Ötən həftənin bazar günü “Dərnəgül” bazarında gördüklərim (kaş görməyəydim) məni əməlli-başlı təəccübləndirdi, hətta, deyərdim, sarsıtdı, şoka saldı. Düzünü desəm, son illər özümə bərk-bərk söz vermişdim ki, bundan sonra daha heç nəyə təəccüblənməyəcəm, türk qardaşlarımız demişkən, “şoke” olmayacağam. Çünki son 15-20 ildə, eləcə də gündəlik həyatımızda yaşananlar, qlobal mənada götürsəm, dünyamızda baş verənlər məni belə bir “qənaətə” gəlməyə, “qərar” verməyə vadar etmişdi və bu baxımdan hesab edirdim ki, artıq məni bu həyatda təəccübləndirəcək bir şey qalmayıb, yoxdur, ola da bilməz. Amma məşhur atalar məsəlində deyildiyi kimi, sən saydığını say, gör fələk nə sayır...
Qeyd etdiyim kimi, ötən həftənin bazar günü Bakının məşhur “Dərnəgül” bazarına getmişdim, həyətyanı sahəmdə xırda-para təmir işləri ilə əlaqədar yolumu oradan salmalı olmuşdum. Çünki yaşadığım yerə və şəhərin digər yerlərinə nisbətən bu bazarda nisbətən ucuzluqdur, əgər buna da ucuzluq demək, mümkünsə. Nə isə, təmir işləri üçün mənə lazım olanları aldıqdan sonra gəldiyim maşınla evə qayıdırdım ki, bazarın girişində gördüyüm mənzərə məni dəhşətə gətirdi. Daha doğrusu, yanımda əyləşən tanış ustalardan biri dedi ki, “müəllim, bir o tərəfə baxın, iki qadın “KamAZ”a kərpic “vurur”...”.
Bu mənzərəni seyr etməyi, görməyi qəlbində, damarında, qanında azacıq olsa belə, vicdanı olan heç bir kəsə, xüsusilə də, kişi cinsindən olanlara arzu etməzdim, əyləşdiyim “Mercedes”in kondisionerli, komfortlu salonundan bu dəhşətli tablonu seyr etmək mənim uçun sanki bir cəhənnəm əzabı idi...
İfadəmə görə üzr istəyirəm, az qala tüpürcəyin boğazda quruyan, istidən yerindən tərpənmək mümkün olmayan bir vaxtda, günün ən qızmar çağında - saat təxminən 3-4 arası olardı - iki Azərbaycan qadını-adına şeirlər, nəğmələr, dastanlar qoşduğumuz, geninə-boluna vəsf etdiyimiz, göylərdən-göylərə qaldırdığımız, baş tacı saydığımız (həmin anları göz önünə gətirdikcə bu ifadələr, sözlər mənə çox yersiz, əttökən və cılız görünür) zərif və zəif cinsin iki nümayəndəsi onları nəzərləri, baxışları ilə süzən kişi cinsindən olanların gözləri qarşısında havanın istisinə, yerin-göyün od tutub yanmasına baxmayaraq, kərpic yükləyirdilər, sürücülər demişkən, “KamAZ”a kərpic “vururdular”...
Bu bazarda hər gün yəqin ki, imkanlı-imkansız yüzlərlə, bəlkə də minlərlə insanın-kişinin yolu düşür, hərəsi də öz cibinə, öz kisəsinə, öz imkanına uyğun olaraq buradan alış-verişini edib gedir, hətta, kor-peşman, əliboş qayıdanları da olur. Allah, imkansızlığın, pulsuzluğun üzünü qara eləsin! İmkansızları demirəm, bu bazara yolu düşən imkanlı kişilərdən görəsən, heç olmasa birinin bu qadınların vəziyyətinə, halına, hansı ki, kişilər tutmalı olduqları işin qadınlar tərəfindən görülməsinə görə ürəyi sızlayıbmı, öz-özünə deyibmi, gör nə günə qalmışıq ki, namusunu hər şeydən üstün tutan, bədənini satmayan (bəlkə də satmaqdan cana doyan, zara gələn) bu iki Azərbaycan qadınına bir yiyə duran yoxdur? Yiyə duran yoxdursa, Allah eşqinə, heç olmasa, onlara mən yiyə durum, möhtacı olduqları bir parça çörəyi onlara mən özüm verim deyən olubmu? Görüdüklərimsə məni həmin insanların bu cür düşüncədən çox uzaq olduğuna maləsəf inandırdı, daha doğrusu, inamımı beton kimi “möhkəmlətdi”...
Yeri gəlmişkən, mənimlə bazara gedən ustalardan biri dedi ki, burada tikinti mallarının alış-verişiylə məşğul olan hər bir sahibkar ayda haradasa 100 min manat icarə haqqı ödəyir. Bəlkə də indiki reallıqda bu rəqəm kimin üçünsə adi görünə bilər, amma elə bilirəm ki, bu rəqəm böyük əksəriyyətimiz üçün fantastik bir rəqəmdir. Deməli, 100 min icarə haqqı ödəyən oğlan yəqin ki, ayda ən azı 400-500 min pul qazanır və qatlayıb cibinə qoyur, yenə deyirəm, ən azı. Onun da fərqindəyəm ki, bura Azərbaycandır, həmin pulun heç də hamısı sənin, sahibkarın, iş adamının ola bilməz, onu ata malı kimi bölməlisən, bunun axı polisi, icrası, vergisi və sairəsi var. Amma bu yerdə qeyd edim ki, heç kimsə də boşu-boşuna özünü günə verməz, yəni, xeyri olmasa, obyektini işlətməz, alış-verişini etməz.
Belə olan halda, görəsən, həmin iki xanımı dolandırdığını, onlara çörək verdiyini, bununla da savab iş gördüyünü düşünüb rahat-rahat nəfəs alan, adını da bilmədiyim və bilməyə də ehtiyac duymadığım həmin məxluqat, həmin sahibkar bir anlıq olsa belə, öz anasını, bacısını, həyat yoldaşını, qız övladı varsa, onu göz önünə gətirirmi? Görəsən, onun anası, bacısı, həyat yoldaşı və ya qız övladı, Allah eləməmiş, kişi cinsindən olan yekəpərin qarşısında daş, kərpic “vurmaq” demirəm, qabyuyan, yer süpürən olsaydı, bundan nə ləzzət alardı, nə vəziyyətə düşərdi? Ancaq gördüklərim məni yenə dərhal belə bir nəticəyə gəlməyə vadar etdi ki, ömür boyu bu adam və ya adamlar bunu bir anlıq olsun belə, xəyallarından keçirməyiblər. Keçirsəydilər, o zaman qarınların qabağa verib, əllərini bellərini qoyub, qadın xeylağının bu əzablı, utancverici işə qatlanmağına, aşağılanmasına razı olmaz, buna ürəklər yetməzdi. Amma dönə-dönə təəssüflər olsun ki, onlarda nə belə bir düşüncə, nə vicdanla döyünən qəlb var. Onları düşündürən ancaq və ancaq paradır, dollardır, avrodur...
Çox güman ki, bu fikirlərimə görə məni qınayanlar, mənə istehza ilə yanaşanlar, məni sadəlövh hesab edənlər, başını yelləyənlər olacaq. Deyəcəklər ki, buna bir bax, gündə nələr-nələr baş verir, gör bu nəyin hayındadır, başına sözmü, yazmağa mövzumu qəhət olub? Bəlkə də son illər dünyamızda baş verənlərin, yaşananların, xüsusilə, Qarabağ itkilərimizin fonunda çox şeylər bizim üçün adiləşib, təəccüblənəcək nəsə qalmayıb. Ancaq “Dərnəgül” bazarında gördüklərim, müşahidə etdiklərim və o gündən bəri iztirabla, əzabla yaşadıqlarım deyir ki, yetər, bunlara bir dur deməyin, son verməyin vaxtıdır. Hələ vaxt, zaman var və bundan düzgün istifadə etmək, rəhmə, mərhəmətə gəlmək, Allah, tövbə yoluna qayıtmaq lazımdır. Zamanı, məqamı düzgün dəyərləndirməsək, rəhmə, mərhəmətə, imana gəlməsək, Allah yoluna qayıtmasaq, səhv, günah əməllərdən, zina işlərdən tövbə etməsək indiyə kimi gördüklərimiz, yaşadıqlarımız qarşıda bizləri gözləyənlərin yanında toya getməli olacaq və bunun da ən dəhşətli, ən əzablı zərbəsi elə bizlərə dəyəcək.
Müqəddəs “Quranı-i-Kərim”də buyurulub ki, nə vaxtsa qiyamət günü gələcək. Ancaq bəlkə də fərqində deyilik, qiyamət günü artıq gəlib, qapımızın astanasındadır!