Modern.az

Yay gəlir, ilan təhlükəsi artır: Nələrə diqqət edək?

Yay gəlir, ilan təhlükəsi artır: Nələrə diqqət edək?

Ölkə

Bu gün, 16:01

Son günlər havaların sabitləşməsi və temperaturun yüksəlməsi ilə birlikdə xüsusilə Abşeron yarımadasında ilanlarla bağlı müraciətlərin və sosial şəbəkələrdə yayılan görüntülərin sayı artıb. Bir çox insan bunu ilanların sayının çoxalması ilə əlaqələndirsə də, mütəxəssislər hesab edir ki, məsələ daha çox insanların ilanların məskunlaşdığı ərazilərlə təmasının artması ilə bağlıdır. Yaşayış məntəqələrinin genişlənməsi, təbii arealların sıradan çıxması və yay mövsümündə ilanların daha çox hərəkət etməsi bu qarşılaşmaları artıran əsas səbəblərdən sayılır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun Biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Abşeron yarımadasında ilanların təbii yaşayış yerləri demək olar ki, qalmayıb:

“Bütün ərazilər tam antropogenləşib. Hazırda insanların intensiv yaşadığı həyət-yanı sahələr, istirahət məkanları, istehsalat əraziləri ilanların da rast gəlindiyi yerlərə çevrilib. Ona görə də insanlar ilanlarla daha tez-tez qarşılaşırlar. Amma bu, ilanların sayının artması demək deyil. Əksinə, ilanların sayı azalır. Sadəcə olaraq əvvəllə müqayisədə insanlarla təmas halları çoxalıb. Əvvəl dörd ilanla 50 nəfər rastlaşırdısa, indi eyni sayda ilanla 500 nəfər qarşılaşa bilər. Bu da insanlarda ‘ilanlar artıb’ təəssüratı yaradır”.

Bioloqun sözlərinə görə, ilanlar əsasən yem bazasının və gizlənmə yerlərinin olduğu ərazilərə yaxınlaşırlar:

“İlanların yemi olan siçanabənzər heyvanlar, kərtənkələlər, quş balaları olan yerlər onları cəlb edir. Eyni zamanda daş qalaqları, taxta yığınları, ağac budamaları, zirzəmilər ilanlar üçün əlverişli sığınacaqdır. Yayda havalar daha da qızdıqda ilanlar sərinlik axtarmağa başlayırlar. Yerə düşmüş taxtaların, kartonların, şiferlərin altı onlar üçün uyğun mühit olur. Gün düşməyən, kölgəli yerlərdə gizlənə bilirlər. Buna görə də belə ərazilərdə işləyərkən və ya təmizlik apararkən diqqətli olmaq lazımdır”.

Təvəkkül İsgəndərov qeyd edib ki, Azərbaycanda yayılan ilanların böyük əksəriyyəti zəhərsizdir:

“Hazırda Azərbaycanda taksonomik dəyişikliklərə görə 26 növ ilan qeydə alınır. Onlardan yalnız dördü zəhərlidir, 22 növ isə insan üçün təhlükəli deyil. Ən geniş yayılmış zəhərli növ Gürzə ilanıdır. Levantin Gürzəsi əsasən aran və quraq ərazilərdə yayılıb. Lənkəran zonasında Qalxansifət ilanına rast gəlinir. Naxçıvanda Radde dağ gürzəsi yaşayır. Yaylaq və subalp çəmənliklərində isə Renard gürzəsi, yəni Şərqi çöl gürzəsi müşahidə olunur”.

Mütəxəssis bildirib ki, insanların ən böyük səhvi ilanla qarşılaşarkən ona yaxınlaşmağa çalışmalarıdır:

“İlan təhlükə hiss edəndə özünü müdafiə etmək üçün sancmağa çalışır. Ona görə də ilanın üstünə getmək, onu tutmağa çalışmaq olmaz. İmkan vermək lazımdır ki, uzaqlaşsın. Əgər təhlükəli yerdədirsə və gizlənməsini istəmirsinizsə, müəyyən məsafədən üstünə kisə və ya başqa material atmaq olar ki, yerində qalsın. Daha sonra aidiyyəti şəxslərə məlumat verilməlidir”.

Bioloq vurğulayıb ki, zəhərsiz ilanlar bəzən qorxulu görünsələr də, insanlar üçün təhlükəli hesab olunmurlar:

“Bəzi zəhərsiz ilanlar fısıldaya, aqressiv davranmağa çalışa bilər. Amma onların insan üçün təhlükəli zəhər aparatları yoxdur. Gürzələrdə olduğu kimi ön zəhər dişləri və zəhər vəziləri olmadığından onlar ciddi təhlükə yaratmırlar. Azərbaycanda yayılan təlxələr, erinslər, zolaqlı ilanlar və digər növlərin əksəriyyəti zəhərsizdir. İnsanlar əsasən Gürzə növlərindən ehtiyatlı olmalıdırlar” - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV