Modern.az

Türkün tarixdən gələn avazı

Türkün tarixdən gələn avazı

Ölkə

20 Mart 2010, 00:34

Filologiya elmləri doktoru, professor

Müasir dünyanın ən ümdə problemi qloballaşma, yəni kürəsəllikdir. Hesab edirəm ki, qloballaşma probleminə yalnız müsbət proses kimi yanaşmaq lazım deyil. Son illər dünya alimlərinin bu problemə münasibətində də bir müxtəliflik hiss olunur. Lakin əvvəlcə mən qloballaşmanın müsbət cəhətlərini qeyd etmək, sonra isə digər cəhətlərinə toxunmaq istərdim. Xüsusi ilə informasiya texnologiyalarının yeniləşməsi və inkişafı baxımından, yəni sərhədsiz dünya problemini həll etmək baxımından informasiya texnologiyaları vasitələrinin rolu, əhəmiyyəti günü-gündən artmaqdadır. Bu baxımdan bütün xalqlar kimi Azərbaycan xalqı da öz qapılarını dünyanın üzünə açmışdır. Vaxtı ilə məşhur hind filosofu və dövlət başçısı Cəvahirlər Nehru deyirdi ki, mən ölkəmin qapılarını bütün dünyanın mədəniyyətlərinə açmışam və istərdim ki, mənim də ölkəmin və xalqımın mədəniyyəti bütün dünyanın qapılarından asanlıqla həmin ölkələrə yol tapsın. Demək olar ki, bu gün belə bir proses baş verməkdədir. Və qloballaşmanı bəlkə də dünyada ilk başlayan məhz türk xalqlarıdır. Yəni dünya xalqlarının,dünya ölkələrinin bir-birinə mədəniyyətlərinin, elminin inteqrasiyası prosesi hamıdan əvvəl məhz eyni mənşəli xalqların taleyində baş verir. Bu baxımdan mən müasir qloballaşmada türklərin fundamental və konseptual mövqelərinin olduğu fikrini irəli sürmək istəyirəm. Bunun əlamətlərindən birini də yaranmasının bir ili tamam olan, həm bütün dünyada məşhur TRT kanalının, həm də eyni zamanda yaxın illər ərzində yaranıb Azərbaycan tamaşaçıları ilə yanaşı, dünya seyrçilərinin də böyük rəğbətini qazanmış İctimai Televiziyanın bazasında qurulan AVAZ kanalının bir illik fəaliyyəti fonunda məhz qloballaşan dünyada bizim yerimiz, türk xalqlarının yeri, bu kanalın əhəmiyyəti barədə bəzi mülahizələrə ehtiyac duyuram. Əvvəlcə qeyd edim ki, həm TRT, həm də İctimai Televiziya hələ ortaq yayımlar başlamamışdan olduqca sıx, səmərəli yaradıcılıq əlaqələri saxlayıb birgə layihələr əsasında Türkiyənin, Azərbaycanın mədəni-mənəvi həyatını, bu xalqların tarixi taleyi və birliyini əks etdirən verilişlər hazırlayıblar. Nə yaxşı ki, bir il öncə məhz ortaq Türk televiziyası yaradıldı. Televiziyanın bu bir ildə hazırladığı proqramlar Azərbaycan, Türkiyə və digər türk xalqlarının həyatından bəhs edən verilişlər bilavasitə qloballaşan dünyada gedən proseslər kontekstində türk xalqlarının birliyinin yaradılması işinə xidmət edir. Bir çox verilişlərin adını çəkmədən, bu kanalda həftənin 5 günü efirə gedən 3 saatlıq “Yeni gün” verilişinin adını qeyd etmək istərdim. İnanmıram ki, bu veriliş, eləcə də ortaq Türk televiziyasının digər verilişlərində qaldırılan və məhz xalqların mədəni, mənəvi birliyi ilə bağlı problemlərə nə Türkiyədə, nə Azərbaycanda, nə də Türküstan- yəni Orta Asiya respublikalarında laqeyid qalan bir türk tapılsın. Hesab edirəm ki, bu televiziyanın çox böyük gələcəyi, tarixi perspektivləri var. Bunu tamamilə Türkün birliyinə gedən bir nurlu yol adlandırardım.

Azərbaycanda yaxşı bir misal var. Deyirlər, “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Mən hesab edirəm ki, bizim avazımız, Türkün avazı ona görə yaxşıdır, ona görə güclüdür ki, onun oxuduğu həqiqətən də Qurandır. Yəni bizim məqsədimiz, bu kanalın bir il ərzində göstərdiyi verilişlərin mahiyyəti, verilişlərin konsepsiyası, yaradıcılıq strategiyası belə bir qənaətə gəlməyə əsas verir ki, ortaq Türk televiziyası həqiqətən xoş bir mərama xidmət edir. Bu əlbəttə ki,  qloballaşan dünyada türkün yerini, mövqeyini və mədəniyyətinin dünya prosesinə qoşulmaq imkanlarını kifayət qədər açıb göstərən bir kanaldır. Ortaq Türk televiziyasının yaradıcı heyətini bu gördüyü işlər münasibəti ilə təbrik edirəm. Həm İctimai Televiziyanın rəhbərliyinin, həm də TRT-nin böyük türk dünyası üçün, türkün mənəvi aləmi üçün belə bir imkan yaratdıqlarına görə bir ziyalı kimi mən razılığımı bildirirəm.

Bu kanalın bir başqa əhəmiyyəti dünyada gedən qloballaşmaya müqavimətlə bağlıdır. Yəni, biz qloballaşmanın həmişə müsbət cəhətlərini görürük.

Xalq olaraq türk xalqlarının qəribə bir xüsusiyyəti var ki, biz dünyadakı proseslərdə həmişə müsbət cəhətləri görürük. Bu, bizim qəlbimizin genişliyindən, təfəkkürümüzün bəşəriliyindən irəli gələn bir cəhətdir. Amma alimlər belə bir qənaətə gəliblər ki, qloballaşmanın dağıdıcı nəticələri ola bilər. Qloballaşma bu gün bütün dünyada rəqəmsal dünya ilə mənəvi aləmin mübarizəsini üzə çıxardı. Yəni kompyuter texnologiyalarının həyatımıza daxil olduğu bir zamanda baxıb görürük ki, bütün bunlar bizim ruhi aləmimizin əksinə çevrilmiş proseslərdir. Bugünkü dünya xalqlarının qloballaşmaya gedən prosesdə ən böyük konfliktini rəqəmsəl dünya ilə ruhi aləm arasında bir ziddiyyət kimi dəyərləndirmək istəyirəm. Bu baxımdan ortaq Türk televiziyasının həm gördüyü işlər, həm də qarşıda duran vəzifələr çox böyükdür. Birinci növbədə bu televiziya kanalı Azərbaycanın və digər türk xalqlarının qloballaşmada milli mənliyini qorunmasına xidmət edir. Çünki qloballaşma çox amansız bir şəkildə milli mədəniyyətlər arasındakı sərhədləri də aradan qaldırmaq və millilik amilini getdikcə heçə endirmək kimi mənfi bir prosesdir. Və bunun qarşısını məhz ortaq Türk televiziyası kimi kanallar ala bilər. Çünki belə televiziya kanallarında bizim xalqlarımızın, daha doğrusu eyni mənşəli xalqların mədəniyyətlərinin milli simasını qorumaq yolu var və bu gün buna böyük ehtiyac duyulur. Fikirlərimin aydın olması üçün türklərin bir neçə xüsusiyyətlərini demək istərdim. Məsələn, mən hesab edirəm ki, Türklər bəşəriyyətin balaca uşaqlarıdır. Uşaq dünyaya məhəbbətin gözü ilə baxıb, hamını özünə doğma hesab etdiyi kimi, Türklər də bütün xalqları özünə doğma hesab edirlər. Onların aldanışları da bu özəllikdən, səmimiyyətdən, mərdlikdən irəli gələn aldanış idi. Türkün gücü onun əxlaqındadır. Tarixə bəlli türk imperiyaları işğal yolu ilə deyil, vətən sevgisi ilə yaranıb. Türkün düşməni onu köçəri adlandırırdı. Fəqət belə sual ortaya çıxır köçərinin də 17 imperiyası ola bilərmi? Ona görə ortaq Türk televiziyası həqiqətən türk tarixinin bu cəhətini ön plana çəkir və  mən hesab edirəm ki, bu biz azəri türkləri üçün, eyni zamanda digər dünya türkləri üçün önəmlidir. Bilirsiniz ki, bir çox adamlar, o cümlədən materialistlər türkləri fateh adlandırıb. Düzdür, türk fateh idi, amma türk köç edirdi, öz sərhədlərində ruhi azadlıq əldə etmək istəyirdi. Əslində türklər vətənin bir başından o başına gedirdi, heç kimin torpağına daxil olmurdu. Türklər Mancuriyadan Macarıstana, Çindən Avropaya gedirdilər. Bu sadəcə bir köç deyildi. Bu vətənə sevgi bildirən bir səyahət idi və buna türklərin tarixdə mənəvi haqqı var idi.

Bu gün ortaq Türk televiziyası ümumən türkün tarixini, torpağa olan münasibətini əks etdirir. Qədim türklər üçün vətən simvolu torpaq idi. Azərbaycanın romantik şairi Abbas Səhhəti yada salmaq istəyirəm: “Vətən övladımızın məskənidir, vətən əcdadımızın mədfənidir”. Nə qədər sağıq torpaq bizim məskənimizdir, nə vaxt ki, yoxuq vətən bizim mədfənimizdir, qəbrimizdir, məzarımızdır. Ona görə böyük Hun imperatoru Mete deyirdi: “Torpaq dövlətimin təməlidir, onu heç kimə vermək olmaz, torpağı əcdadımız bizə irs qoyub getmişdir, orada babalarımızın sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kimin ixtiyarı çatmaz. Mən öz atımı, yaraşıqlı kənimizi tunhuqlara ona görə verdim ki, onlar mənim özümün idi. Amma torpağı verə bilmərəm, o xalqındır, bu torpaq gələcək nəsillərə çatdırılmalıdır. Torpaq xalqın öz qanı hesabına qorunmalıdır”.  Bu əqidə bu gün də bizim üçün çox önəmlidir. Ortaq Türk televiziyasında da Azərbaycan dövlətçiliyinin istiqlalının Azərbaycanın əzəli torpaqlarının sərhədləri bərpa olunduğu gündə başa çatacağı məsələsi qaldırılır. Bu çox onəmlidir və nə yaxşı ki, ortaq türk televiziyası bu məsələni önə çəkir.

Türklərin qüdrəti ondadır ki, onların mayasında, düşüncəsində ümumibəşərilik heç vaxt öləziməyib. Bilirsiniz, türklər dünyanı öz vətənləri bildikləri kimi, insanları da öz qohumu, öz millətindən hesab edirlər. Türklər öz təbii demokratizmi və ədaləti ilə dünyanın mənəviyyatına daxil ola biliblər. Yəni bu gün qloballaşan dünyada əslində dünyanın mənəviyyatına necə daxil olmaq məsələsini türklər hələ təxminən min il bundan əvvəl həll etmişlər. Çünki türklər səmimi idilər, türklər ürəyiaçıq idilər. Ona görə də onlar dünyaya daxil ola bildilər. Nə yaxşı ki, ortaq Türk televiziyası da bu gün türkün bu cəhətini önə çəkir, və yaxud mən hesab edirəm ki, bu məsələni ön plana çəkmək olduqca önəmlidir. Məsələ burasındadır ki, nə qədər ki, dünyada hakimiyyət türklərdə idi, onda dünya rahat nəfəs alırdı. İdarəetmə digər millətlərin ixtiyarına keçəndən sonra isə ayırmaq, əhatə etmək, inkar etmək, müharibələr aparmaq kimi məhdud prinsiplər meydana çıxdı. Məsələn hesab edirəm ki, Qafqaz millətləri tarix boyu, elə bu gün də  regionda ən böyük millət olan türklərin sayəsində rahat yaşayır. Bu gün çətin problemlərdən biri odur ki, türk xalqı təzyiq sevmir. Ortaq Türk kanalı bu ədalətsizliyi aradan qaldırmağa çalışır. Türklər, ümumiyyətlə, daxilən sərbəst olublar. Onların hüququ, haqqı, azadlıqsevərliyi heç bir təzyiqi qəbul etmir. Türklərin hərəkəti dünyanın qan dövranına bənzəyir.

O xalq tarixdə öz yerini və haqqını bərpa edə bilir ki, o keçmişini unutmur, bu günü təhlil edir, gələcəyi qurmağı bacarır. Mənə belə gəlir ki, ortaq Türk televiziyasının da strategiyasında bu cəhət var və bunu gücləndirmək lazımdır. Əslində türklərdə vətən anlamı dünya onları özündən ayırmağa başlayandan yarandı. Göylərin altını və yerin üstünü vətən bilən türklər üçün hüdudlanmış vətən anlamı duyğusuna qayıtmaq böyük sarsıntı idi.

Hesab edirəm ki, ortaq Türk televiziyasının önəmli cəhətlərindən biri də budur ki, o, islam dinin və türkçülüyün cəmiyyəti mənəvi-əxlaqi təmizləmə funksiyasından yaxşı istifadə edir. Təkcə xalqımızın adət-ənənələrini deyil, eyni zamanda islami dəyərlərə də böyük hörmətlə yanaşır. Bu çox vacibdir. Bildiyimiz kimi, islamı ərəblər yaradıb. Amma islamın dünyadakı nüfuzunu türklər qaldırıb. Türklər islamı sadəcə qəbul etmədi. Əsrlər boyu onu özlərinə doğmalaşdıraraq qorudular. Mən deyərdim ki, bu  çox önəmli məsələdir. Hətta türkləri sevməyən bir insan, keçmiş kommunizm nəzəriyyısinin banilərindən biri, böyük iqtisadçı alim Karl Marks deyirdi ki, türk hökmdarları və başçıları bütün məzhəbə və dinə eyni gözlə baxırlar və türklərin gücü bundadır. Onlar günəşə tanrı kimi baxırdılar. Və türk nur yolu ilə yürüş edib, üzü günəşə doğru gedib. Ona görə də türkün varlığı da, zahiri də  həmişə  günəş kimi işıqlı və parlaqdır.

Bu gün mənim cox bəyəndiyim cəhətlərdən biri odur ki, həm TRT, həm də İctimai Televiziya türkün qəhrəmanlığını, cəsurluğunu  əks elətdirir. Çox istərdim ki, ortaq televiziyada daim türk hərb marşları verilsin. Türk hərb marşları mənəviyyat etibari ilə o qədər zəngindir ki, orda cəngavərlik hissi o qədər güclüdür ki, bu gün torpaqları müvəqqəti işğal altında olan və hər biri bir əsgər azərbaycanlı üçün bu marşları dinləmək olduqca önəmlidir.

Digər məsələ. Türkün şücaəti işğalçılıq niyyətindən doğmayib. Oğuz türkləri həmişə öz azadlıqlarına qarşı olan qəsbkarlara müqavimət göstəriblər. Bu gün bu bizə çox lazımdır. Məsələ burasındadır ki, böyük türklərdən biri,  məşhur “Divani-lügəti türk” əsərinin müəllifi Mahmud Qaşqari göstərir ki, türk böyük qəhrəmanlıqlar və fədakarlıqlar etdiyi zaman böyük iş gördüyünü  nəzərə çarpdırmır. Çünki bu qəhrəmanlıq onün üçün fövqəladə deyil, adi bir iş, peşə və məşğuliyyət idi. Qədim türklərin rəşadət və şücaəti onların təfəkküründən, fəlsəfəsindən irəli gəlir. Və burda əsas yer tutan əxlaqi amildir. Türkün əxlaqı gözəl idi. Böyük türkçü və  “Türkçülüyün əsasları” kitabının müəllifi Ziya Göyalp  yazır ki, türk tarixi başdanbaşa əxlaq üstünlüklərinin bir sərgisidir.

Bizim düşmənimiz bizim yaxınlığımızdadır. Düşməni güclü və yaxın olan millətlərin vətəni daha dərin məhəbbətlə sevməsi lazımdır. Və bu gün ortaq türk televiziyası tamaşaçılarda vətən məhəbbətini yaratmağa çalışır.

İslam dini qəbul olunduqdan sonra bir islam mədəniyyəti konteksti formalaşdı. Bu kontekst ən güclü ərəb sülaləsi olan Abbasilərin  dövrünə düşür. Və bu sülalənin  xəlifələrdən bəziləri, məsələn Harun ər-Rəşid türk idi. O dövrdə o, müsəlman mədəniyyəti yaratdı. Mənim belə bir konsepsiyam var: ərəbin zehni, farsın lisanı, türkün ruhu birləşərək bu müsəlman mədəniyyətini formalaşdırıb. Türklərin ruhu çox güclüdür. Bu da onların əxlaqından, onların keçmişindən, qürurundan gəlir. Bəli, Türklər təkəbbürlüdür və bu gün də biz bunu desək heç nə itirmərik. Lakin türk təkəbbürü hələlik ölçüsü mövcud olmayan zaman hüdudunda yaranıb və getdikcə ilahilikdən adiliyə enib. Bu, yerlə göy arasında hüduddur. Türkün təkəbbürünü sərhədlə məhdudlaşdırmaq olmaz. Bəli, Türklər qürurludur. Bu qürur saflığa və qəhrəmanlığa əsaslanır. Ona görə də Türklərin qürurunu qoruyub saxlaması çox önəmlidir. Ortaq Türk televiziyası bunu türk tarixindən verilən müəyyən faktlarla təbliğ edir və bu olduqca önəmlidir. Türk tarixinə dair əsərlərdən birinin müəllifi milliyyətcə türk olan Lev Qumilyovun belə bir sözü var: “Türklərin qüruruluğu öz vəzifələrini şücaətlə yerinə yetirməkdən irəli gəlir.” Türklər  qeyd etdiyim kimi böyük çöllüklərin sahibi idi. Ortaq Türk televiziyası xalqın qarşısına sözlə çıxır. Qumilyovun başqa bir fikrinə görə, türklərdə sözün gücü real güc hesab olunurdu. Yəni, söz qılıncdan kəskindir. Şah İsmayıl Xətainin misralarını yada salmaq istəyirəm: “Söz var ki, kəsdirər başı, söz də var kəsər savaşı”. Türkün sözü həmişə güclü olub. Çünki onun arxasında türkün əməli dayanıb. Yeri gəlmişək bir ziddiyyəti də qeyd etmək istəyirəm. Mən şox istərdim ki, Ortaq Türk televiziyası gələcək verilişlərində bu ziddiyyəti nəzərə alsın. Türk təfəkkürü gələcəyə yönəlir. Ona görə də keçmişə çox zaman biganə olur. Türkün bu ziddiyyətini aradan qaldırmaq vacibdir. Çünki gələcəyə yönəlməsi türk təfəkkürünün qüdrəti, keçmişə biganəlik isə onun faciəsidir. Adətən mütəfəkikirlər, o cümlədən türkün böyük filosofları təfəkkürə üstünlük verib. Türk təfəkkürünü ruhundan ayırmaq olmadığı kimi, onu fatehliyindən də ayrı təsəvvür etmək mümkün deyil. Türkün ruhu, təfəkkürü və şücaəti birləşərək ona dünya şöhrəti gətirib. Ortaq Türk televiziyasının verilişlərində bunu xüsusilə nəzərə almaq lazımdır. Və biz heç zaman türkün ruhunu, onun mənəvi gücünü həmin ilahilikdən yerə enməyə imkan verməməliyik. Hesab edirəm ki, bu gün həqiqətən ortaq Türk televiziyası kimi çox ciddi bir televiziyanın fəaliyyətinə böyük ehtiyac var. Sual oluna bilər ki, niyə? Əvvəla türk xalqlarının hamısını bir yerə yığmaq vacibdir. Bu sadəcə ideologiya məsələsi deyil. Bizi birləşdirən 3 şey var: gen, din və dil. Bu 3 amil bizi dağılmağa qoymur və ortaq Türk televiziyası da bu amala xidmət edir. İkinci məsələ. Təkcə biz yox, bizi istəməyənlər  də türkə məxsus cəhəti ön plana çəkirlər ki, biz bunu mütləq nəzərə almalıyıq. Qeyd etdiyim kimi türklər keçmişə biganədirlər. Ona görə yox ki, onlar keçmişi sevmirlər. 18-ci əsrin böyük fransız maarifçi filosofu  Monteskiyö necə deyib: “Dünyanin heç bir heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz. Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağılagəlməz şöhrətini yaysınlar. Nə qədər ağılagəlməz əməlləri əbədilik dəfn olunub. Türklər tarixini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub. Əbədi məglubedilməzliyinə inanıb. Keşmiş qələbələrinini əbədiləşdirilməsinin qayğısına qalmayıb”. Ona görə də biz hər gün öz xalqlarımızın ümumi türk tarixindəki şücaətləri və qəhrəmanlıqlarını xüsusilə gənclərə bu ortaq televiziya vasitəsilə göstərməliyik. Bu gün türkün və Türkiyənin tarixdəki rolu artıb. Və son zamanlar Türkiyənin rolunun artması dünyanı narahat edir. Çünki Türkityə güclənir. Türkiyənin arxasında bütün türk dünyası durur. Bu mənada digər dövlətlər, türkü sevməyən dövlətlər türkün güclənməsindən narahat olurlar. Bu gün türk xalqları bu dövlətin sarsılmasına imkan verməməlidir. Məhəbbətimizlə türk dövlətlərinin qüdrətini artırmalıyıq. Bu birlik və vəhdəti hər zaman qoruyub saxlamalıyıq. Türkşülüyü yüksəklətməli və öz xalqlarımızın türk ailəsindəki yerini dəqiq bilməli və bu yeri qoruyub saxlamaq uğrunda mübarizə aaparmalıyıq. İslamın qəbulundan sonra Ispaniyada yaranmış böyük universitetlərdən birinin qapısının üstünə bu sözlər həkk olunub: “Dünya 4 dirək üzərində dayanır. Alimlıərin hikməti, hakimlərin ədaləti, möminlərin ibadəti və qəhrəmanların cəsarəti”. Bütün bu 4 cəhət türklərdə var və Ortaq Türk televiziyasında bu təbliğ olunur. Türkün səsi, avazı ona görə güclüdür ki  bu avazla dünya türklərinin hamısı danışır. Hesab edirəm ki, TRT və mənim şox sevdiyim, hörmət bəslədiyim, Azərbaycan xalqının milli mənəviyyatının, itib-batmış mədəniyyətinin ekranlara gətirilməsi ilə xalqın yaddaşını, bizim əxlaqımızı formalaşdıran cəhətlərin hamısını ön planda təqdim etməkdə xidmətləri olan İctimai Televiziya türk xalqlarının tarixində iz qoyacaq önəmli televiziya kanalı yaradıb.  Bütün türklərin avazı bu televiziya kanalında öz əksini tapır. Və hesab edirəm ki, onun böyük gələcəyi var. O bir yaşlı körpədir. Bir yaşlı körpə addım atanda  büdrəyir. Bu bir yaşlı körpənin addımlamağı, yeriməyi bizim hamımızdan asılıdır. Biz bunu dəstəkləməliyik. Bu gün əzmlə ekranlara çıxıb türkün təmiz dilində danışan bu kanalı saxlamalıyıq. Ortaq Türk televiziyasınınn ən böyük gücü türkün təmiz dilində danışmasıdır. Arzu edirəm ki, bu televiziyanın avazı tarixin neçə-neçə qərinələrinin o tərəfindən gəlsin, gələcəyə yönəlsin.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir