Modern.az

Xankəndinin görkəmini pozan tikililər sökülür - Xüsusi nümayəndə

Xankəndinin görkəmini pozan tikililər sökülür - Xüsusi nümayəndə

Ölkə

Bu gün, 10:50

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində işğaldan azad edilmiş ərazilərdəki mövcud infrastruktur və görülən işlər barədə mühüm açıqlamalar verilib.

Modern.az xəbər verir ki, forumun müvafiq panel sessiyasında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bölgədəki cari vəziyyət, reallaşdırılan nəqliyyat layihələri və aparılan yenidənqurma işləri barədə ətraflı məlumat paylaşıb.

Xüsusi nümayəndə 2023-cü il sentyabrın 20-də keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı və Əsgəranın işğaldan tam azad edildiyini xatırladıb. O, 2024-cü ilin fevral ayından etibarən bölgədə xüsusi nümayəndəliyin fəaliyyətə başladığını bildirərək ərazinin miqyasını diqqətə çatdırıb:

"Xankəndi inzibati ərazisi Xankəndi şəhəri və Kərkicahan qəsəbəsindən ibarətdir. Ağdərənin 59, Xocalının isə 55 kəndi var. Kifayət qədər böyük bir bölgədən söhbət gedir və bu ərazi ciddi torpaq ehtiyatlarına malikdir".

E.Usubov vurğulayıb ki, fəaliyyətə başlayarkən qarşıya çıxan ilk və ən mühüm məsələ təhlükəsizliyin təmin edilməsi olub. Ərazinin mina və hərbi sursatlardan təmizlənməsi prosesi ilə paralel olaraq quruculuq işlərinə start verilib. O, işğal dövründə infrastrukturun tamamilə baxımsız qaldığını qeyd edib:

"Media nümayəndələrində elə bir fikir yaranmasın ki, işğaldan sonra normal şəhər və kəndlər təhvil almışıq. 30 illik işğal dövründə bu üç ərazidə yeni tikililər inşa edilməyib. Mövcud binalar Azərbaycan memarlığına uyğun olmayan formadaydı, qaz sistemi bərbad vəziyyətdəydi, su və kanalizasiya sistemlərinə isə bir qəpik belə xərc çəkilməmişdi. Bu böyüklükdə ərazidə yalnız bir məscid — Malıbəyli məscidi uçmuş vəziyyətdə qalmışdı. Xankəndi qəbiristanlığının isə izi tamamilə itirilmişdi".

Bölgədə aparılan şəhərsalma işlərinə toxunan xüsusi nümayəndə ilk növbədə utilizasiya prosesinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, tikinti normalarına cavab verməyən, şəhərin ümumi görkəminə xələl gətirən və insan yaşayışı üçün tamamilə yararsız olan yöndəmsiz tikililər müvafiq dövlət orqanlarının rəsmi rəyi əsasında sökülüb. Hazırda bu ərazilərdə müasir tipli binaların tikintisi və layihələndirilməsi işləri sürətlə davam etdirilir.

Bölgənin loqistika imkanlarının bərpası istiqamətində strateji layihələrin icra olunduğunu deyən E.Usubov Ağdam–Şuşa magistral yolunun böyük hissəsinin Xocalı və Xankəndidən keçdiyini bildirib. Çətin relyef şəraitinə baxmayaraq, müvafiq qurumlar tərəfindən yolun tikintisi yaxın vaxtlarda başa çatdırılacaq.

Çıxışın ən diqqətçəkən məqamı isə Xankəndi dəmir yolunun istifadəyə veriləcəyi tarixlə bağlı olub:

"2024-cü ildə Prezident İlham Əliyevin göstərişi ilə Xankəndidə dəmir yolu və avtobus vağzalı kompleksinin tikintisinə start verilib. Hazırda nəzərdə tutulan işlərin 40 faizi artıq icra olunub. Gələn il Xankəndi dəmir yolunun tam fəaliyyətə başlaması və istifadəyə verilməsi gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı