olsa, söz yox ki, bu, ümumi işin xeyrinə olardı. Onda bələdiyyələr həqiqətən demokratiya yolunda növbəti inkişaf mərhələsinə qədəm qoymuş olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?