Azərbaycan və Gürcüstan arasında 6 illik fasilədən sonra sərnişin dəmir yolu əlaqəsi yenidən bərpa olunur. İqtisadiyyat Nazirliyinin xəbərinə görə, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
Modern.az-a açıqlamasında Gürcü politoloq Giorgi Qoqua bildirib ki, Azərbaycan-Gürcüstan dəmir yolu əlaqəsinin bərpası regionun tranzit, ticarət və turizm potensialı baxımından mühüm hadisədir:
"Bu marşrut tarixən Cənubi Qafqazın iki əsas mərkəzi - Azərbaycan və Gürcüstanı birləşdirib və onun yenidən fəaliyyətə başlaması insanlararası əlaqələrin, iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın güclənməsinə töhfə verəcək. Dəmir yolu daşımalarının bərpası xüsusilə turizm baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, sərnişinlər yenidən Bakı ilə Tbilisi arasında rahat və əlçatan nəqliyyat imkanına malik olacaqlar. Eyni zamanda, bu addım ticarət və logistika əlaqələrinə də müsbət təsir göstərə, Cənubi Qafqazın beynəlxalq tranzit dəhlizi kimi mövqeyinin daha da möhkəmlənməsinə şərait yarada bilər".
Politoloq qatarın ilk sərnişini olmaq istədiyini bildirib:
“Böyük məmnuniyyətlə qatarala Bakıya gəlmək istərdim. Uzun illərdir Bakıda olmamışam və bu gözəl şəhəri yenidən ziyarət etməkdən məmnun olaram”.