Modern.az

Müsəlman Şərqinin ilk Cümhuriyyəti: RƏHBƏRLƏRİ, TALELƏRİ…

Müsəlman Şərqinin ilk Cümhuriyyəti: RƏHBƏRLƏRİ, TALELƏRİ…

Ölkə

Bu gün, 12:20

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,                                                                       
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

28 May 1918-ci ildə Tiflisdə Qafqaz Canişinliyinin sarayında Azərbaycan Milli Şurasının Sədri Məhəmməd Əmin Rəsulzadənin  Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qəbul olunmuş İstiqlal bəyannaməsini elan etməsi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni tarix, çox fərqli bir dövr başladı. Bu dövr bizim üçün xüsusi önəmi olan tarixdir. Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətlərinə “mərhəba” dediyi, siyasi iradəsini ortaya qoyub öz müstəqilliyini bildirdiyi gündür 28 May!  
Bu gün Məhəmməd Əmin bəy Rəsulzadə başda olmaqla, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Xudadad bəy Rəfibəylinin, Xosrov bəy Sultanlının, Behbud ağa Cavanşirin, Məhəmmədhəsən bəy Hacılının, Xəlil bəy Xasməhəmmədlinin və Cümhuriyyət uğrunda fədakarlıqla mübarizə  aparmış minlərlə mücahidin ruhlarının şad olub mənəvi təskinlik duyduğu gündür. Müsəlman Şərqində ilk demokratik respublikanın qurucuları olmaq şərəfini ilahi qüdrət məhz onların bəxtinə yazdı. Tale onları çox sınaqlara çəkib məhrumiyyətlərə düçar etsə də, nə əyə, nə də sındıra bildi. Hər yerdə ancaq Azərbaycanı düşündülər. Tarix üçün bir göz qırpımından da qısa zaman ölçüsü olaraq keçən 23 ay onları ölməzliyə qovuşdurdu. Çağdaş zamanda dünyanın ən mötəbər yerlərində dalğalanan Bayrağımız, oxunan himnimiz  Cümhuriyyət qurucularımızın xatirələrini əbədiləşdirən ən dəyərli rəmzlərdir.
Təqdim olunan yazıda Cümhuriyyətimizin yarandığı o uzaq  günlərə, ictimai-siyasi mənzərəyə gücümüz yetdiyi qədər qısa nəzər salmaq, qurucu sələflərimizi bir daha xatırlatmaq, onların əziz xatirələrini minnətdarlıqla yad etmək,  o  şəxsiyyətlərin həyatından geniş oxucu auditoriyasına az məlum olan bəzi məqamlara işıq tutmaq  istəyirik.  

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika idi. Onun əsas nailiyyətlərini bir daha xatırlatmağı özümüzə borc bilirik:

Müstəqilliyin elan edilməsi, parlamentin yaradılması, çoxpartiyalı parlamentin fəaliyyət göstərməsi, parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin nümayəndələrinin təmsil olunması, demokratik hüquqların təmin edilməsi, vətəndaşlara söz, mətbuat, vicdan və toplaşmaq azadlığı verilməsi, qadınlara da seçki hüququnun verilməsi (Azərbaycan qadınlara seçib-seçilmək hüququ verən ilk Şərq ölkəsi oldu, bu hüquq  Avropa ölkələrinin bəzilərindən daha əvvəl Azərbaycanda tanınmışdı), dövlət atributlarının qəbul edilməsi, təhsil sahəsində islahatlar (1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı), Milli ordunun qurulması, xarici dövlətlərlə diplomatik əlaqələr yaradılması, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməsi və Azərbaycanın müstəqilliyinin de-fakto tanınması, milli valyutanın tədavülə buraxılması və iqtisadi tədbirlər, Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi, dilimizin dövlət dili statusu alması və rəsmi idarəçilikdə istifadə olunmağa başlaması və s.

