Modern.az

Radikal islam seli qarşısına BÖYÜK KÖTÜKLƏR

Radikal islam seli qarşısına BÖYÜK KÖTÜKLƏR

Ölkə

22 Aprel 2014, 12:12

İslam dininin məktəb müstəvisində öyrənilməməsi sarıdan  buraxılan səhvləri zaman və şərait ciddi dəlillərlə sübut etsə də,  hələ də dəyişən bir şey yoxdur. Gözləmək olardı ki, böyük əksəriyyətin immunitetinin güc gələ bilmədiyi vəhabilik, sələfilik, cəfərilik, nurçuluq daha hansı məzhəbçilik adı altında tüğyan edən  təhlükəli epidemiyalarla qızğın mübarizə getdiyi bir vaxtda dini təbliğatın doğru istiqamətdə aparılması ilə bağlı təhsildə mühüm addımlar atılacaq.  Lakin ötən həftə təhsil naziri müavininin dini dərslərə ayrıca fənn şəklində ehtiyac olmaması barədə rəsmi mövqeyi bu məsələ üçün yenə də  qəti nöqtə sayıla bilər.

Bizdə ya bu problemlər görməzlikdən gəlinir, ya radikal dini bəlaların qarşısının sağlam dini əqidə sayəsində alınmasına inam zəifdir, ya da ki, dini təbliğatın nəticəsində klerikal cəmiyyətə çevrilməkdən qorxuruq.  Onda bəs, sərhədlərimizi rahat adlayıb, evlərimizin içinə soxulan dini missionerlik fəaliyyətindən niyə çəkinməmişik? Bir tərəfdə radikal islam meylli insanlar qrupu əmələ gəlib, digər tərəfdə, sağlam idraka malik, Allaha ibadət yolunu seçən möminlər kəsimi formalaşıb. Məgər cəmiyyət dini cəmiyyətə çevrilmir?  Konstitusiya insanların dini etiqat azadlığını tanıyır, onlara ümumiyyətlə, din məsələlərində qadağalar tətbiq etmir. Azərbaycan bütün dinlərə, həmin dinlərdən olan vətəndaşlara tolerant münasibətini qoruyub saxlayır. Amma nədənsə informatika, psixologiya, sosiologiya, politologiya və s. yeni elm sahələri, təzə fənnlər ardıcıllığında dinə yer verilməsi istənilmir. Məgər əxlaqı-mənəvi dəyərlər sistemini formalaşdıran dinin  tədrisi, “Quran”ın geniş müstəvidə təbliğı dünya mədəniyyətinə inteqrasiyanın qarşısınımı kəsir? Azərbaycanı İran, Səudiyyə Ərəbistanı kimi, teokratik rejimlərəmi çevirir? Dinin bir elm sahəsi olaraq inkişafı, fənn kimi ali və orta məktəblərdə tələbənin, şagirdin yaş səviyyəsinə uyğun tədrisi Azərbaycanın Konstitusiyada təsbit olunan demokratik, hüquqi, dünyəvi, unitar dövlət prinsiplərinin dəyişdirilməsini əsla tələb etmir, təhsil siyasətinin dünyəvi xarakterinə təhlükə səciyyəsi daşımır. İctimai təşkilatların uzun zamandır, sistemli müzakirəyə çevirdiyi bu məsələnin vacibliyi, sadəcə,  onunla izahlanır ki,

müəmmalı məzhəbçilik, radikal islam selinin önünə qalın bəndlər atılmalı, BÖYÜK KÖTÜKLƏR  çıxarılmalıdır. Bu isə o məna yükünü daşıyır ki, hansısa bir açıq, yaxud,  konfidensial dini qruplaşmanı aşkarlayıb zərərsizləşdirməklə problem həll olunmur. Çünki bir radikal dini kəsim aradan götürülər, yerinə başqası da gələ  bilər, ona görə zərbə problemin kökünə çatmalıdır. Kök isə odur ki, bizdə dinə diletant və kor-koranə münasibət var,  gerçək islam dəyərlərini qondarma dəyərlərdən ayıra bilmirik, ona görə də radikal islam epidemiyası bizlərə rahatca yoluxur.   BÖYÜK KÖTÜK , GÜCLÜ BƏND məsələsinin mahiyyəti odur ki, cəmiyyət din məsələsində naşılığı arxada buraxıb, onu mükəmməl səviyyədə öyrənməli,  balacadan böyüyə hər kəs islam əqidəsinə, dini dəyərlərə  möhkəm  sarılmalıdır ki,  bunun da əldə olunması mənbəyi orta və ali məktəblərdir. Dini radikalizm selinin qarşısına  güçlü cəmiyyəti yalnız  təhsil müstəvisində hazırlamaq mümkündür.  

Deyə bilərsiniz ki, Bakı İslam Universiteti və BDU-nun İlahiyyat fakültəsi var, bu kifayət etmir? Əlbəttə ki, etmir, axı cəmiyyət bir ovuc insandan ibarət deyil.  Tutalım, burada təhsil alanlar sağlam yolda yürüyə bilir, bəs yerdə qalanlar? 

Əgər yeniyetməyə dini biliklərin fənn şəklində tədrisi qeyri-düzgündürsə, onda niyə nurçu məktəblərində təhsil alan azərbaycanlı uşaqlara din dərslərinin keçirilməsinə rəsmi səviyyədə yasaqlar müəyyənləşdirilmir? Həmin məktəblərdə deyilənə görə hicab qadağası da yoxdur, halbuki o məktəblər Təhsil Nazirliyinin nəzarətindən kənarda deyil.  Bu, o deməkdir ki, dinlə bağlı məsələlərdə təhsil siyasəti dağınıqdır. İki il bundan öncə Almaniyada orta məktəb və liseylərdə təhsil alan 700 min müsəlman şagirdə dini biliklərin öyrədilməsi üçün müəllim hazırlığı məqsədilə ilk İslam İlahiyyat fakültəsinin açılması xəbəri Azərbaycandakı gerçəkliklərlə müqayisədə insanı təəccübləndirməyə bilmir. Biz əslində dinimizi öyrənməkdə çox gec qalmışıq və bunun acı nəticələrini bu gün yaşayırıq.  

Birincisi, ona görə ki, Sovet quruluşunun sırıdığı elmi ateizm təliminin özü də imperiyanın divarları çat aldığı gündən ciddi fiaskoya uğramışdı. Bunun yerinə panteist fikirlərin təbliğı, gerçək dini əqidəmizin formalaşdırılması üçün optimal şərait yaranmışdı. Digər tərəfdən, müstəqil dövlətin atributlarında islamçılıq öz rəngi, dəyəri ilə simvolizə olunurdu. Lakin mahiyyətini düzgün anlamadığımız dindən  xoflanmaq , dünyəvi dövlət modelindən uzaqlaşmaq, teokratik rejimli ölkələrə  çevrilmək   əndişəsi  sarsılan ateist dünyagörüşün qarşısına təcili şəkildə fundamental islam fəlsəfəsini qoymağa imkan vermədi.


Dəqiq yadımdadır, BDU-nun professoru, uzun illər elmi ateizmdən dərs deyən Əsədulla Qurbanov dəyişməkdə olan dünyanın şərtlərinə uyğun olaraq  bizim auditoriyaya adı “Dinşünaslıq”la əvəz olunan fənni tədris etməyə girirdi. Amma onun mühazirəsi nə tələbələrə çatırdı, nə də  dediklərinə özünü inandıra bilirdi. Axı uzun təcrübədə Allahı inkar etmək, dünyanın, canlı, cansız varlığın var olmasında ilahi hökmünü danmaq, sonra çevrilib qısa müddətdə ilahiyyatçı olmaq, Tanrıya sığınmaq necə mümkün ola bilərdi?!  Əsədulla Qurbanovun dili ona görə dolaşır,  ona görə tərəddüd içərisində qalırdı ki,  müstəqillik dövrü başlayanda təhsil strateqləri dini tədrislə bağlı yanlışları rədd edib, doğruları yaradan  elmi araşdırmalara xeyir-dua verməmişdi. Fənnin adında baş verən dəyişiklik, kitabların içinə tam sirayət etməmişdi, yeni dərs vəsaitlərinin hazırlanmasına iradə çatmırdı. Dini kadrların defistliyi isə , sadəcə bəhanə idi. Konkret BDU-nun  6-cı mərtəbəsində dinimizi səlist bilən, bu yolda usanmayan professor Vasim Məmmədəliyev otururdu, amma onun dini bazasından istifadə etmək belə, heç kəsin yadına düşmürdü (düzdür, 1993-cü ildə BDU-da İlahiyyat fakültəsi yarandı və Vasim müəllim dekan oldu, söhbətsə, başqa fakültələrdə və ali məktəblərdə dini dərslərə yer verilməməsindən gedir-müəl.). İş ondadır ki, Vasim Məmmədəliyevdən sonra çox ilahiyyatçılar ortaya çıxdı, lakin ali və orta məktəblərdə dinlə bağlı biliklər məhdud çərçivədə qaldı.  Kəsəsi, elmi ateizm dəfn olunandan sonra panteist təlimin məktəblər səviyyəsində  yayılmasındakı yubanmanın hələ də davam etməsi  bizi çox geriyə atdı.   Halbuki   islamda  təriqətlər  haqqında heç nə deyilməməsi bu gün  məzhəb çağırışlarından qaçmaqda ciddi səbəbə çevrilər, dinimizdən gələn tərbiyə üsulları cəmiyyətimizi bambaşqa bir aləmə dönüşdürər, insanların mənəvi sağlamlığı etibarlı  zəmanət altına alınardı.  

Gecikmədə ikinci faktor ondan ibarətdir ki, dini əqidəmizin düzgün formalaşmaması nəticəsində könhə dünyanın qalığı olan sünnü-şiə məzhəbi yenidən aktuallaşdı və dünyada görünən-görünməz  qarşıdurma səviyyəsinə çatan bu məzhəb ayrı-seçkiliyindəki dərinləşmə  Azərbaycan üçün də yaxşı olmayan bir perspektivə gəlib çatır.  Təkcə bu olsaydı, dərd yarıydı. Adını əski çağlarda eşitmədiyimiz vəhhabilik, cəfərilik, nurçuluq, bir də ayılıb gördük ki, bir qrup insanlarımızın dini əqidəsini əməlli-başlı formalaşdırıb.  Bir qədər əvvəl vəhhabilərin əlində oyuncaqa çevrilən, Suriyada mənasızcasına döyüşüb, hətta öz vətəni üçün potensial təhlükə mənbəyinə çevrilənlər, o cümlədən nurçularla əlaqəli Türkiyədə baş verən hadisələrin siqnal xarakteri Azərbaycanı silkələməlidir,  biz bizi sarmış radikal islam selinin,  təhlükə saçan məzhəblərin  qarşısına Böyük Kötüklər çıxarmağa hazırlaşmalıyıq. Yəni, dini radikalizm probleminin qarşısını islamı, təkcə islamı da yox, Allahın digər dini təlimlərini, müqəddəs kitablarını öyrənən, bu fəlsəfəni dərk edən dini dünyagörüşlu  sağlam cəmiyyəti hazırlıqlı vəziyyətə gətirməliyik.    Təkcə, məzhəb qarşıdurması faktoruna görə yox,  “Quran” surələrini əzbər bilən,  başıbağlı, namaz qılan insanların  hamısının mömin sayılması qeyri-mümkünlüyünə görə də. Müqəddəs kitabı birər-birər əzbərləyib, mahiyyətini dərk etməyən molların hamısının cəmiyyətdəki nüfuzu pozitiv deyil. Çünki bu qisim dindarlar Şeyx Nəsrullahın başqa formada təkrarıdır. Bizə indi də belələri ilə mübarizədə kefli isgəndərlər lazımdır. Bu kefli isgəndərlər dinin tədrisinə yandırılacaq yaşıl işıqdan sonra orta və ali məktəblərdə yetişəcək.

Kefli isgəndərlərin başqa bir variantı namaz qılıb, qiybət edən, böhtan danışan, barışıq əvəzinə təfriqə yaradanların saxtakar dindar obrazını ifşa etmək mələsində də tələb olunur. Çünki bu gün məscidlər namaz qılanlarla dolub, fəqət onların içərisində həqiqi dindarları axtarıb tapmaq müşkül məsələdir.  Zahirdə bəziləri  mömin kimi görünsələr də,  batində şeytandan elə bir fərqləri yoxdur. Dini təsəvvürləri zəif olanlar, namazı təkcə Allahla təmas vasitəsi deyil, eyni zamanda, ondan nəsə ummaq yolu kimi seçənlərin islamı biliklərinin genişlənməsinə, səmavi kitabları yaxşı-yaxşı oxumasına böyük ehtiyac var.   

Əgər Təhsil Nazirliyi din dərslərinin keçirilməsini prioritet məsələyə çevirərsə, BÖYÜK və SAĞLAM KÖTÜKLƏR dini missionerlik selinin də qarşısını kəsə bilər, dinə kor-koranə münasibəti də dəyişə bilər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı