Modern.az

Azərbaycan yolu: iqtisadi özəlliklər

Azərbaycan yolu: iqtisadi özəlliklər

Ölkə

22 Aprel 2013, 11:49

Akif Nağı

Müstəqilliyinə yeni qovuşmuş dövlətin iqtisadiyyatının qurulması ən çətin işdir. Bu mənada ölkəmiz çox böyük çətinliklər içərisindədir. Burada ənənəvi xammal istehsalına yönəlik iqtisadiyyatın əngəlləri, dünyada ağır iqtisadi rəqabətin mövcudluğu, siyasi müstəqilliyimizi məhdudlaşdırmağa çalışan böyük dövlətlərin iqtisadi təzyiqləri, kadr və texnologiya problemləri və digər amillər göz önünə alınmalıdır. Üstəlik, torpaqlarımızın 20 faizinin işğal altında olması, bir tərəfdən, ölkə iqtisadiyyatı üçün birbaşa zərbədir, inkişaf imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, iqtisadi gəlirin böyük bir hissəsi hərbi xərclərə sərf olunur. Bütün bu əlavə çətinliklər onsuz da ağır olan vəzifəni bir qədər də çətinləşdirir.

İqtisadi inkişafla bağlı yol göstərmək, prinsipləri müəyyənləşdirmək böyük məsuliyyət tələb edir. Çox təəssüf ki, bizim yüksək səviyyəli iqtisadçılarımız, bu sahənin ekspertləri məsələyə həddindən artıq yüngül və başısoyuqluluqla, “başdan getdi” prinsipi ilə yanaşırlar. Bu, qeyri-ciddi və konyuktur yanaşma bizi çox narahat edir. Ən geniş yayılmış mövqe ondan ibarətdir ki, “velosiped icad etməyə” ehtiyac yoxdur, hazır yolla, Qərbin getdiyi yolla getmək lazımdır. Bu yolu bizə Qərbin getdiyi yol kimi təqdim edirlər. Əslində iqtidarlı, müxalifətli bütün iqtisadçıların bizə təklif etdikləri, Qərbin getdiyi deyil, Qərbin bizə təklif etdiyi yoldur. Bu iki məsələnin arasındaı fərqi anlamalıyıq. Başa düşməliyik ki, böyük dövlətlər bizə özlərinin getdiyi yolu təklif etmirlər, çünki onlar bizim onların yolu ilə gedib, “böyük” olmağımızı istəmirlər. Onlar bizim onların yanı ilə gedib, onların tapşırıqlarını yerinə yetirməyimizi , çatışmayan elementlərini düzəltməyimizi, boşluqlarını doldurmağımızı (məsələn, xammalla), onların iqtisadiyyatının sədaqətli əlavəsinə, yedək oyunçularına çevrilməyimizi, bir sözlə, “böyüklər”in “kiçikləri” olmağımızı istəyirlər. Mən çox da iti olmayan gözlərimlə bunları görürəm, tanınmış iqtisadi ekspertlərimiz isə bunu görmür və ya görmək istəmirlər. Bu başabəla ekspertlər üçün qrantların alınması daha maraqlıdır. Ona görə də xaricdən gələn istənilən  ideyanı var qüvvələri ilə təbliğ edir və özlərini böyük mütəxəsis hesab edirlər.

Biz seçim qarşısındayıq və bu vəziyyətdə başabəla ekspertlərin ictimai rəyi və onunla birlikdə ölkəni də yanlış istiqamətə yönəltmələrinə imkan vermək olmaz. XIX əsrin ikinci yarısında Yaponiya və Almanya, XX əsrin son qərinəsində Çin bu seçim qarşısında idilər. Seçim qarşısında olanlar çox olub, mən bu üçünü seçdim. Yaponiya uzun axtarışlardan sonra “Qərb texnologiyası və yapon ruhu” seçimini etdi. Almanya, Listin, Çin isə Den Syaopinin reseptini əsas götürdülər. Hər üç ölkəni fərqləndirən cəhət başqasının deyil, öz yolları ilə getmələridir.

Bütün bunlara söykənərək hesab edirəm ki, Azərbaycan öz iqtisadiyyatına sahib olmaq üçün merkantil iqtisadi siyasət yeritməlidir, qismən qapalı iqtisadi sistem yaratmalıdır. Qloballaşma hər bir ölkə üçün açıq iqtisadi sistemin yaradilmasını nəzərdə tutur. Bu yalnız güclü və böyük dövlətlər üçün sərfəlidir. Böyük dövlətlər bu yolla kiçik dövlətləri, onların iqtisadiyyatını öz içərisində əridir, özlərinə tabe edir və onların imkanlarından yararlanırlar. Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və digər belə qurumlar bu məqsədə xidmət edirlər. Xüsusilə də Dünya Ticarət Təşkilatı deyiən qurum daha təhlükəlidir. Azərbaycan oraya üzv olmağı ən azından 50 il ləngitməlidir.

