Görmüşük qışda qar yağar, şaxta, çovğun olar… O da qala qışın oğlan çağı...
Son illərin qışı isə bizi xeyli arxayınlaşdırıb. Göydən iki qar dənəciyi düşməmiş başlayırıq deyinməyə ki, qar Bakını iflic elədi. Yollar bağlandı. Külək rayonlarda elektrik dirəklərini yerə yıxdı və s.
Əcəba bəs, qış nə üçündür, qışda qar da yağmalıdır, yollar da buz bağlamalıdır…
Bəlkə qışda ağaclar çiçək açsın?
Mən yazıda ayrı-ayrı dövlər qurumlarına haqq qazandırmaq istəmirəm. Onların gördükləri iş göz qabağındadır, əvvəlcə yolu çəkirlər, sonra milyonlarla vəsaitin hesabına düzəldilən yolları dağıdıb, kommunikasiya sistemi qurarşdırırlar. Bununla da o yolun fatiəsini verirlər. Artıq hər bir sahədə bu, bir ənənəyə çevrilib.
Qəribəsi bilrisiniz nədir, qışın insanları iflic etməsi... Daha doğrusu, qar yağan kimi insanlarımızın iflic olmaq istəməsi.
Bu gün səhər yuxudan qalxdım, neçə dost-tanışla əlaqə saxladımsa, hamısı işə getməyəcəklərini dedilər. Səbəbi isə qarın yağması imiş.
Əcəb bəhanədir. Bəhanə kimi adamın evini yıxan ikinci bir şey tanımıram. Qardaş, yanvar ayıdır. Bakıya 10-15 cəmi sm qar yağıb. Yanvarda 40 dərəcə isti olası deyil ki...
Nə məktəblər normal işləyir, nə xəstəxanalar, nə də başqa müəssisələr. Hələ onu demirəm ki, bunu bəhanə edib, neçə qəzet çıxmayacaq. Görün Bakıya 40-50 sm qar yağsa nə olar. İnandırım ki, insanlar çörək almağa belə, getməzlər...
Bu adamlar niyə bu qədər tənbəlləşib? Əslində, Bakı sakinləri dünəndən hava proqnozuna rəğmən bu gün işə gəlməyəcəkləri barədə qərar vermişdilər.
Bu gün paytaxtda tam gücü ilə bilirsiniz hansı müəssisələr işləyir...? “Sədərək”, “Binə” ticarət mərkəzləri... Orada alver edənlərin hamısı öz işindədir.
Yalnız bu göstəriciyə görə düşdüyümüz hala ağlamalıyıq.
Bir anlıq uşaqlıq illərim gözümün önünə gəldi. Ucqar dağ rayonunun ucqar kəndində də qar yağırdı. Burdakından dəfələrlə çox. Qış ayları hər gün yağırdı. Yəqin ki, bizim nəslin nümayəndələri xatırlamamış deyillər. O zaman əməlli-başlı geyimimiz də yox idi, palto nədir, bilməzdik. Ancaq bir dəfə olsun fikrimizin ucundan keçirə bilməzdik ki, qar yağacaq və biz də dərsə getməyəcəyik. Qarın qalınlığı boyumuzdan hündür olduğu vaxtlarda 2-3 km yolu qət edib məktəbə gedirdik.
O zaman hamı belə idi. Hər yerdə belə idi. Rayonda da, Bakıda da... Havanın necə olacağı o qədər də önəmli deyildi. Ən önəmlisi hamının öz işində olması idi.
İndi hər şey başqalaşıb. İnsanlar kiçicik çətinlikdən qaçırlar.
Nədir bunun səbəbi, indiki insanın gücsüzlüyü, tənbəlliyi, rahatçılığa aludəçiliyimi? Hər nədirsə, millət olaraq bizə yaxşı bir şey vəd etmir!!!
İnsanı bəhanədən çox mağmın edən, kiçildən ikinci nəsə yoxdur.