«Parlamentdə qadınların sayını artırmaq üçün şüurlarda dəyişiklik etməliyik»
Parlament seçkiləri yaxınlaşdıqca qanunverici orqanda qadınların sayının artmasıyla bağlı istəklər daha sıx səslənir. İndiki Milli Məclisin 125 millət vəkilindən yalnız 14-ü qadındır ki, bu da aşağı göstərici sayılır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli bildirir ki, bu gün Azərbaycan qadınının müəyyən qurumlarda təmsilçiliyini artırmaq üçün qanunlar qəbul etmək yetərli deyil: «Bununçün əvvəlcə psixoloji hazırlıq aparmaq lazımdır, necə deyərlər, şüurlarda inqilab etmək lazımdır. Məsələn, «siyasətçi qadınlar kişi kimi olmalıdır» fikri nə dərəcədə düzgündür? Ümumiyyətlə niyə «kişi kimi» ifadəsi müsbət ölçü vahidi kimi qəbul edilib? Bir halda ki, biz qadınlarımızı ədalətlilik, rəhimlilik, sülhpərvərlik rəmzi olduğunu deyirik, bəs niyə müsbət ölçü kimi kişi obrazını götürürük? Yaxşı olar ki, əvvəlcə biz Qarabağda işğal olunmuş torpaqlarımızı azad edək, sonra bu cür ölçüləri müəyyən edək». Y.Mehdibəyli belə məsələlərdə kvota qoyulmasının əleyhinə olduğunu bildirir: «Mənə elə gəlir ki, hər kəs öz ağlına və savadına görə qiymətləndirilməlidir. Əgər biz özümüzü müasirləşən, qloballaşan dünyadan təcrid etmək istəmiriksə, gərək bu cür məsələlərdə də nəhayət, şüurumuzda dönüş yaradaq. Əgər biz «kişi və qadın bərabər olmalıdır» deyiriksə, bu doğrudan da belə olmalıdır. Parlamentdə, bələdiyyələrdə və ya icra strukturlarında “bu qədər qadın olmalıdır” deyə bir ölçü qoymaq düzgün deyil, bu təbii yolla baş verməlidir. Bu gün Azərbaycan qadını harada olmasından asılı olmayaraq üzərinə düşən işin öhdəsindən məsuliyyətlə gəlir, kifayət qədər idarəçiliyi bacarır və aktivdir. Qalır sadəcə ona qısqanclıqla yanaşmamaq. Əgər bu cür münasibət aradan götürülsə, hər hansı bir seçkilərdə də kvotaya ehtiyac olmaz». Y.Mehdibəylinin fikrincə, söhbət hansısa məhdud çərçivəli prosesdən deyil, bütövlükdə cəmiyyətlə bağlı olan problemdən gedir: «Mən o fikirlərin də əleyhinəyəm ki, hansısa yarışmada, mübarizədə qadın olduğuna görə kiməsə güzəşt edilsin. Bu fikirlər qadınların məhz qadın olduqlarına görə sıxışdırılmasının nəticəsində meydana çıxıb. Kişilərin güzəştləri bizə lazım deyil, sadəcə qısqanclıq etməsinlər. Qadınlara mane olmasınlar, “niyə bu yeri qadın tutmalıdır” deyə düşünməsinlər, bunu qadının hegemonluğu kimi dəyərləndirib, hürkməsinlər, o zaman kvotaya da ehtiyac olmaz». Parlamentdə qadınların az təmsil olunmasını siyasi partiyaların öz daxilindəki qeyri - demokratik şəraitlə izah oluna bilərmi? Y.Mehdibəyli hesab edir ki, bu günkü siyasi qurumların daxilindəki demokratiya məsələsi təkcə qadınlara münasibətlə bağlı deyil: «Düzdür, mən bunu həmişə deyirəm ki, partiyaların hamısındakı düzən dəyişməlidir. Amma konkret olaraq qadınlara qarşı bu münasibət olursa, gərək o qadınlar daha mübariz olsunlar. Əgər siyasi mübarizəyə qoşulublarsa, kənardan olan təzyiqlərə məhəl qoymadan mübarizəni aparmalıdırlar».
Azərbaycan Xalq Cəbhəsi Partiyasında Ali Məclis sədrinin müavini Gözəl Bayramlı da parlamentdə qadınların sayının çox olmasının cəmiyyətin demokratik göstəriciləri kimi qiymətləndirir. Bunun konkret olaraq hər hansı bir siyasi partiyanın deyil, bütövlükdə cəmiyyətin problemi kimi şərh edən G.Bayramlı başqa sahələrdə qadınlara münasibətdə qısqanclığın daha kəskin şəkildə özünü göstərdiyini deyir: «Əksinə, qadınlara siyasi partiyalarda daha hörmətlə yanaşırlar, çünki bu qurumlarda cəmiyyətin öncül insanları təmsil olunurlar». Bununla belə G.Bayramlı seçkilər zamanı qadın olduğu üçün güzəşt əldə edə bilməyib. 2005-ci il parlament seçkisində namizədliyini irəli sürmək istəsə də, ona kişi namizəd mane olub. Elə indi də bu problem var: «2005-ci ildə də elə bu məsələyə görə namizədliyimi geri götürmüşdüm. Ancaq bu dəfə geri çəkilmək fikrim yoxdur».
2005-ci ildə 95 saylı Tərtər rayon seçki dairəsindən namizədliyini irəli sürmüş Aynur Quliyeva üzvü olduğu Müsavat Partiyası tərəfindən ayrı-seçkiliyə məruz qalmışdı. Xanım deputatın dediklərindən: «Azərbaycanın siyasi səhnəsi qadınlarla bağlı o qədər də ürəkaçan səviyyədə deyil. Mən özüm də müxalifət partiyasında təmsil olunmuşam. Ona görə də dəqiq bilirəm ki, bu partiyalarda qadının siyasi fəaliyyətlə məşğul olması üçün normal, bərabər imkanlar yaradılmır. Fikir versəniz üzdə olan qadınlarımız bir partiya daxilində üzə çıxa bilmir, amma sonra özü ayrıca bir QHT yaratdıqdan sonra kifayət qədər uğur qazanır. Parlamentə gedəndə yaratdıqları siyahılarda birinci növbədə kişilər özlərinə yer tuturlar, qadınlara həmin siyahılarda cüzi yer verilir. Rəhbərlikdə də həmçinin. Bəlkə də bu səbəbdəndir ki, bu gün Azərbaycan parlamentində deputatların cəmi 11, 5 faizi qadınlardan ibarətdir».