Modern.az

Ermənistana köməyə gedən azərbaycanlılara "qanlı təşəkkür" - HADİSƏ

Ermənistana köməyə gedən azərbaycanlılara "qanlı təşəkkür" - HADİSƏ

Ölkə

8 Dekabr 2012, 23:04

Sumqayıt sakini Vaqif Əhmədovun 24 il bundan əvvəl gördüyü dəhşətlər…


Ermənistanda zəlzələ nəticəsində zərər çəkmiş ermənilərin xilas edilməsi əməliyyatının iştirakçısı, buna görə ermənilərin “təşəkkürünü” şəxsi təcrübəsində görmüş şəxs barədə jurnalist Rəhman Orxanın məqaləsini təqdim edir.

1988-ci il dekabrın 9-da respublikanın ovaxtkı rəhbəri, “böyük humanist” Ə.Vəzirovun göstərişi ilə Vaqif Əhmədov yoldaşları ilə birlikdə “başıbəlalı” erməniləri xilas etmək üçün Leninakana göndərilmişdi.
Zərərçəkənlərin xilas edilməsi üzrə növbəti əməliyyat zamanı Vaqif bir qadını və iki uşağı uçmuş evin altından yenicə çıxarmışdı. Elə bu anda ermənilər ona “təşəkkür” əlaməti olaraq ağır bir əşya ilə başına güclü zərbə endirdilər. Azərbaycanlı xilasedici sanki möcüzə sayəsində sağ qaldı.

...Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində çalışan Vaqif Əhmədov zəlzələnin ertəsi gün təyyarə ilə Leninakana göndərilmişdi. Onu işdən birbaşa oraya göndərdilər. Ehtiyatda olan başqa zabitlər kimi, Vaqifin də bu barədə ailəsinə xəbər çatdırmasına belə imkan vermədilər (o vaxt hələ mobil telefon yox idi). Bəziləri buna etiraz edərək bildirirdilər ki, bizə açıq-aşkar nifrət bəsləyən adamlara kömək etmək lazım deyil (xatırladaq ki, bu hadisə 1988-ci ilin dekabr ayında olmuşdu: ermənilərin başladığı münaqişə get-gedə güclənməkdə idi).

“Bakı şəhəri xüsusi rayonunun” komendantı general Tyaqnov onları hədələyərək demişdi: “Buradan ya Ermənistana gedəcəksiniz, ya da həbsxanaya!”. “Könüllüləri” (obyektivlik naminə etiraf etməliyik ki, belələri də vardı, onlar səmimiyyətlə inanırdılar ki, baş vermiş faciədən sonra Ermənistandakılar ağıllarını başlarına yığacaqlar, hər halda dəhşətli fəlakətlə üzləşmiş adamlara kömək etmək lazımdır) gecə ikən təyyarə ilə Ermənistana göndərdilər ki, onlar uçqunları araşdırsınlar, zərərçəkənləri, uçqunlar altında qalanları xilas etsinlər.

Dekabrın 9-da səhər saat 10-da qrup artıq Leninakanda idi. Lakin məlum oldu ki, burada onları heç kəs gözləmirmiş. Bunun nəticələri də aydındır. Təxminən 80 nəfərdən ibarət dəstəyə rəhbərlik etmək müvəqqəti Vaqif Əhmədova tapşırılmışdı. Həm xilasetmə işini, məişət məsələlərini tənzimləmək, həm də öz adamlarımızın mühafizəsini təşkil etmək lazım idi. Erməni-daşnaklar Ermənistana nəcib missiya ilə gəlmiş bu insanları gecənin qaranlığında tamamilə məhv etmək üçün dəfələrlə cəhd göstərmişdi. Yalnız Vaqifin sayıqlığı, onun ehtiyatlı davranışı və qətiyyəti sayəsində ermənilər azərbaycanlı gənclərin həyatına qəsd edə bilmədilər.

Bir gündən sonra Azərbaycandan gələn daha bir dəstə V.Əhmədovun dəstəsinə qoşulmalı idi. Həmin dəstə İL-76 təyyarəsi ilə gəlməli idi. Lakin ermənilər hətta onlara köməyə gələnlərə münasibətdə də dəhşətli alçaqlıq edərək bu təyyarənin yerə enməsinə imkan verməmiş, onu havada ikən vurmuşdular (ermənilərin kəşfiyyatı bu dərəcədə operativ və dəqiq işləyirdi –silahlılar dəqiq bilirdilər ki, bu təyyarə Bakıdan gəlir).
Təyyarədə sülhyaratma missiyası ilə gələn cavanlar isə Azərbaycanın bütün regionlarını təmsil edirdi, onların heç nədən xəbəri yox idi. O vaxt həmin təyyarədəki adamlar arasında yalnız bir nəfər – Fəxrəddin Balayev salamat qalmışdı. Həmin gecə Vaqif Əhmədov faciə yerinin yaxınlığında idi. Ətrafda hər şey alova qərq olmuşdu. Vaqifə elə gəlirdi ki, deyəsən doğrudan dünyanın axırıdır. Partladılmış təyyarə parça-parça olaraq ətrafa səpələnirdi, göyə ucalan alovun dilləri bu ərazini əsl cəhənnəmə döndərmişdi. Təyyarədə uçanların kim olduğunu, onların haradan gəldiyini hələ dəqiq bilməyən Vaqif çox fikirləşmədən təyyarənin quyruq hissəsi ilə birlikdə güclü partlayış dalğasının təsiri ilə böyük bir daşın yanına düşmüş adama köməyə tələsdi. Ağır yaralanmış. Qanına bələnmiş cavan oğlan ağrının təsirindən “Öldüm, ana!...” deyə qışqıranda Vaqif başa düşdü ki, bu təyyarədəki adamlar onun həmyerliləri – azərbaycanlılardır. O, özlərini yetirmiş yoldaşları ilə birlikdə Fəxrəddini təhlükəsiz bir məsafəyə yenicə çatdırmışdı ki, növbəti partlayış səsləri eşidildi və böyük bir sahədə əvvəlkindən daha şiddətli yanğın başlandı. Onlar ağır yaralanmış Fəxrəddini çətinliklə də olsa, hərbi xəstəxanaya çatdıra bildilər. Orada gərgin rejimdə işləyən rus həkimlər uçqunların altından çıxarılmış insanları həyata qaytarmağa çalışırdılar. Ədalət naminə deməliyik ki, o vaxt həmin həkimlər F.Balayevi xilas etmək üçün əllərindən gələni əsirgəmirdi.
Həmin anda Vaqifin heç fikrinə də gəlməzdi ki, ertəsi gün o özü də Fəxrəddinlə eyni hospitalda olacaq.

...12 dekabr. Daş uçqunlarını araşdırmaq çox çətin idi, daha kimisə xilas etməyə ümid yox dərəcəsində idi. Üstəlik, ətrafdakı daşnak tör-töküntüləri Azərbaycan əleyhinə çığır-bağır salır, bizimkilərə düşmən nəzəri ilə baxırdılar. Ermənilərin bütün nifrətinə, onların hər cür alçaqlığa hazır olmasına baxmayaraq, Vaqif Əhmədovun könüllü şəkildə komandirlik etdiyi birinci Azərbaycan dəstəsi öz missiyasını yerinə yetirməkdə davam edir, ana südü ilə qanlarına hopmuş, ulu tanrının və müqəddəs Quranın ideyalarını rəhbər tuturdular. Həmin gün uçqunları araşdırarkən Vaqif 3-4 yaşlarında bir rus uşağının cəsədini aşkar edəndə həyəcandan az qala huşunu itirəcəkdi. Güclə özünü saxladı, ona elə gəlirdi ki, torpaq ayaqları altından qaçır...Növbəti plitəni qaldıranda isə orada bir erməni qadın və iki uşaq aşkar etdilər. Havasızlıqdan rəngi saralmış, son dərəcə zəifləmiş bu adamlar sanki möcüzə sayəsində sağ qalmışdı. 7 yaşlı qızcığazı uçqunların altından çıxarıb yaxınlıqdakı adamlara təhvil verəndən sonra Vaqif nəfəsini dərərək bir qədər dincəlməyə hazırlaşırdı. Elə bu anda, çox ağır bir əşya ilə başına vurulmuş zərbədən kəskin ağrı hiss etdi. Bir neçə saatdan sonra ayılanda artıq hospitalda, hərbi həkimlərin əhatəsində idi. O, həyatını xilas etmiş bu insanlara hələ də minnətdardır... Beləliklə, Vaqif bir gün əvvəl Fəxrəddin Balayevin çatdırdığı hospitala düşdü.

Elə həmin gün Moskva televiziyası və radiosu (o vaxt onlar Mərkəzi Televiziya və Radio adlanırdı) həmyerlimizin bir erməni ailəsini xilas etməsi və həlak olmuş rus oğlanın cəsədini uçqun altından çıxarmasını xəbər vermiş, keçmiş SSRİ-nin mərkəzi qəzetlərində bu barədə xəbər dərc edilmişdi, lakin konkret ad və soyad göstərilməmiş, sadəcə “hərbi qulluqçu” sözləri yazılmışdı. Eyni qayda ilə İL-76 təyyarəsində Ermənistanda zəlzələdən zərər çəkənlərə köməyə gedərkən həlak olmuş adamların ailələrinə başsağlığında da göstərilməmişdi ki, həmin təyyarədə uçanlar sadəcə sovet hərbi qulluqçuları deyil, ehtiyatda olan azərbaycanlı zabitlər idi.

...Hərbi həkimlərin sayəsində Vaqifin halı ertəsi gün bir qədər yaxşılaşan kimi o, Fəxrəddini soruşdu – o sağdırmı? Tibb bacılarından biri ona gizlicə bildirmişdi ki, ermənilər təyyarəni partladandan sonra sağ qalmış yeganə azərbaycanlının bu hospitalda müalicə olunmasından xəbər tutaraq indi onun da işini bitirmək istəyirlər. Həkimlər qan içən erməniləri inandırmağa çalışırdılar ki, F.Balayev hospitalda yoxdur, lakin onlar həkimlərə inanmır və hospitalın işçilərinə təzyiq göstərməkdə davam edirdilər.

Xoşbəxtlikdən, Vaqifin ağlına maraqlı bir ideya gəldi – Fəxrəddini kişilər yatan palatadan qadınlar yatan palataya keçirdilər. Qəribə də olsa, daşnaklar bu variantı ağıllarına belə gətirmədilər. Ağır yaralanmış Fəxrəddinin həyatını xilas etmək üçün həmyerlisi ilk dəqiqələrdən mübarizə aparırdı. Ertəsi gün səhər tezdən Fəxrəddini hərbi təyyarə ilə Moskvaya, müalicə olunmağa göndərdilər. Vaqif isə bir qədər müalicə olunduqdan sonra öz yoldaşları ilə birlikdə Bakıya qayıtdı. Fəxrəddin Balayev Moskvada uzun müddət müalicə olunduqdan sonra Xırdalana, öz ailəsinin yanına qayıtdı. Doğmaları buna da şad idilər – təyyarə partlayandan sonra möcüzə sayəsində salamat qalmış yeganə adam Fəxrəddin idi. Onun sağ qalmasında xilaskarı Vaqif Əhmədovun mərdliyi, sayıqlığı və qətiyyəti də az rol oynamamışdı.

Lakin cəsur azərbaycanlı, hazırda 2-ci qrup əlil olan Vaqifin igidliyi və şücaəti istər sovet dövləti tərəfindən, istərsə də ovaxtkı Azərbaycan hökuməti tərəfindən layiqincə qeyd edilməmişdi.

İndi Vaqif Əhmədov Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədridir. Onunla eyni vəziyyətdə olan insanların həyatını asanlaşdırmaq üçün ondan asılı olan hər şeyi edir. Şərəflə, ləyaqətlə yaşayır, özünə xas olan yüksək insani keyfiyyətləri itirməmişdir, tale onu çox çətin sınaqlara çəkdiyinə baxmayaraq heç nəyə görə təəssüflənmir.


Rəhman Orxan
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı