Liftdə təkəm. Yeddinci mərtəbəyə qalxıram. Ağlımda qəribə düşüncələr var. Birdən arxadan kimsə toxunur mənə. Canıma vahimə düşür. Cəld dönüb baxıram. Qarşımda özümü görürəm. “Belə bənzərlik olmaz axı! Yoxsa ruhumla üz- üzə gəlirəm?”...
Gözlərim açılır. Otaq, yatağım, divarlar və mən. Bu necə yuxu idi? Yoxsa dəli oluram? Nələr baş verəcək..? Yəqin çoxlarınıza bu situasiya tanışdır. Çünki hər birimiz yuxu görür və həmin yuxunun nə anlama gəldiyi haqda düşünürük. Yuxu elə bir sirli aləmdir ki, hələ də bəşəriyyətə tam açılmayıb. Keçmişdən günümüzə qədər insanlar yuxunun nə olduğunu, niyə yuxu gördüyümüzü anlamağa çalışıblar.
Qədimdə insanlar yuxuların tanrılar tərəfindən verilən cəza və ya mükafat olduğuna inanırdılar. Daha sonra kahinlər yuxuları yozmağa başladılar. Bu işdə Babil kahinləri ad çıxarmışdılar. Qədim misirlilər, yunanlar, ərəblər yuxu yozumları ilə bağlı kitablar yazıblar. “Kitabi-Dədə Qorqud” dastanında da yuxu yozumları ilə bağlı məqamlara rast gəlirik. Məsələn, “Salur Qazanın evinin yağmalanması” boyunda “qara qayğılı yuxu” görən Qazan xan qardaşı Qaragünədən yuxusunu yozmağı istəyir.
Qurani-Kərimdə yuxu ruhun bədəndən müvəqqəti çıxmağı kimi mənalandırılır: “ Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (əz- Zumər, 42). Bundan başqa, Yusuf surəsində Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə həbsdə olan iki nəfərin yuxularından danışılır. Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində Məhəmməd peyğəmbərin yuxusu verilib.
Yuxu haqqında bir çox alimlər, psixoloqlar, elm adamları da araşdırmalar aparıblar. Ziqmund Freyd araşdırmalarının böyük hissəsini yuxulara həsr edib. 1900-cü ildə onun “Yuxular və yozumları” adlı kitabı nəşr olunub. Freyd yuxunu insanın şüuru altında gizlənmiş arzularının, istəklərinin təzahürü, görüntüləri hesab edirdi. O, yuxuları “şüur altına gedən kral yol “ adlandırıb. Onun fikrincə, yuxularda baş verən hadisələr simvolik ifadə olunur, bu simvolların mənasını tapmaq isə psixoanalitikin işidir.
Freydin araşdırmaları uzun müddət mübahisələrə səbəb oldu. 1953-cü ildə Amerika alimləri bu sahədə yeni araşdırmalara başladılar. Məlum oldu ki, yatarkən müşahidə olunan göz qapağının hərəkətləri yuxu görməklə bağlıdır. Laboratoriyada yuxu görərkən oyandırılan insanların çoxu yuxusunu xatırlayırdı. Onların gördükləri yuxular gündəlik həyatları ilə bağlı idi. Yuxu görmədiyini deyənlərin isə əslində yuxularını xatırlamadıqları anlaşıldı.
Yuxular ağ-qara və ya rəngli olur. Araşdırmalar nəticəsində məlum olub ki, qadınlar kişilərə nisbətən daha rəngli yuxular görürlər. Bəzən gördüyümüz yuxunu dəqiqələrlə danşib bitirə bilmirik. Ancaq yuxuda zaman məhdudiyyəti var. Ən uzun yuxu belə 90 saniyəni keçmir.
Ümumiyyətlə, görülən yuxuları bir-neçə qrupa bölmək olar. Beyni yorğun, davamlı bir məsələni düşünən insanlar qarışıq şeylər, yaxud düşündükləri mövzuyla bağlı yuxu görə bilər. Bu tip yuxular yozulmaz.
İkinci tip yuxular kabus və ya qarabasmalardır. Belə yuxular xoş başlasa da, sonra qorxunc hala keçir. Qarabasmaların səbəbinin psixoanalitik, yaxud nervpotoloqlar aydınlaşdırır. Hər insan həyatında kabus görə bilər, ancaq belə hallar tez-tez baş verirsə həkimə müraciət etmək lazımdır.
Üçüncü tip yuxular olduğu kimi çıxır. İntuisiyası gülcü olan insanlar bu cür yuxular görür. Məsələn, yuxuda çoxdan görmədiyin bir tanışını görürsən, qısa zaman sonra realda onunla qarşılaşırsan.
Dördüncü qrup yuxular ən çox görülən yuxulardır. Yəni yatan kimsə yuxusunda müxtəlif şeylər görür. Səhər oyananda bunların bir qismini xatırlayır. Bu tip yuxular yozulur.
Müşahidə olunan yuxulardan biri də yuxu içində görülən yuxulardır. Belə yuxuların yozumu da çox vaxt reallaşır.
Altıncı tip yuxular tez-tez təkrarlananlardır. Yəni insan eyni yuxunu dəfələrlə görür. Məsələn, kimsə yuxusunda daim eyni bir bağçada gəzdiyini görür. Realda isə heç vaxt o bağçanı görməyib.
Yuxu görməyin müsbət tərəfləri çoxdur. Yuxular hər şeydən əvvəl daxili aləmimizlə körpü yaradır. Ruhumuzdan gələn mesajlardır sanki yuxular. Yuxular həm də insanın yaradıcı gücünü artırır.
Ən gözəl yuxularınız çin olsun!
Şəfanə İbrahimova