Təəssüf ki, siyasi, iqtisadi və hərbi şərait Cümhuriyyətimizin bərqərar olmasına, inkişafına imkan vermədi. Çarizmin viranəliklərindən təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyətinin başlanğıcı   çox məşəqqətli dönəmə təsadüf etmişdi. O zaman (28.05.1918— 15.09.1918) Bakı quberniyası Bakı Xalq Komissarları Sovetinin (S.Şaumyanın başçılıq etdiyi bolşevik güruhun) və Sentrokaspi diktaturasının nəzarətində idi. Cümhuriyyətin fəaliyyətə başladığı dövr ağır iqtisadi tənəzzül dövrünə, pərakəndəliyin tüğyan etdiyi zamana tuş gəlmişdi. Çox hissəsi yoxsulluq içində yaşayan əhalinin ən minimal tələbatını ödəyə bilmək üçün nə yeni hökumətin imkanları vardı, nə xaricdən yardım göstərilirdi, nə də daxili əmtəə dövriyyəsi fəaliyyət göstərirdi. Hökumətin fəhlələr və dövlət işçiləri üçün maaşların bir neçə dəfə artırılmasına dair qəbul etdiyi qərarlar dövlət büdcəsində ciddi çatışmazlıqların yaranmasına gətirib çıxarırdı. Yaranan  büdcə kəsiri isə əsasən tariflərin yüksəldilməsi və əlavə kağız pul emissiyası yolu ilə aradan qaldırılmağa çalışılırdı. Bu vəziyyət qiymət artımını və hiperinflyasiyanı daha da sürətləndirir, zəhmətkeş təbəqənin sosial rifahının daha da aşağı düşməsinə səbəb olurdu. Sosial-iqtisadi istiqamətdə müəyyən tədbirlər həyata keçirilsə də, həm fəhlə probleminin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu baxımından mühüm əhəmiyyət daşıyan aqrar məsələnin həll edilməməsi əhalinin dözülməz vəziyyətini fəlakətli dərəcədə çətinləşdirirdi. Bolşeviklərin təlimatı ilə mövcud narazılıqdan yararlanan sosialist fraksiyası və Azərbaycan Kommunist Partiyası təxribat xarakterli fəaliyyətlərini genişləndirərək cəmiyyət daxilində etiraz meyillərini gücləndirmişdilər. Xalq Cümhuriyyətinin əleyhdarları onun sosial bazasını sarsıtmaq, nüfuzunu yox etmək üçün bütün qaynaqları səfərbər etmişdilər. Xalqın güzəranı daha da ağırlaşdıqca, sabaha olan inamları azaldıqca, milli hökumət torpaq islahatlarını qeyri-müəyyən müddətə qədər təxirə saldıqca narazı kütlənin sayı da hər gün çoxalırdı. O dövrün siyasi elitası arasında mütəşəkkilliyin olmaması da Azərbaycan Cümhuriyyətinin əleyhinə işləyirdi. Məsələn, əsasnaməyə görə, parlamentin 120 nəfərdən ibarət olası deputat korpusunda 11 partiya fraksiyası mövcud idi və parlament 23 ay ərzində kompleksləşdirilə bilmədi, parlament iclaslarının bəzilərində yetərsay olmadığından bir sıra  qanun layihələri müzakirə edilib təsdiqlənmədi,  əksər məsələlər Nikolay dövrünün qanunları ilə tənzimlənməkdəydi. Müzakirələr bəzən kəskin mübahisələrə səbəb olur, fərqli siyasi partiyalardan olan nazirlər əsəbiləşib istefa verir,  hökumət kabinəsi tez-tez dəyişirdi. Şəxsi düşüncəmizə görə, parlament üsul-idarəsi həmin dövr üçün səmərəli deyildi və hadisələrin  sonrakı gedişi bunu təsdiq etdi.

Əhalinin ictimai-siyasi durumunu yaxşı öyrənən, mövcud vəziyyəti fürsət bilən bolşeviklər V.Leninin göstərişi ilə Bakıda fəaliyyətlərini genişləndirir, siyasi opponentlərini nüfuzdan salmaq üçün hər cür vasitəyə, iqtisadi sabotajlardan tutmuş hərbi təxribatlara qədər, müxtəlif hiylələrə əl atır, əhali arasında antihökumət təbliğatını gücləndirirdilər. Mədənlərdə iş tapa bilib işləyənlərin əmək haqları 1914-cü ildəki əmək haqqının təxminən 18%-i qədər idi. Bolşeviklərin məqsədyönlü təbliğatı nəticəsində əhali arasında milli hökumətə qarşı etimadsızlıq güclənirdi. 1919-cu ilin iyul ayında Bakıda baş vermiş ümumşəhər etiraz mitinqi milli hökumətin təməlini ciddi şəkildə sarsıtdı. Bakıda başlayan narazılıq aksiyaları əyalətlərə də yayılır, onsuz da ağır olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Mövcud vəziyyətdən maksimum dərəcədə yararlanmağa çalışan daşnaklarının Azərbaycana qarşı düşmən mövqe tutmaları, əhaliyə qarşı soyqırımı siyasətini davam etdirmələri bizim milli hökumətimizi tam bir çıxılmaz mövqeyə sürükləməkdəydi. Nazirlər arasında çəkişmələr, hökumət üzvlərinin qanunsuz hərəkətləri, gizli fəaliyyət göstərmələri, nəticə etibarı ilə, hökumətin iflasını sürətləndirirdi. Məsələn, III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsi tutmuş Mirzə  Əsədullayev (məşhur milyoner Şəmsi Əsədullayevin oğlu) gizli neft sövdələşməsi apardığına görə o dövrün Baş naziri Fətəli xan Xoyski istefa vermişdi. 1920-ci ilin birinci rübündə Azərbaycan ordusu, demək olar ki, pərakəndə vəziyyətdə idi. (Bax: Jörg Baberowski: Der Feind ist überall. Stalinismus im Kaukasus, Berlin,2003, s. 154; П. Дарабади: Военно-политическая история Азербайджана (1917-1920 гг.), Б., 2013, s. 160).
Bolşeviklər 25 oktyabr 1919-cu ildə keçirdikləri partiya konfransında Azərbaycanda siyasi hakimiyyəti hərbi güclə devirmək barədə qərar qəbul etmişdilər. Bu məqsədlə həmin ilin dekabr ayında Mirzə Davud Hüseynovun (Fətəli xan Xoyskinin kürəkəni idi-R. S.) rəhbərliyi ilə Bakıda inqilab qərargahı yaradılmış və ciddi hazırlıqlara başlanılmışdı. Rusiyadan Azərbaycana gizli yollarla silah gətirilir, əldə edilən hərbi sürsatlar Çingiz İldırımın göstərişi ilə Nargin (Böyük Zirə adası), Bayıl və Şıx sahillərində gizlədilir, bir hissəsi isə milli hökuməti devirəcək etibarlı adamlara paylanılırdı. Bu dövrdə daşnakların rus bolşevikləri ilə bərabər hərəkət etmələrini də unutmaq olmaz.

