Son günlər Bakının Suraxanı rayonu ərazisindəki 8 nömrəli marşrutda işləyən avtobuslarda ermənicə danışanlar peyda olublar. Gürcüstandan Azərbaycana pənah gətirmiş bəzi adamlar sanki bununla qisas alırlar.
Axşam saatları idi. 8 nömrəli mikroavtobus ilə Qaraçuxurdan Əmircana gəlirdik. Bizim əyləşdiyimiz mikroavtobusun sürücüsü məscidin yanında əyləci basdı, başını pəncərədən çıxarıb əks istiqamətdə hərəkət edən avtobusun sürücüsünə “vonçes ara!” dedi...
Onun nə cavab verdiyini başa düşməsəm də “bizim sürücü” cavabdan razı qalmışdı. O, yenə də erməni dilində nə isə deyib avtomobili sürməkdə davam etdi.
Qaraçuxurdakı parkın yanında, daha dəqiq desək “Gilan” şadlıq evinin yanında avtobusa üç nəfər gənc mindi və onlar da sürücü ilə “vonçes axbercan?” deyib salamlaşdılar, erməni dilində hal-əhval tutdular.
Arxa oturacaqda yer boş olduğu üçün onları oturmağa dəvət etdim. Məqsədim onları oturtmaq deyil, bir - iki şey soruşmaq idi. Biri gəlib oturdu və insafən təşəkkür də etdi. Mən ondan qabaqdakı gənclərin niyə erməni dilində danışdıqlarını soruşdum və əvəzində nələr eşitmədim?
“Nədi ağsaqqal xoşunuza gəlmədi? Burada nə var ki, onsuz da Bakıda kim hansı dildə istəyir o dildə danışır. Biz də bu dildə, bizə belə daha rahatdır” dedi.
Əvvəlcə elə bildim ki, onların bu danışığına heç kim fikir vermir, amma səhv etmişdim, sən demə sərnişinlərdən bu cür özbaşınalıqdan cana doyanlar çox imiş. Bizdən iki sıra qabaqda oturmuş bir qadın geri çevrilib, əsəbi halda "sizə belə yaxşıdı gedin orda Yerevanda danışın" dedi.
Qabaqdakı cavanlardan biri “nolufdu ay xala, nə dedik ki, xatrinizəmi dəydi. Heç türkcə danışırlar dinmirsiz? Nooluf ermənicə bir-iki söz dedik dana...”.
Başqa bir sərnişin də söhbətə qarışıb "türk dili bizim dilimizdi bunda heç nə yoxdur, amma siz utanmırsınız, hələ bir düşmənin dili ilə türk dilini eyni tutursunuz" dedi.
Cavanlardan biri “yaxşı-yaxşı kəsin daha, paho işə düşdük dana” deyib sürücüyə tərəf əlini uzadıb yenə də erməni dilində “axpercan cur ber” dedi.
Bu dəfə qadın elə qışqırdı ki, elə bil yanan ocağa benzin tökdün. Elə özümə də pis təsir etdi onun belə hərəkəti. Yanımda oturan istədi qadına cavab qaytarsın amma verə bilmədi və sakitləşdi.
Sən demə onlar hər gün belə edirlərmiş. Hər halda sərnişinlər belə deyirlər. Sürücü bir istədi maşını saxlasın, əslində saxladı da, amma yenə başını bulayıb "bunlara yaxşılıq yoxdur" dedi. Biz az da getmişdik ki, cavanlar avtobusdan düşdülər. Qaldı sürücü və əsl sərnişinlər. Sürücü and-aman etdi ki, o bu marşrutda təzədir və bu oğlanlar da erməni deyil, Gürcüstandan çörəkpulu üçün Bakıya gəliblər. İndi arada bir bir-birləri ilə zarafatlaşırlar. Burada qəribə heç nə yoxdur. Sərnişinlər bir az onun üstünə gedəndə elə bil sürücünün dərdi açıldı: "Nə boş-boş danışırsınız, bazarlardan erməni məhsulu alıb yeyəndə yaxşı olur, indi bir-iki cavanın ermənicə danışması pis. Baxın görün Bakıda nə qədər erməni yaşayır. Gedin onları çıxarın da bacarırsınızsa. Bizdə onlarla problem yoxdur".
"Bacararıq - bacararıq" dedi bir - iki sərnişin və sonra da əlavə etdilər: "Amma əvvəl sizinlə danışmalıyıq".
Doğrusu belə sonluq gözləmirdim. Sürücü ilə bir az qalıb söhbət etmək istəsəm də alınmadı və "əvəzində əşi siz nə qəribə millətsiz, burda nə var ki..." dedi.
"Bəs sən hansı millətdənsən"-deyə mən soruşdum. Cavabı bu oldu: “Mən gürcüstanlıyam”.
- Gürcüstanlı millətmi var?
- Var-var, siz bilmirsiniz.
Səhəri gün işə gələndə maraq üçün yenə 8 nömrə ilə Bakıxanov stansiyasına (köhnə adı Razın stansiyası-red.) gəldim. Çox qəribədir, inanmayacaqsınız, axşam gördüyüm gənclərdən ikisi stansiyada idi və başqa birinə hamını gözü qarşısında yenə də ermənicə salam verirdilər. Məni görüb “bu kimdisə bizi güdür” deyib oradan uzaqlaşdılar.
Görəsən bunu bir mən görmüşəm, yoxsa başqa görənlər də var? Varsa niyə heç kim reaksiya vermir?
Bəlkə də deməyim, yazmağım yersiz görünər, amma, bir düşünək, bura Azərbaycandır və biz də onun vətəndaşlarıyıq. Axı Azərbaycan dili bizim doğma, Ana dilimizdir və biz hamımız öz dilimizə hörmət etməliyik. Kimsənin ANA DİLİMİZİ, BAYRAĞIMIZI, VƏTƏNİMİZİ təhqir etməyə haqqı yoxdur. Mənim fikrimcə heç zarafatla da başqa dilə müraciət etməyə ehtiyac yoxdur.
Ermənicə danışan o gədələrərə "qaşın üstə gözün var" mütləq deyilməlidir.