“Azərbaycandan gözləntimiz gənclərimizin bu ölkədə təhsil almasına yardımçı olmasıdır”
İraqın Ərbil şəhərindən yayınlanan “Türkmən” Radiosunun direktoru Riyaz Əziz Həsən Modern.az saytının suallarını cavablandırıb:
- Riyaz bəy, əvvəlcə özünüz haqqında bilgi verməyinizi istərdik.
- Mən Riyaz Əziz Həsən, ədəbiyyat dünyasında Riyaz Dəmirci olaraq tanınıram. 1974-cü ildə İraqın Ərbildəki Qalasının Ev məhəlləsində zadəgan türkmən ailəsində doğulmuşam. İbtidai və orta məktəbi, liseyi Ərbildə bitirmişəm. 1989-cu ildən ədəbiyyat dünyasına açıldım o zamandan Türk dünyası ədəbiyyatlarını oxuyaraq, özümü inkişaf etdirmək üçün səy sərf etmişəm. İraqın siyasi iqtidarında yaşanan 1991-ci il inqilabında və Şimali İraqın Federal bir bölgəsinə çevrilməsi illərinin başlanğıcında siyasi sahədə türkmən siyasi partiyalarında gənclik hərəkatları quruldu və orada üstün vəzifələr aldım. 1993-2001-ci illər arası Bilkent Universitetinin mediya fakültəsində TV, Radio və mətbuat sahəsində oxudum və məzun oldum. 1994-cü ildə “Türkmeneli” qəzetinin ilk çıxış tarixindən etibarən istər ədəbiyyat,istər mədəniyyət və siyasi sahələrdə də dəyişik hadisələri əhatə edən yazı və məqalə yazdım. 2012-ci ildə Ərbildə Türkmənevi müəssisəsinin Türkmən Ədəbiyyatçı və Yazıçılar Birliyi quruluş Konqresini təşkil etdilər və yüzlərlə ədəbiyyatçılar iştirakından birliyin İdarə heyəti üzvü əlaqələr büro məsulu olaraq seçildim.
- Rəhbəri olduğunuz “Türkməneli” radiosu haqqında da bir qədər məlumat verin.
- Türkmən İslahat Radiosu 1993-cü ildə Türkmeneli Radiosu adı altında təsis olunub. Şimali İraq Ərbil bölgəsində baş verən xalq inqilabından sonra qurulan ilk radiolardan biridir. Türkmənlərin tək səsi olan bu radio eyni zamanda hər sahədəki dəyişik proqramlarıyla xalqın təsəllisi olmuş və keçirilən bir çox sorğularda birinciliyi əldə etmişdir. Siyasi hadisələr üzündən bir neçə dəfə hücuma və qarətə uğrayan radiomuz hələ dayanır və heyəti vasitəsilə işlərini ən gözəl bir şəkildə davam etdirməkdədir. 19 il boyunca heç səsi kəsilməyən bəzi dövrlərdə 24 saat boyunca FM 98.00 tezliyində yayımına davam etmiş və xalqın gündəlik yüzlərlə telefonlarını qarşılayır. Hədəfimiz bu gözəl radionun daha da inkişaf etdirilməsi və yeni müasir cihazların vasitəsilə peyk və internetə çıxarmaqdır.
- İndi bütövlükdə Türkmən Elində durum necədir?
- Şanlı türkmən xalqı hazırda İraq daxilində Türkməneli bölgəsində ikiyə ayrılmış vəziyyətdədir. Şimali İraq və orta bölgəsi. Şimali İraq yerli kürd hökumətinin nəzarəti altındadır. Orta bölgələr Kərkük, Telafər, Mendeliyə qədər mərkəzi İraq hökumətinin nəzarəti altındalar. Şimaldakı türkmənlərin siyasi sahədə özlərinə bağlı partiyalar təşkilat quruluşları var. Parlament də nümayəndə olaraq 5 beş millət vəkilləri vardır. Hökumətdə sənaye və ticarət naziri türkməndir. İraqın orta bölgəsindəki türkmənlərin ağırlıqları daha çoxdur. Vəziyyətləri çox pisdir. Terror problemi orada ciddi bir şəkildə xalqı təhdid altında saxlamaqdadır. Hər gün türkmənləri bu hadisələrdə qətl edirlər. Siyasi və inzibati üstünlüklərin olmasına baxmayaraq həyat şəraitləri çox aşağıdır. Bir də şiə və sunni çəkişmələri arasında qalan türkmənlər çox təsirlənmiş və hadisələrin çoxunda qurban gedirlər. Mərkəzi İraq hökumətində türkmənlərə yer yoxdur. Kərkük məclis başçısı türkməndir, polis rəisinin müavini türkməndir. Başqa həssas vəzifələri götürməmişlər. İraq parlamentində olan 4 türkmən millət vəkili isə ayrı-ayrı partiyaları təmsil edir.
- Kərkükün statusu ilə bağlı məsələ nə yerdə qalıb?
- Kərkük statusunun çox çətin və həll edilməz bir mərhələdə olduğu məlumdur. Siyasi mənfəətlər ziddiyyətlərə səbəb olur və indiyə qədər qeyri-müəyyənlik davam etməkdədir. Təəssüf ki, bu vəziyyət çox daha pisliyə doğru sürüklənir.
- Turkmən qardaş-bacılarımızın bu gün Türk Dünyasından, Azərbaycandan gözləntiləri, umacaqları nədir?
- İraq türkmənlərinin Azərbaycanı qardaş və dost ölkə gördüklərinə əmin ola bilərsiniz. Hər şeydən əvvəl ləhcəmiz bir-birinə yaxındır. Danışıq şivəsi az qala eyni sayıla bilər. Aradakı fərq yazı tipləridir. Biz türkmənlər ərəb əlifbasını istifadə edirik və yeni nəsil latin əlifbasını də istifadə etməyə başlamışlar. Ənənələrimiz bir-birinə yaxındır. Türkmən xalqının Azərbaycan xalqı ilə qardaşlıq bağları var. Könüllər və duyğular həmişə birdir. Bir-birimizin əsərlərini eşidincə həqiqətən ruhumuz yüksəlir. Bizim Azərbaycandan gözləntilərimiz daha çox türkmənlərin haqq səsinin dünyaya çatdırılmasında, gənclərimizin bu ölkədə təhsil almasına yardımçı olmasıdır.
Modern.az