1920-ci ilin Novruz bayramında daşnaklar Şuşa, Xankəndi və Əsgərana hücum edərək, ətraf yerləri ələ keçirməyə çalışdıqları üçün Azərbaycan ordusu onlarla döyüşürdü. Milli hökumət məhdud qüvvəsi ilə bolşeviklərin destruktiv əməllərinin qarşısını almağa çalışırdı. Həmin zamandaxarici işlər naziri F.Xoyskinin RSFSR xarici işlər naziri Çiçerinə rus silahlılarının nə üçün Azərbaycan sərhəddində dayandıqlarının səbəbini öyrənmək məqsədilə vurduğu teleqrama Q.Çiçerin cavab verməyi özünə sığışdırmamışdı. Əliheydər Qarayev isə öz növbəsində Rusiya Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayəti üzrə katibi B.Şeboldayevə teleqram vururaraq yaxın vaxtlarda Azərbaycanda siyasi rejimi dəyişəcəklərini bildirmişdi. Bu təlatümlü dönəmi fürsət bilən bolşevik Rusiyası iki dəfə – 02.01.1920 və 23.01.1920-ci ildə – Azərbaycan Xalq Cümhuriyyətinə cənub sərhədlərinin (A. Denikindən) təhlükəsizliyini təmin etməsi haqqında Rusiya Federasiyasının xarici işlər  naziri Q.Çiçerinin imzası ilə nota göndərmişdi. Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması (11.01.1920), görünür, şimal qonşumuzu çox qıcıqlandırmışdı. 17 mart 1920-ci ildə  V.İ.Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi, xüsusən də 16 mart 1920-ci ildə Osmanlı dövlətinin paytaxtı İstanbulun işğalçı müttəfiq dövlətlər tərəfindən (Böyük Britaniya, Fransa və Yunanıstan) işğalı, demək olar ki, cümhuriyyətimizin siyasi müqəddəratını həll etdi. Bolşeviklərə lazımi  müqavimət göstərməkdə çətinlik çəkən milli hökumət Tiflisə, Britaniya ali komissarı Lyuka teleqram vuraraq gürcü hökumətinin Azərbaycan hökumətinə yardım etməsinə və erməni tərəfinin Qarabağda hərbi əməliyyatları dayandırmasına vasitəçilik göstərməsini xahiş etdi. Lakin hadisələr o qədər sürətli vüsət aldı ki, ingilis ali komissarı heç məşvərət iclası da keçirə bilmədi.

27 apreldə gündüz saat 12-də Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinə Spasski küçəsi 11/5 ünvanında (Zərgərpalan) hakimiyyəti təslim etmək barədə ultimatum verdi. Axşam saatlarında Qırmızı Xəzər Donanması komandanı Çingiz İldırım milli hökumətə öz adından təslim olmaq haqqında təhdidkar ultimatum göndərdi: "2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz, parlamenti başınıza yıxacağam!" Parlamentə qərar qəbul etmək üçün gecə saat 12 tamama qədər vaxt verildiyi, əks təqdirdə parlamentin top atəşinə tutulacağı bildirilirdi. Parlamentin təslim olmaq haqqında iclası 2 saat 40 dəqiqə sürdü və axşam saat 11.25 dəqiqədə başa çatdı. Son iclas başlamazdan öncə hərbi nazir S.Mehmandarov bolşeviklərə silahlı müqavimət göstərməyin mümkünsüzlüyünü bildirmişdi. Məhəmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin son iclası açıq keçirildi: “Hansı vəziyyətdə qərar qəbul etdiyimizi xalq bilsin”.

Baş nazir M.Hacinski, “Hümmət” fraksiyasının təmsilçisi S.Ağamalıoğlu, “İttihad” fraksiyasının təmsilçisi K.Qarabəyov, “Sosialist bloku” fraksiyası təmsilçisi A.Səfikürdski, “Əhrar” fraksiyası təmsilçisi A.Qardaşov və başqaları müqavimətin mənasız olduğunu etiraf etdilər. Parlament 7 şərt daxilində hakimiyyəti bolşeviklərə təhvil verməyə razı olmuşdu. Bu şərtlər arasında Azərbaycanın müstəqilliyinin qorunması, kommunistlərin təşkil edəcəkləri hökumətin müvəqqəti olacağı, milli hökumət üzvlərinə toxunulmazlıq statusu verilməsi vardı. Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini (vitse-spiker) Məmməd Yusif Cəfərov və kanselyariya müdiri M.Vəkilov imzaladılar. 1 nəfər parlamentin təslim qərarının əleyhinə səs vermiş,  3 nəfər bitərəf qalmış, 3 nəfər isə səsverməyə qatılmamışdı. 
Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti de-yure və de-fakto öz işinə xitam verincə, yenicə yaradılmış  Azərbaycan İnqilab Komitəsi İsmailiyyə binasına sahib oldu. Qeyri-məhdud səlahiyyət sahibi olan inqilab komitəsi – “revkom” – 6 nəfərdən ibarət idi: N.Nərimanov (sədr), M.D.Hüseynov, Q.Musabəyov, H.Sultanov, A.Alimov və Ə.Qarayev.

Məhəmməd Əmin  Rəsulzadə, əslində, hakimiyyətin bolşeviklərə təslim edilməsini  istəmirdi: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist fırqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyəti, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası saat 23.25-də başa çatdı. Fövqəladə səlahiyyətli xüsusi nümayəndə heyəti AXC hökumətinin təhvil aktını imzalayıb salondan çıxanda parlamentin “Hümmət” fraksiyasından olan Səmədağa Ağamalıoğlu “vəssalam, bazar bağlandı” deyərək avtomobilə minib hökumətin təhvil aktını bolşeviklərin Çəmbərəkənddəki qərargahına aparanda M.Rəsulzadə üçrəngli bayrağı eyforiyada olan bolşeviklər tərəfindən təhqir olunmaması üçün da özü ilə götürmüşdü.
28 aprel 1920-ci ildən 31 dekabr 1922-ci ilədək ədliyyə komissarı, əmək komissarı, “Kommunist” qəzetinin redaktoru, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Bakı quberniyasının Şamaxı qəzası üzrə fövqəladə komissarı, hərbiyyə və dəniz komissarı kimi fəaliyyət göstərmiş Əliheydər Qarayev və 28 aprel 1920-ci ildən 1 iyun 1921-ci ilədək daxili işlər komissarı olmuş Həmid Sultanov Azərbaycanda sovet hakimiyyətinin elan olunmasının ilk anlarından Məhəmməd Əmin Rəsulzadənin fiziki cəhətdən məhv edilməsinə çalışmışdılar.

Bolşeviklər sözdə milli hökumət üzvlərinə toxunulmazlıq hüququ verəcəklərini vəd etsələr də, əsla öz sözlərini tutmadılar, elə ilk anlardan etibarən onlara qarşı repressiyalara başladılar. Məsələn, 1920-ci ildə  Baş nazir Nəsib bəy Yusifbəyli, xarici işlər naziri Fətəli xan, parlament sədrinin müavini Həsən bəy Ağayev qətlə yetirildilər, Bakının qubernatoru general-mayor Murad Girey Tlexası, Bakı polismeysteri polkovnik Rüstəm bəy Mirzəyevi, Bakı istehkam rəisi general-mayor İbrahim ağa Usubovu həbs etdilər, qısa müddətdən sonra onları güllələdilər, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov mühacirətdə məhrumiyyətlər içində həyatını itirdi. 

Cümhuriyyət düşmənləri hər yerdə M.Ə.Rəsulzadəni axtarır, ən qısa zamanda onu ələ keçirib məhv etmək istəyirdilər. Bolşeviklərin əsl niyyətlərini öyrənən əhali bölgələrdə müqavimət göstərməyə başladı. Məsələn, 25-31 may 1920-ci ildə Gəncədə Cavad bəy Şıxlıniski, Mirzə Məhəmməd Qacar və Cahangir Bəy Kazımbəyovun başçılığı, 6-18 iyun 1920-ci ildə Zaqatalada Əhmədiyəvin və Molla Nafiz Əfəndinin rəhbərliyi, həmin ilin iyulunda  Şəmkir qəzasının Müşkürlü kəndində Namaz adlı şəxsin başçılığı altında, avqust ayında  Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında, 18 may- 4 iyun  1920-ci ildə Göyçay qəzasının (Kürdəmir rayonunun) Şilyan kəndində Nuh əfəndinin rəhbərliyi ilə silahlı üsyan baş vermişdi. Şilyan üsyanı amansızlıqla yatırıldıqdan sonra 5 iyun 1920-ci ildə həmin kənddə qurulmuş “hərbi tribunal” 5 üsyançını həqarətlə “yovşan hökuməti” qurmaqda ittiham edərək barələrində güllələnmə hökmü çıxarmış və hökm dərhal yerinə yetirilmişdi.

Azərbaycanda silahlı qarşıdurmanın artması da  bolşevikləri Milli hökumət üzvlərinə qarşı repressiv tədbirlər almağa tələsdirirdi. Gündən-günə artan təqiblərdən və həbsdən qurtulmaq məqsədilə M. Rəsulzadə gizli yollarla Azərbaycanı tərk etmək qərarına gəlir. Məlum səbəblərə görə şimala getmək olmazdı, 1911-ci ildə isə İrandan deportasiya edildiyinə görə, cənuba üz tutmaq mənasızdı, ermənilər tərəfinə getmək intihara bərabərdi, bircə ümid Gürcüstan tərəfə çıxıb oradan Türkiyəyə keçə bilməyə qalmışdı. 28 aprel 1920-ci ildə Azərbaycanı sovetləşdirən bolşeviklər o vaxt Gürcüstanı hələ tutmamışdılar. Polyaklarla savaşda ağır durumda olan bolşeviklər Antantanın dəstəklədiyi Gürcüstan Demokratik Respublikası ilə Moskvada (7 may 1920-ci il) sülh müqaviləsi  bağlamaqla kifayətlənmişdilər. Yeri gəlmişkən, sonralar sovet Azərbaycanının rəhbəri olacaq S.M.Kirov 1920-ci ilin yayında RSFSR-in Gürcüstandakı daimi nümayəndəsi vəzifəsinə gətirilmişdi. Bolşeviklər özlərini  bir az möhkəmləndirən kimi, 25 fevral 1921-ci ildə Gürcüstanı da sovetləşdirdilər.

M.Rəsulzadə inandığı adamların köməyi ilə Sarı Ələkbər adında çox etibarlı bir çobanın bələdçiliyi ilə qaranlıq gecədə gizli şəkildə Novxanını tərk edib Xızının Gimçi kəndinə, Seyid Zəkinin evinə pənah gətirir. Burada həmin şəxs öz oğlu ilə bərabər M.Rəsulzadəni Lahıc kəndinə göndərir (Rəsulzadənin kürəkəni Daməd hacı Müslümoğlu o kənddən idi). M.Rəsulzadəni həbs etmək üçün Novxanıya gələnlər onu orada tapmadıqlarından bütün yol boyu, vağzallarda axtarışa başlamışdılar. Bolşeviklərə işləyən yerli sakinlərdən biri (lahıclı Əliabbas Nəsrulla oğlu) M.Rəsulzadənin Lahıcda olduğundan xəbər tutur və dərhal bu xəbəri əlaqədar təşkilata bildirir. M.Rəsulzadə təqibdən qurtarmaq üçün 17 avqust 1920-ci il gecəsi Lahıcı tərk edib Aşıq Bayram kəndinə gedəndə (başqa bir məlumata görə, Qaraməryəmə gedəndə) “sayıq” bolşeviklər tərəfindən həbs olunaraq  Bakıya gətirildi.

1920-ci ilin iyun ayında İranın Ənzəli şəhərində yaranan İran Kommunist Partiyasının siyasi fəaliyyəti rus bolşevikləri tərəfindən müəyyənləşdirilirdi. Həmin ilin avqust ayının sonlarında M.Rəsulzadə ilə çox səmimi dost olan Heydər xan Əmioğlu Tarıverdiyev (1880-1921) təlimat almaq üçün Bakıda idi (1920-ci ilin sentyabr ayında Heydər xan Əmioğlu İran Kommunist Partiyasının baş katibi seçilmişdi). M.Rəsulzadənin həbs olunduğu xəbərini eşidən Heydər xan Əmioğlu dərhal bu barədə İosif Vissarionoviç Stalinə teleqram vurur. (Bax: رائین اسماعیل، اسناد و خاطره‌های حیدر خان عمواوغلی، چاپ اول، ۱۳۵۸، جلد دوم، برگ‌های ۱۹) 
İ.V.Stalin vəziyyətin ciddiliyini dərk edərək Azərbaycan Respublikası İnqilab Komitəsinin sədri Nəriman Nərimanova təcili şifroqram göndərir: “До моего приезда  не трожьте М.Расулзаде. Наркомнац, член Реввоенсовa И.Сталин. Владикавказ. 01.09.1920 (Mən gələnədək M.Rəsulzadəyə toxunmayın. Milli Məsələlər üzrə Xalq Komissarı, İnqilabi Hərbi Şuranın üzvü İ.Stalin. Vladiqafqaz. 01.09.1920)". Şifroqramı alan N.Nərimanov Xüsusi Şöbənin rəisi Semyon Pankratova zəng edərək İ.Stalinin əmrini ona çatdırır. Səhəri gün mərkəzi “Kommunist” qəzetində M. Rəsulzadənin Bakı təcridxanasına gətirilməsinin səbəbləri barədə N.Nərimanovun açıqlaması çap olunmuşdu, guya, M.Rəsulzadənin təcridxanada saxlanılması onun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır (?). M.Rəsulzadənin güllələnməsinə çalışanlar, ilk növbədə, Levon Mirzoyan, Sarkis Danilyan, Baqdasar Ovsepyan kimilər uzun müddət dərk edə bilməmişlərdi ki, M.Rəsulzadənin tutulması barədə xəbəri bu tezliklə İ.Stalinə kim çatdırmışdır.

Xatırladaq ki, M. Rəsulzadə ilə İ.Stalin əsrin əvvəllərindən tanış idilər. Rəsulzadələr ailəsi İ.Stalini iki dəfə real ölümdən, bir dəfə də sürgündən qurtarmışdı. Birinci dəfə, 1904-cü ilin dekabr ayının 12-də (həmin ilin 13- 31 dekabr günlərində Bakıda çarizmə qarşı güclü hərəkat olmuşdur) Koba (İ.Stalin 1898-ci ildən özünə Koba təxəllüsü götürmüşdü. Gürcü yazıçısı A.Kazbeqinin 1882-ci ildə yazmış olduğu “Ata qatili” povestindəki xeyirxah qaçaq Koba obrazı Stalinin sevdiyi ədəbi qəhrəman idi) polis təqibindən qurtulmaq üçün qaçıb Novxanı məscidində gizlənmişdi. Bakıda böyük hörmət və nüfuz sahibi olan Axund Hacı Molla Ələkbər (M.Rəsulzadənin atası) onu polisə təslim etməmiş, onun “buraya kənar şəxs gəlməmişdir” sözlərinə inanan polislər ərazidən uzaqlaşıb getmişlər. İkinci dəfə isə 1908-ci ildə Bayılda Məşədi Kazım adlı qoçu qaba hərəkətinə görə Kobanı bıçaqlamaq ("şoşqalamaq") istəyəndə M.Rəsulzadə Stalini labüd ölümdən qurtarmışdı. Qoçu Məşədi Kazımın Rəsulzadələrə böyük sayğısı olduğundan, onun sözünü sındırmır və Kobadan əl çəkir. Bir dəfə də (23 mart 1910-cu ildə) Koba “Qudok” qəzetində çap olunmuş məqaləyə görə Bakı jandarmeriyasına gətiriləndə M.Rəsulzadənin atası ona zamin olmuş və Koba 30 mart 1910-cu ildə Bakı Quberniyası jandarm idarəsinin poruçiki Podolskinin təqdimatına əsasən, 6 aylıq şərti cəzayla yaxasını qurtara bilmişdi. Qafqazda Denikinin komandanlığı altında hərəkət edən ağqvardiyaçıları məğlub edən İ.Stalin 5 noyabr 1920-ci ildə gözlənilmədən Bakıya gəlir. Dərhal da XI Ordunun Xüsusi Şöbəsinin təcridxanasına gedir. Az sonra Xüsusi Şöbənin rəisi S.Pankratovun kabinetində M. Rəsulzadə ilə İ.Stalinin tarixi qarşılaşması səhnəsi gerçəkləşir. Stalinin əmri ilə Pankratov kabineti tərk edir, daha sonra Koba M.Rəsulzadəyə tərəf gəlir, tanış gürcü şivəsində rusca “Tanımadın? Mənəm – Koba, yəni, Stalin” deyir. M.Rəsulzadə də “Mən Kobanı tanıyıram, Stalini yox” - deyərək, onunla qucaqlaşır. Təqribən bir saata qədər ikilikdə söhbət edirlər. Stalinin sözlərindən məlum olur ki, Bakı bolşeviklərinin bir hissəsi onun güllələnməsini, bir hissəsi isə ömürlük həbs olunmasını istəyir. Təkcə Stalin (o özü haqqında həmişə 3-cü şəxsdə danışmağı xoşlayarmış) düşünür ki, M.Rəsulzadə nə güllələnməyə, nə də ömürlük həbsə layiqdir. Rəsulzadə buradan biryolluq getməli və Stalinlə bərabər Kremldə işləməlidir. Burada qalarsa, İ.Stalin gedən kimi onlar bir şey düşünüb M.Rəsulzadəni mütləq şərləyib tutacaq, sonra da “bədbəxt bir hadisənin qurbanı oldu” deyə əsas gətirəcəklər.
M.Rəsulzadə düşünmək üçün vaxt istəyir və İ.Stalinin əmri ilə S.Pankratov ona ayrıca bir otaq ayırır. M.Rəsulzadə bu hissəni özünün məşhur “Stalinlə ixtilal xatirələri” əsərində təsvir etdiyi üçün məsələni təfərrüatı ilə yazmağı lazım bilmirik. 7 noyabr 1920-ci ildə İ.Stalin və M.Rəsulzadə Bakını tərk edirlər. Xüsusi Şöbənin təbiət etibarı ilə çox qorxaq, həm də əzazil olan rəisi S.Pankratov isə özünü ehtimal olunan təhlükədən qorumaq məqsədilə M.Rəsulzadənin Bayıl təcridxanasından təxliyə edilməsi barədə İ.Stalin tərəfindən imzalanmış əmrin bir neçə surətini çıxartdırıb seyfində saxlayır. M.Rəsulzadə bir müddət Moskvada işləsə də, bolşevik ideologiyasını heç cür qəbul etmir və bunu açıq şəkildə İ.Stalinə bildirir. İ.Stalin də ona “İncil”dən gətirdiyi bir ayə ilə cavab verir:  “Кто не со мною, тот против меня – Kim mənimlə deyilsə, o mənə qarşıdır”  (Bax: Евангелие от Матфея, гл. 12, ст. 30). Nəticədə, M.Rəsulzadə gizli şəkildə SSRİ-ni tərk edərək Finlandiyaya keçir və uzun sərgüzəştlərdən sonra, 1922-ci ilin dekabr ayında İstanbula gəlir. Tərəddüd etmədən İstanbuldan onu rəsmən ölümün pəncəsindən qurtarmış İosif Stalinə məktub yazır.

Qeyd etmək lazımdır ki, M.Rəsulzadənin İ.Stalinə ünvanladığı məktubu eyni ilə 23 yanvar 1923-cü ildə Türkiyədə “Yeni Kafkasya” dərgisinin 5-ci sayında nəşr etdirməsi İ.Stalini son dərəcə hiddətləndirmişdir. İ.V.Stalin 16 sentyabr 1923-cü ildə Azərbaycanın siyasi rəhbəri S.M.Kirova (1921-1926) – surətləri Xalq Komissarları Şurasının sədri Q.Musabəyova, Bakı Partiya Komitəsinin katibi R.Axundova, Bakı Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri (1926-1929-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub) L.Mirzoyana, Zaqfederasiya Xalq Komissarları Şurasının sədri M.Oraxelaşviliyə – M.Rəsulzadə ilə bağlı xüsusi teleqram göndərmişdi. Həmin teleqramda tələb olunurdu ki, adları qeyd olunan məsul şəxslər Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Rəyasət Həyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə qarşı total ittiham və qaralama kampaniyası başlatsınlar, onu “siyasi reneqatlıqda (xəyanətdə), türklərin özlərinin milli mənafeyinə qarşı çıxmaqda, mülkədarların torpaqlarının yoxsullara paylanmasını gerçəkləşdirməməkdə, müsəlman şərqinin İngiltərənin müstəmləkəsində qalmasına şərait yaratmaqda, mart qırğınında Azərbaycan Purişkeviçi olmaqda, Şamxor talanına təşkilatçılıqda günahlandırsınlar".

Bəlkə də, M.Rəsulzadəni ölümdən qurtarmış İ.Stalinin hiddətinə səbəb onun məktubda yazdığı son cümlələr olmuşdu: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bir zaman onlar V.Vilsonun (1913- 1920-ci illərdə ABŞ prezidenti olub- R.S.) prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, V.Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır”.

Ömründə heç nəyi və heç kimi unutmayan, çox şeyə qadir, həm də olduqca kindar İ.Stalin öz rəqiblərini, hətta öz anasını belə bağışlamağı əsla bacarmadı. Xəstə anasına son dəfə baş çəkmək üçün 1935-ci ilin 29 oktyabrında Tbilisiyə gəlmiş İ.Stalin ondan ayrılan məqamda “Keke, (anası Yekaterina Geladzeyə belə müraciət edərmiş) məni uşaqlıqda niyə o qədər əzişdirirdin?”– deyə soruşmuş, anası da “Soso, (anası yeganə övladını belə çağırarmış) o zaman səni o qədər əzişdirməsəydim, sən indi belə olmazdın”- söyləmişdi. Qeyd edək ki, İ.Stalin nə anası öləndə, nə də dəfn olunanda (4 – 8 iyun 1937-ci il ) Tbilisiyə getdi. İ.Stalin anası haqqında təhqiramiz bir ifadə işlətmiş L.Trotskini isə bütün dünya boyu təqib etdirib, nəhayət, uzaq Meksikada öldürtmüşdü (21 avqust 1940).

M.Rəsulzadənin 1923-cü ildə “Yeni Kafkasya” dərgisində nəşr olunan məktubu ilə “Azerbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve şimdiki Vaziyyeti” əsəri faktik olaraq, İ.Stalinin 1913-cü ildə nəşr olunmuş “Marksizm və milli məsələ” doktrinasının cəfəng ideya olmasını sübut edirdi. Qeyd olunan əsərlə XX əsr marksistləri arasında şöhrət tapmış, dünya siyasəti zirvəsinə yüksəlmiş İ.Stalin heç vəchlə M.Rəsulzadənin fikri ilə razılaşmadı, acığını onun ailəsindən aldı. M.Rəsulzadənin evində dəfələrlə duz-çörək kəsmiş “bığlı oğlanın” eqosu ona 13 noyabr 1920-ci ildə Temirxanşurada “İncil”dən gətirdiyi sitatı da unutdurdu: “"И делай справедливое и доброе пред очами Господа, дабы хорошо тебе было – Rəbbin nəzərində ədalətli və xeyirli olanı et ki, sənə yaxşı olsun”. Azərbaycan Cumhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə də  o zaman sabiq ruhani seminaristinin qarşısında borclu qalmamış, ona Qurani-kərimlə cavab vermişdi: إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا –“Yaxşılıq və pislik edərsənizsə, özünüzə edərsiniz”.  فَإِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ  –  “Gerçəkdən də ALLAH yaxşı iş görənlərin əməyini boşa çıxarmaz”.

O hadisələrdən yüz ildən artıq vaxt keçir. Kimin daha ədalətli və uzaqgörən olduğunu əlahəzrət zaman özü müəyyənləşdirmişdir. M.Rəsulzadənin söylədiyi "İnsanlara hürriyyət, millətlərə istiqlal" fikri mütərəqqi ideyaya çevrilmişdir. Bayrağımız haqqında Məhəmməd Əmin bəyin böyük uzaqgörənliklə söylədiyi “Bir kərə yüksələn bayraq bir daha enməz!”- sözləri indi zamanın reallığıdır. Cümhuriyyətimizin qurucularının bizə əmanət etdikləri, qədirbilən yurdsevərlərimizin qəlbində ucaltdıqları o Bayraq indi qürur və əzəmətlə dünyanın ən mühüm məkanlarında, ən mötəbər yerlərində şərəflə dalğalanır.

Çarizmin imperiya siyasətini bir qədər fərqli şəkildə davam etdirən Sovet dövlətinin kommunist ideoloqları 71 il dayanmaq bilmədən ciddi cəhdlə cəmi 23 ay mövcud olmuş Cümhuriyyətimizə nə qədər qara yaxsalar da, məqsədlərinə çatmadılar. Milli dövlət sevdalılarının, milli düşüncə sahiblərinin ürəklərindən, beyinlərindən Cümhuriyyətimizin qurucularının adlarını silməyi bacarmadılar, onları unutdura bilmədilər. Zamanın sərt küləkləri onları qaralamaq istəyənlərin özlərini sovurub yox etdikdən sonra əsl gerçəklər tədricən üzə çıxdı. Cümhuriyyət qurucularını unutdurmağa çalışanların  özlərinin adı indi unudulur, beyinləri sovet ideologiyası ilə zəhərlənməyən gənc nəsillər onların varlığından xəbərsiz böyüyürlər. Bizə elə gəlir ki, dünyanın fərqli- fərqli  yerlərində uyuyan Cümhuriyyət qurucularımızın hamısının ruhu bu günlərdə Bakıdadır. Onlar dalğalanan Bayrağımızla,  səsləndirilən himnimizlə bizi salamlayır, Vətənimizin uğurları  yolunda  atdığımız addımlarda bizə xeyir- dua diləyirlər.


prof. Ramazan SİRACOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi