Modern.az

Özümüzü bu qədər kiçiltməyək!

Özümüzü bu qədər kiçiltməyək!

Ölkə

14 Aprel 2010, 11:30

İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” ali prinsipinə sədaqətimizin göstəricisi ola bilməz.

 

Başqa yolumuz yoxdur. Biz ancaq Türkiyə ilə ən yaxşı halda nümunəvi müttəfiq, qonşu ola bilərik. Qardaşlıq, millətçilik anlayışı isə… Bu barədə dəfələrlə yazmışam. Məsələn, İran kimi. Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da özgə maraqları var…

 

Türkiyə ilə də belə olmalıyıq, Orta Asiya Türk dövlətləri ilə olduğu kimi... Biz ən yaxşı halda güzəşti bir-birimizə borc kimi verərik. Türkiyə ilə də bu cür münasibətlərin qurulmasının tərəfdarıyam. Bir-birimizi zora düşürmiyəlim, arkadaş! Lap indiki kimi... Çünki Türkiyə sərhədləri açmaq, ermənilərin dilini, tarixini öyrənmək istəyir. Bəli, bu dövlətin də öz problemləri, sıxıntıları var. Biz isə “qardaşıq”,-deyə haray-həşir salırıq.

 

Başa düşmürük ki, Türkiyə hakimiyyəti TÜRKə hörmət qoysaydı, əvvəla qətlə yetirilmiş diplomatlarına, dinc sakinlərinin ruhları qarşısında xəcalət çəkərdi. Sonra isə ərazi bütövlüyünün Ermənistan tərəfindən hələ də tanınmamasının səbəblərini çözərdi.

Artistlik etməyə dəyməz, nə edirlər etsinlər. İran edib nə olub ki? Türkiyə və İranla bizi türklükdən daha müqəddəs amal birləşdirir: müsəlman həmrəyliyi. Amma nə olsun, buna məhəl qoyan varmı?

Təsəvvür edin: Hər iki ölkədə aləm bir-birinə dəyir, insanları xoş olmayan bu xəbərin təsiri altında yaşayır. Burada Azərbaycan bütövlükdə ayağa qalxır, orada isə Azərbaycanı sevən TÜRKlər... Buradakılar AKP hökumətinə sanki yalvarırlarmış kimi xatırladırlar: - axı biz bir millət, iki dövlətik;

- axı Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işgal edib;

- axı 1.000.000-dan çox azərbaycanlı işğal nəticəsində evindən, yurdundan ayrı düşüb;

- axı sərhədlərin açılması erməni işğalının sülh yolu ilə həllini boşa çıxaracaq;

- axı sərhədlərin açılması Türkiyə ilə Azərbaycan arasında olan güc birliyinə ciddi zərər vuracaq və s.

 

Bu yalvarış və xatırlamalar bizə lazımdırmı? Niyə dövlət və millət olaraq özümüzü bu qədər kiçildirik. Bizim müstəqil siyasətimiz, qədim dövlətçilik tariximiz var. Bəli, mən də qəbul edirəm ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Nuru paşanın Azərbaycana dəstəyini məmləkətimizdə böyükdən-kiçiyə bilməyən yoxdur. Bu fakt ələbəttə ki, sevindiricidir.  Amma onu da qəbul edək ki, Azərbaycan da Türkiyəyə heç zaman arxa çevirməyib. Çanakkalada minlərə azərbaycanlı özünü fəda edib, şəhid olub. Bu tarixi necə, bilirikmi? Bilmirik, indi-indi öyrənməyə çalışırlar…  

 

Belə düşünürəm ki, iş-işdən keçib. Dünyanın imperalist gücləri sərhədlərin açılmasında maraqlıdır. Sərhədlərin açılması hesabına isə ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda geosiyasi problemlərini həll etmək istəyirlər.

Biz ancaq Türkiyəyə qonşu dövlət kimi xarici siyasətindəki baxışlarında hörmətlə yanaşmalıyıq. Onsuz da sərhədlər açıq olmasa belə, Türkiyə Ermənistan əlaqələri de fakto mövcuddur. Bunu bir vaxtlar İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani demişdi. Hətta deyəndə ki, Türkiyənin Ermənistanla qeyri-rəsmi ticarət dövriyyəsi İranın Ermənistanla rəsmi ticarət dövriyyəsindən çoxdur, məni gic gülmək tutmuşdu. 

 

İndi də gülürəm, amma bu dəfə keçmiş səfirə deyil, ÖZÜMə…

Zəruri qeyd: Bu yazını niyə yazdım? Səbəbi gələn ildən etibarən Türkiyənin Ankara Universitetində erməni dilinin tədrisi ilə bağlı mərəkəzin fəaliyyət göstərəcəyi xəbərini elə qardaş ölkənin mətbuatından oxumağım oldu. Bir xəbəri də mən verim ki, artıq Ankara Universiteti erməni dilinin tədrisi ilə bağlı müvafiq proqramı qiymətləndirib və gələn ildən onun icrasına başlanacaq. Hazırda dövlətin müxtəlif təşkilatlarından erməni dilini bilən kadrlar tələb olunur. Bu ölkədə ermənicə bilən çox az insan olduğundan təcrübəli insanlar axtarılır.  

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı