Ümumdünya Şəhərsalma Forumunda Avropada mənzil böhranının artıq sosial və iqtisadi təhlükəyə çevrilib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada videomüraciətlə çıxış edən Avropa Komissiyasının mənzil məsələləri üzrə komissarı Dan Jorgensen bildirib.
Onun sözlərinə görə, təhlükəsiz və sağlam yaşayış mühiti hər bir insanın fundamental hüququdur. Lakin bu hüquq həm Avropada, həm də dünyanın bir çox bölgəsində milyonlarla insan üçün əlçatmaz olaraq qalır.
“Bu, sadəcə mənzil böhranı deyil, sosial böhrandır və cəmiyyətlərin birliyini zəiflədir. Eyni zamanda iqtisadi böhrandır. Rəqabət qabiliyyətini azaldır, əmək mobilliyini məhdudlaşdırır və təhsilə mane olur”.
Komissar həmçinin vurğulayıb ki, mənzil problemi xüsusilə gənclərə və ailə qurmaq istəyən insanlara ciddi təsir göstərir:
“Bir çox gənc evdən ayrıla və öz ailəsini qura bilmir. Ən çox əziyyət çəkənlər isə əsas xidmət sahələrində çalışan işçilər, gənclər və həssas qruplardır”.
O əlavə edib ki, Avropa İttifaqında artan kirayə qiymətləri və sosial mənzillərə çıxışın məhdudluğu evsizlik riskini artırır.
“Hazırda Avropa İttifaqında bir milyondan çox evsiz insan var. Onların 400 mindən çoxu uşaqlardır. Bu rəqəm qəbuledilməzdir. Mənzil siyasətinə əsasən üzv dövlətlər, regionlar və şəhərlər cavabdeh olsa da, Avropa İttifaqı da bu istiqamətdə dəstək mexanizmləri formalaşdırır”, - deyə komissar vurğulayıb.
Dan Jorgensen bildirib ki, Avropa İttifaqı tarixində ilk dəfə “Hamı üçün Avropa Mənzil Planı” hazırlanıb.
Onun sözlərinə görə, plan əlçatan, dayanıqlı və keyfiyyətli mənzil təminatını hədəfləyir.
“Az gəlir insanların təhlükəsiz mənzil əldə etməsinə mane olmamalıdır. Enerji səmərəli binalar həm ətraf mühit, həm də insanların büdcəsi üçün faydalıdır”, - deyə o əlavə edib.
Komissar vurğulayıb ki, plan mənzil tikintisinin artırılması və investisiyaların səfərbər olunmasını nəzərdə tutur. Eyni zamanda tələbələr və evsiz insanlar kimi böhrandan ən çox təsirlənən qruplar diqqət mərkəzində saxlanılır.
O çıxışında Avropa ölkələri, şəhərlər və regionlar arasında təcrübə mübadiləsini gücləndirmək üçün yeni Avropa Mənzil Alyansının yaradılacağı da açıqlayıb:
“Dünyada mənzil çağırışı cavab gözləyir. Gəlin bu cavabı birlikdə verək”, - deyə o qeyd edib.