Modern.az

Möcüzələr şəhəri

Möcüzələr şəhəri

Ölkə

11 Fevral 2010, 18:23

Təxminən yarım ay əvvəl telekanallardan birində İstanbula yağan qara baxırdım. Nur topu kimi göydən ələnən qar dənəciklərini gördükcə burnumun ucu göynəyirdi. Sanki küçələrə ağappaq xalı sərilmiş, binalar gəlin kimi bəzənmişdi. Sonra pəncərədən Bakımıza baxdım. Qış bizə hələ qonaq gəlməmişdi. Ürəyim qubar bağladı və duaya başladım: “Allah, bu il niyə bizi qarsız qoyursan? Niyə öz rəhmətini bizdən əsirgəyirsən? Öz rəhmətinə xatir bizim ölkəmizi də öz qarınla zinətləndir”.

 

Bir gün səhər yuxudan oyananda uşaq kimi sevincimdən atılıb-düşürdüm. Hər yan ağappaq olmuşdu. Gecə ilə yağan güclü qar paytaxtın küçələrini örtmüşdü. “Duam qəbul olundu” deyib, şükr elədim. Amma elə həmin gün arzuma da, duama da peşman oldum.

 

Hardan ağlıma gələydi ki, öz “əzəməti” ilə ilboyu sinəsinə döyən Bakı bir günlük qara diz çökəcək? Hardan biləydim ki, adi günlərdə “sərnişin qazanmaq” uğrunda ölüm-dirim mübarizəsinə çıxan marşrutlardan biri də gözə dəyməyəcək? Necə düşünəydim ki, həsrətindən qovrulduğum qar həftələrlə Bakının küçələrində yadigar qalacaq və ömrümüzü qısaldacaq?

 

Hələ xam xəyala qapılıb nələri ağıl etməmişəm. Sən demə “təndirxanalar işləmir” adıyla 30 qəpiklik çörək bir manata satılacaqmış. Bilmirdim ki, binaların su xətləri öz fəaliyyətlərini bir anda dayandıracaq və günlərlə evlərdə bir udum su tapılmayacaq.

 

Adam həmişə öz dilinin bəlasına düşər axı. Həmin gün axşam yaşadığım rayonda elektrik enerjisi kəsildiyindən səhərəcən soyuqdan dişim-dişimə dəydi, amma “öz bəlamdı” deyib dözdüm. Növbəti gün küçənin ortasına qalaqlanmış qar topalarının əlindən 5 addımlıq yolu 5 kilometrlə əvəzlədim, yenə səbr etdim.

 

Doğrusu bütün bunları yaşadıqca, içimdə özümü söymürdüm desəm, yalan olar. Nəhayət, qarın ardı kəsildi və ağ günə çıxdığımızı xəyal etdim. Amma sən saydığını say, gör Bakımız nə sayır. Qar əridikcə suyu palçığına qarışan şəhərdə addım atmaq mümkünsüz oldu. Azacıq yağışdan axar çaya dönən Yasamal küçələri Nil nəhrinə çevrildi. 

Vallah başıma gələnləri saydıqca öz-özümə utanıram. “Yaxşısı budur susum və bir də yersiz xəyala düşməyim” deyirdim ki, xəbər gəldi: Deyirlər qar yağacaq. Tələm-tələsik hava proqnozunu gözdən keçirdim. Məlum oldu ki, Bakı və Abşeron yarımadasında fevralın 11-də hava buludlu, arabir yağıntılı olacaq, sulu qar, qar yağacaq, şimal-şərq küləyi əsəcək, fevralın 14-dək davam edəcək olan qarlı günlər kəskin buzlaşma ilə müşayət olunacaq.

 

Ağlıma gələn ilk fikir o oldu ki, indi duamı bir qədər əhatəli edim. Və başladım: Allah qar göndərməmişdən əvvəl başımızda duranlara insaf göndər ki, barı işığımız sönməsin, qazımız kəsilməsin, suyumuz qurumasın, yollarımız bağlanmasın, qiymətlərimiz bahalaşmasın, nəqliyyatımız qeybə çəkilməsin və sair. Amma nədənsə bu duanın şirin yerində yadıma bir əhvalat düşdü:

 

Yoldan ötən bir nəfər Mollanın çay kənarında oturduğunu görür. Baxır ki, Molla əlindəki bardaqdan qaşıq-qaşıq çaya qatıq səpir. Soruşur: 

- Ay Molla nə edirsən?

- Qatıq çalıram.

- A kişi boş yerə əlindəkini zay etmə. Heç su da dönüb qatıq olar?

Molla qəmli-qəmli bol sulu çaya nəzər salıb deyir:

- Mən də bilirəm olmaz, amma olsa, əntiqə olar.

 

Nə etməli? Gəlin birlikdə edək. Bəlkə də duamız qəbul olundu...

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?