Yuxarıda qeyd etdim ki, Azərbaycan qismən qapalı iqtisadi sistem yaratmalıdır. Bu, merkantil siyasətin tələbidir. Ona görə qismən ki, tam qapalı sistem yaratmaq mümükün deyil, həm də sərfəli deyil. Ölkə iqtisadiyyatı üçün bəzi sahələri açıq saxlamağa ehtiyac yaranır, məsələn taxıl istehsalını. Tam açıq sistem kimi Ərəb Əmirliklərini göstərmək olar. 50 il əvvəl bütün sahələri açaraq Qərbin və Qərb mütəxəsislərinin ixtiyarına verdilər, möcüzəli inkişaf yolu keçdilər. Amma  ötən il tam fəlakətdən birtəhər xilas oldular, üstəlik, siyasi, hətta cismani həyatları da öz əllərində deyil. Neft pulları ilə parazit həyatı sürən şeyx, şəhzadə və digər tüfeylilərin Birləşmiş Ərəb Əmirliklərinin həqiqi sahibləri tərəfindən bayıra, boş çöllərə atılacaqları da mümkündür.

Qapalı, merkantil sistem xaricdən mal idxalını maksimum məhdudlaşdırır. Bu, ölkə iqtisadiyyatının, yerli istehsalın inkişafı üçün çox vacibdir. Azərbaycanda çox şey istehsal olunur. Hazırda bu daha çox kənd təsərrüfatına aiddir. Biz kənd təsərrüfatı məhsullarının əksəriyyəti ilə özümüzü təmin edə bilərik. Çatışmayanların, məsələn taxılın hələki xaricdən gətirilməsi mümkündür. Nəticədə kənd təsərrüfatı inkişaf edəcək, insanların gəlir mənbəyi yaranacaq, ərzaq bolluğu şəraitində qiymətlər aşağı düşəcək. Ən əsası odur ki, ərzaq təhlükəsizliyi  demək olar ki, tam təmin olunacaq və ərzaq təhlükəsizliyinə nəzarət imkanı əldə ediləcək. Bu gün dünyada insanların sağlamlığına ən böyük zərbə ərzaq vasitəsilə vurulur. Hazırkı açıq iqtisadiyyat, qloballaşma şəraitində bu təhlükənin qarşısını almaq mümkün deyil. Bu yolda milyonlarla qazanc əldə edən transmilli şirkətlərin qarşısını mənəvi, hüquqi və hər hansı digər vasitələrlə saxlamaq üçün mexanizm yoxdur.

 Kənd təsərrüfatının inkişafı öndə tutulmaqla sənaye və turizmin irəliləməsi təmin olunmalıdır. Bizdə sovetlərin “sənayeləşdirməsi”nə ehtiyac yoxdur. Biz kimisə ötüb keçməyə, dünyanı fəth etməyə hazırlaşmırıq. Bizim hədəfimiz - torpaqları işğaldan azad etdikdən sonra rahat, sərbəst, heç kəsdə işi olmayan və heç kəsin də işinə qarışmasına imkan verməyən suverən bir dövlətdir. Hərbi ehtiyaclarımızı əsasən xaricdən almaqla ödəməyə üstünlük verməliyik. Sənayemiz yüngül, xırda, onun məhsulları isə rəqabətədavamlı olmalıdır, əsasən daxili və qapalı bazarımız üçün işləməliyik. Turizm sahəsində ucuzluq və rahatlıq kimi şərtlər üstünlük təşkil etməlidir.

İqtisadiyyatın inkişafı üçün ən ciddi əngəl inhisarçılıqdır. Bu təhlükənin aradan qaldırılması üçün aşağıdan və yuxarıdan təşəbbüslər edilməlidir. Yuxarıdan ən sərt qanunlar qəbul olunmalı, onun icrasına nəzarət təmin edilməlidir. Aşağılar fəal vətəndaş mövqeyində olmalıdır. Bunun üçün ictimai strukturlar yaradılmalıdır. Ölkədaxili azad rəqabət bütün sahələri əhatə etməlidir. Dövlətin iqtisadiyyata müdaxilə imkanları saxlanılmalıdır.

Dediklərimiz qapalı iqtisadi sistemi ehtiva edir. Bu, çoxlarının xoşuna gəlməyə bilər, geriliyin əlaməti kimi görünə bilər. Bizə işləyən, vətəndaşlara xidmət edən sistem lazımdır, ad o qədər də vacib deyil, kimlərinsə xoşuna gəlib-gəlməməsi  də bizi ilgiləndirmir. Hər hansı sistem fərdin, vətəndaşın, bütövlükdə cəmiyyətin rifahına xidmət edirsə, pis ola bilməz. Bizim məntiqimiz budur. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı