Elə bir gün olmur ki, həmyerlilərimlə görüşməyim. Bu günlər ərzində müxtəlif əqidəli, xarakterli və ranqlı insanların bir arzu və istəyini gördüm. Doğma torpaqlara, yurd yerimizə qayıtmaq və son mənzilə məhz bu torpaqlardan yola salınmaq istəyi söhbət etdiyim şəxslərin hər birinin arzusuydu. Arzularımızın çin olmasını gözləyirik. Həmsöhbət olduğum insanlar inanırlar. İnanırlar ki, Ağdama və işğal altında olan digər yaşayış məntəqələrinə qayıdacaq, ondan da yaxşı şərait quracaqlar. Bu insanları yaşadanda elə bu ümiddir...
Böyüyüb boya başa çatdığım Quzanlı kəndi bu gün qəsəbə statusuyla rayon mərkəzi hesab olunur. Vaxtıylə kənd sovetinə aid olan Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri Quzanlı qəsəbəsinə artıq birləşmişdir. İndi bu ərazilərdə quruculuq işləri sürətlə davam edir. Amma etiraf etməliyik ki, Şuşanın havası bu kəndə qədər sərbəst gəlib çatsa da, bu gün Ağdam Quzanlıdan başlasa da o böyük şəhərin abu havasını buradan almaq olmur...
O yerlərin abu havası tam başqaydı...
Son günlər görüşdüyüm Ağdamın sayılan seçilən beş oğulunun isə ayrı da bir istəkləri var. Gələcəkdə onların hər biri haqqında ayrıca yazı hazırlayacağam. Bu yazıda isə onları birləşdirən Ağdamdır, bu şəhərə olan sevgidir...
***
Sənəti və şəxsiyyətiylə dünyaya meydan oxuyan Hacı Arif Babayevlə tez-tez “Dostluğun” çayxanasında görüşüb söhbətləşirik. Hər sözün-söhbətin sonu ya Sarhacılıya, ya da Ağdama calanır. Hər dəfə “Kötəl arxının suyundan ötrü burnumun ucu göynəyir”,- deyir. Özünü nə qədər tox tutsa da, hər dəfə səsinnin titrəməsini, o günlərə qayıtmaq eşqiylə yaşadığının şahidi oluram...
Hər bir sənət adamı haqqında obyektiv fikir soyləyən canlı korifeyimizin “Dostluqda” yaratdığı “komanda”ya üzv olmağı hər adam bacarmır. Bu komandanın üzvləri ilk növbədə şəxsiyyətə, böyük-kiçiyə hörmətlə yanaşmalı, hər zaman ağdamlı olduqlarını unutmamalıdırlar. Söhbətlərin birində, “Oğul şəxsiyyətimə hörmətlə yanaşmasam bu səviyyəyə çatammazdım eyy”, - deməsi, Arif Babayev ucalığının göstəricisi kimi qəbul etdim. Vətən həsrətiylə yaşayan Arif Babayevi böyük bir SƏNƏT MƏKTƏBİnin yaradıcısı kimi xöşbəxt insan saymaq olar. Amma doğma Sarhacılısında bir ağız Qarabağa həsr etdiyi mahnılarından birini oxuya bilsəydi Hacını daha xöşbəxt hesab etmək olardı...
***
Seyid Kamran Ağamirovda orjinal ağdamlıdır. Deyir ki, dostlarından biri Yesentukidə sanatoriyada istirahət edərkən gürcü ilə dostlaşır. Gürcü onun Ağdamnan oldugunu biləndə ondan seyidi soruşur. Onu tanımadığını eşidən həmsöhbəti ağdamlıya konkert deyir ki, sən ağdamlı deyilsən. “Hər ağdamlı gərək seyidi tanısın”-deyə gürcü agdamlıya səslənir. Otaq yoldaşının bu iradından sonra şəhərə qayıdıb seyidi tapır və hadisəni ona danışır...
Ağdamda müxtəlif vəzifələrdə çalışıb. Daşıdığı vəzifələri bir bir sadalamağı xoşlamır. Özünü sadəcə “seyid Kamran” hesab edir. Əlli ildən artıq Hacı Arif Babayevlə dostluq edir. Gözü yumulu olsa da belə Axundov küçəsindəki mənzilini tapa biləcəyini deyir...
Ofisdə doğma şəhərinin şəklillərinə baxarkən özünü saxlya bilmir...
Ağdamın tarixini, nəsillərin şəcərisini yaxşı bilən Seyid Kamran daim xeyrxahlığı ilə seçilir. “Dostluq”da oturub onlarca həmyerlisininin problemini dostlarının vasitəsiylə həll edir. Ensiklopedik yaddaşa malik olan həmsöhbətimin ən böyük arzusu ata evini eynən bərpa etməkdir...
***
Usta Rasim Qurbanovda Ağdamın simvollarındandır. Hərdən yolunu “Dostluğa” salsada, ustayla görüşümüz Xətai metrosunun yanındakı “profilaktoriya”da baş tutdu. 1958-ci ildən əmr alıb MTS-də əmək fəaliyyətinə başlayan Rasim kişi bu gündə ağdamlıların xidmətində dayanmaqdan zövq alır. Əziz dostum Hacı Elməddinin vasitəsiylə otuz beş ildən sonra görüşdüyüm ustanın görkəmi hec dəyişməmişdi. Ağdama qayıdacağına yüz faiz inanır. Amma şəhərə ayaq yalın başı açıq yox, tam yeni formada getməyi fikrləşir. Deyir ki, ən bahalı kostyum alıb, geyinəcək, “Mersedesi”ni əməlicə yuduzdurub “duxulyacaq” və öz maşınında birinci Qiyasli kəndinə gedən yoldakı “profilaktoriyaya”dakı iş yerinə baş çəkib, ordanda “Qaraağacıya” ziyarətə gedəcək...
Ağdamnan iyirmi bir illik ayrılq ustada hec nəyi dəyişməyib. Amma kövrək olub. Ustası “bala mexanik” Zakir haqqında danışanda, “profilaktoriyada” iş yerinə xəyalən gələndə özünü tox tutur. Həmin an ustanın gözlərinə baxanda onu o anda Ağdamda olduğunu düşündüm. Bu məqamda ustanı xəyallarından ayırmaq günah olardı...
Ermitaja getməsindən həvəslə danışır. Hətta bir eksponatın qarşısında yarım saat dayandığını deyir:
- Atı elə təsvir etmişdilər ki, qapını açıb yeni bir otaga keçəndə elə bilirdin bu saat üstünə gələcək. Bir anlıq geri qaytımaq istəyirdin...
***
İzzətoğlu Famil də şəhərin tanınan şəxslərindəndir. Onunla da “Dostluqda” görüşdüm. Maraqlı adamdı. Səksən dörd yaşı olsa da çox gümrahdı. Uzun illər ticarətlə məşğul olub. İndi isə Bərdədə yaşayır. Ağdamın iyini ordan alıb özünə təskinlik verir. Arzusu bazardakı mağazasını bərpa etmək olsa da, əsas niyyəti bazarda uzun illər formalaşmış ticarətin ənənələrini yaşatmaq və inkişaf etdirməkdir. Bazarda hər tip adama rast gəlsən də İzzətoğlu Familin fikrincə onları düzgün məcraya yönəldənlər olmalıdır. O da bir məktəbdir. Məktəbdə isə savadalı bacarıqlı müəllimlərin dərs deməsi nəticədə ümumi işə təsir edir...
Zarafatı sevən adam olsa da, yaxın dostları Niyazi Qurbanov və fotoqraf Kərəm dünyalarını dəyişdiyindən özünü tənha sayır. Rəhmətlik Niyazi Qurbanovun təşəbbüsü ilə Kərəmlə Həştərxana etdikləri səfəri isə hec yadından çixara bilmir. Bu səfərdən çoxseriyalı bədii film çəkmək olar. Niyazinin “51-77” dövlət nömrə nişanlı “Moskviçi” ilə Həştərxandan-İrəvana səfəri isə ayrı bir aləm olub...
***
Yusif Ağayevdə ağdamlıdır. Alimdir. Elmlər namizədidir. Uzun illər Xankəndi Dölət Pedaqiji İnstitutda azərbaycanlılara himayəçilik edib. Dərin savada malik olmaqla yanaşı, şux təbiəti ilə seçilir. Xankəndini ikinci vətəni hesab edir. Ömrünün xeyli hissəsini orda yaşayıb. Zəngin arxivi var. Urəyi daim Qarabağla, ağdamla döyünür. O torpaqlara qayıdacağına inanır. Ona gorə arixivini və kitabxanasını çox ehtiramla Ağdam üçün qoruyur. Zarafatından da qalmır...
Ağdam mədəniyyət tarixini yaxşı bilir. Bir sıra tanınmışlarla qohum olması ilə fəxr edir...
Onunla da “Dostluq”da tanış oldum. Onlarca elmi məqalənin və monoqrafiyanın müəllifi olan Yusif müəlim təqaüddə olsa da elmi fəaliyyətini dayandırmır....
Niyyəti isə Ağdama qayıdandan sonra iyirmi bir illik keşməkeşli həyatı haqqında xatirələrini yazmaqdır...
***
Beş ağdamlı haqqında danışdıq. Hər biri öz sahəsinin zirvəsindədir. Onları bu həyatda yaşadan isə doğma Ağdama qayıtmaq istəyidir...