Modern.az

Erməni kilsəsinin ritminə oynayanlar - WUF13 çox şeyi ifşa etdi

Erməni kilsəsinin ritminə oynayanlar - WUF13 çox şeyi ifşa etdi

Ölkə

Bu gün, 11:06

Dünən Bakı yenidən dünyanın diqqət mərkəzinə çevrildi. Paytaxtımızda BMT-nin Ümumdünya Şəhərsalma Forumu, WUF13 rəsmi fəaliyyətə başladı. Forum gələcəyin şəhərlərinin necə qurulacağını müəyyən edən ən mühüm beynəlxalq platformalardan biridir. “World Urban Forum”, Ümumdünya Şəhərsalma Forumu BMT-nin UN-Habitat proqramı çərçivəsində keçirilir.

Burada əsas müzakirə mövzusu urbanizasiya, şəhərlərin təhlükəsizliyi, dayanıqlı inkişaf və gələcək nəsillər üçün yaşayış mühitinin formalaşdırılmasıdır.

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. 2050-ci ilə qədər isə bu rəqəmin 70 faizdən çox olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, dünyanın gələcəyi paytaxtlarda, meqapolislərdə və yeni urban mərkəzlərdə müəyyən olunacaq.

Məhz buna görə WUF dünyanın ən strateji platformalarından hesab edilir. Burada qəbul edilən yanaşmalar gələcək onilliklərin şəhər siyasətinə təsir edir.

Forum indiyədək dünyanın böyük şəhərlərində keçirilib. İndi isə dünya Azərbaycanda toplanıb. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. BMT belə tədbirləri hər ölkəyə etibar etmir. Belə tədbirlər yalnız təhlükəsizlik, siyasi sabitlik, logistika və yüksək təşkilati imkanlara malik dövlətlərə həvalə olunur. Azərbaycan həmin dövlətlər sırasında qəbul edilir.

WUF13-ün Bakıda keçirilməsi siyasi qərardır, Azərbaycana verilən beynəlxalq etimaddır. Dünya qəbul edir ki, Bakı qlobal diplomatik platformaya çevrilir.

Əslində forumun Bakıda keçirilməsi bir neçə mühüm mesaj verir. Birinci mesaj budur ki, Azərbaycan regional dövlət sərhədlərini aşır. İkinci mesaj budur ki, dünya Azərbaycanın yaratdığı sabitlik modelini qəbul edir. Üçüncü mesaj isə ondan ibarətdir ki, Bakı yalnız enerji paytaxtı yox, beynəlxalq qərarların müzakirə olunduğu siyasi mərkəzdir.

Dünəndən etibarən dünyanın aparıcı media qurumları, beynəlxalq təşkilatlar, ekspertlər və siyasətçilər Bakıya fokuslanıb. Əlbəttə ki, bu diqqət illərlə qurulan diplomatik siyasətin nəticəsidir. Azərbaycan beynəlxalq gündəm formalaşdıran ölkəyə çevrilir.

WUF13-ün Bakıda keçirilməsinin səbəbləri

Bu gün bəzi dairələr, xüsusuilə də xaricdə gizlənib Azərbaycana erməni kilsəsindən də artıq nifrət edən “azərbaycanlılar” bunu qəbul etmək istəməsə də, reallıq dəyişmir. Azərbaycan regionun siyasi çəkisi ən böyük dövlətlərindən biridir. Son illər keçirilən beynəlxalq tədbirlərin statistikası da bunu təsdiqləyir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Eurovision Mahnı Müsabiqəsi, Dünya İqtisadi Forumunun regional toplantıları, Xəzər Beynəlxalq Enerji Forumu, Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran Prisi (indiyədək hər il davam edir), IV İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının toplantıları, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyası, Türk Şurasının Zirvə Görüşü, Nizami Gəncəvi Beynəlxalq Forumu, Qlobal Bakı Forumu, TEKNOFEST Azərbaycan, SPECA Zirvə Toplantısı, Beynəlxalq Media Forumu, COP29, Türk Dövlətləri Təşkilatının tədbirləri, Qlobal Enerji Təhlükəsizliyi Forumları, Beynəlxalq Humanitar Dialoq toplantıları, Dünya dini liderlərinin Bakı görüşü kimi mötəbər tədbirlərə ölkəmiz ev sahibliyi edib.

Bu siyahı Azərbaycanın böyük diplomatik mərkəzə çevrildiyini bir daha göstərir. Bu gün Bakı dünyanın siyasi və humanitar xəritəsində özünəməxsus xüsusi yer tutur.

Və nəhayət, 2026-cı ildə WUF13 Bakıdadır. Bu qədər beynəlxalq tədbirin bir ölkədə keçirilməsi təsadüfi ola bilməz. Birmənalı şəkildə bütün bunlar siyasi etimad göstəricisi, Azərbaycanın təhlükəsizlik və idarəçilik modelinə verilən qiymətdir.

Xüsusilə diqqət çəkən başqa bir məqam isə şəhərsalma məsələsidir. Təsadüfi deyil ki, WUF13 məhz Bakıda keçirilir. Çünki Azərbaycan son illərdə tamamilə yeni şəhərsalma modeli ortaya qoyub. İşğaldan azad edilmiş ərazilərdə qeyd etdiklərimiz özünü açıq şəkildə göstərir. Şuşada aparılan bərpa işləri tarixi şəhərsalma nümunəsi hesab edilir. Ağdamın sıfırdan yenidən qurulması dünyanın diqqətindədir. Füzulidə beynəlxalq hava limanının rekord müddətdə tikilməsi bir çox ölkələrdə təhlil edilir. Zəngilanda “ağıllı kənd” modeli beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Kəlbəcər və Laçında həyata keçirilən infrastruktur layihələri dağlıq ərazilərdə yeni yaşayış modelinin nümunəsi sayılır.

Paşinyanın qəbul etdiyi həqiqətləri bəzi özünü “müxalifət” adlandıran üzdəniraqlar qəbul etmək istəmir

Ən maraqlısı isə budur ki, Ermənistan rəhbərliyi belə Azərbaycanın yaratdığı reallığı qəbul edir. Paşinyan açıq şəkildə Azərbaycanın regionun əsas güc mərkəzinə çevrildiyini etiraf edir. Bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan olduğunu qəbul edib.

Ancaq qəribə bir paradoks var. Paşinyanın qəbul etdiyi həqiqətləri bəzi özünü “müxalifət” adlandıran üzdəniraqlar qəbul etmək istəmir.

Adam düşünür, bunlar doğrudan da Azərbaycan cəmiyyətinin içindən çıxıblar? Bəzən onların ritorikasına baxanda görürsən ki, Ermənistan müxalifətindən də radikaldırlar. Paşinyanın qəbul etdiyi siyasi reallığı bunlar qəbul etmir. Azərbaycanın uğurundan narahat olurlar. Şuşanın bərpasına, Ağdamın yenidən qurulmasına, Qarabağa həyatın qayıtmasına qıcıqlanırlar.

İnsan istər-istəməz özünə sual verir, bunlar Azərbaycana qarşı belə qərəzli təlimatı haradan alırlar? Avropa Parlamentindənmi, erməni kilsəsindənmi?

Başa düşmək olar, bu, Avropa Parlamentidir, erməni kilsəsidir. Onların siyasi, iqtisadi maraqları var. Bəs, adı, soyadı, milliyyəti azərbaycanlı olanlara nə olub?

Onlar niyə Azərbaycana qarşı çıxırlar? Məncə cavab çox sadədir. Onlar üçün əsas olan sifarişin qiymətidir, qazancdır. Əgər biri üçün Vətən, çörək, ana, ata müqəddəs deyilsə, o adam hər şeyi sata bilər. Bunlar kimi...

Bir turist günvurma keçirsəydi, bunu siyasi kampaniyaya çevirəcəkdilər

Belələri Azərbaycanın uğuruna sevinmirlər. Şəhidlərin qanı bahasına əldə olunan qələbəni qəbul etmirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahat olurlar. Bunlar “Şuşa işğal olunsa, başıma güllə sıxacam” deyənlərin övladlarıdırlar.

Azərbaycanı bəyənmirlərsə, buyursunlar, əvvəlcə yaşadıqları ölkələrin durumuna baxsınlar. Onların belə aqressiv olmalarının bir səbəbi də Azərbaycana qarşı nanəciblikləridir. Bilirlər ki, etdiklərindən sonra bu xalqın üzünə çıxa bilməyəcəklər. Xalq hər şeyi görür. Kimlərin Azərbaycanın yanında olduğunu da, kimlərin qarşısında dayandığını da bilir. Belələrinin ritorikası ilə erməni radikal dairələrinin ritorikası arasında fərq qalmayıb.

Azərbaycan COP29 keçirir, narahat olurlar, WUF13 Bakıda təşkil olunur, aqressivləşirlər. Qarabağ bərpa edilir, qıcıqlanırlar. Sanki Azərbaycanın hər uğuru onlar üçün siyasi faciəyə çevrilir.

Dünən forum başlamazdan əvvəl Bakıda güclü leysan yağdı. Bəzi küçələrdə su yığıldı. Və dərhal da həmin dairələr fürsət axtarmağa başladılar. Təbiət hadisəsi siyasi kampaniyaya çevrildi.

Halbuki son illərdə dünyanın ən inkişaf etmiş ölkələri belə təbiət hadisələri qarşısında çətin vəziyyətə düşür. ABŞ-da daşqınlar insan tələfatına səbəb olur, Çində sel şəhərləri iflic edir, Avropanın ən inkişaf etmiş ölkələrində küçələr çaylara çevrilir, qardaş Türkiyədə leysanlar faciələr yaradır.

İqlim dəyişiklikləri çağdaş dünyamızda bütün dövlətlər üçün çağırışdır. Əlbəttə ki, Azərbaycan da bundan kənarda qala bilməz. Mühüm olan məsələ nəticədir. Dünən nə forum dayandırıldı, nə təhlükəsizlik pozuldu, nə də xarici qonaqlar problem yaşadı. Dövlət strukturları operativ fəaliyyət göstərdi.

Bunu görmək istəməyənlər yenə eyni ritorikaya qayıtdılar. İnandırım sizi, əgər hava isti olsaydı, bu dəfə “Azərbaycan istilərə hazır deyil” deyəcəkdilər. Meşə yanğını olsaydı, onu dünya mediasına daşıyacaqdılar. Bir turist günvurma keçirsəydi, bunu siyasi kampaniyaya çevirəcəkdilər.

Açıq görünür, onların problemi Azərbaycandır, hava bir bəhanədir, əllərinə keçən girəvədir. Azərbaycanın güclənməsi onları narahat edir, Azərbaycanın beynəlxalq nüfuzu onları qıcıqlandırır.

Ən nəhayət, qalib Azərbaycanı qəbul edə bilmirlər.

Avropa Parlamentini başa düşdük. Bu qurumun mövqeyi belədir ki, biz öz evimizə, Şuşaya qayıtmamalı imişik. Bu gün Avropa Parlamentində Azərbaycana qarşı səslənən ittihamların çoxu həmin ölkələrin özündə daha ağır formada mövcuddur. Ancaq yenə də hədəf Azərbaycandır. Çünki Azərbaycan qalib dövlətdir və qalib dövlətlə danışmaq bəzi dairələr üçün çətindir.

Ən təhlükəlisi odur ki, ad və soyadlarında Azərbaycanı daşıyan, əslində Azərbaycan düşməni olan, xaricdə sifarişləri həyata keçirən ünsürlər milli maraqları şəxsi maraqlara dəyişiblər. Onlar üçün əsas məsələ sifarişin qiymətidir. Əgər biri üçün Vətən müqəddəs deyilsə, o adam hər şeyi sata bilər.

Həqiqət isə dəyişmir. Bu gün Bakı dünyanın diqqət mərkəzindədir. WUF13 bunun növbəti sübutudur. Azərbaycan beynəlxalq siyasətin mühüm platformalarından birinə çevrilib.

Elnur ƏMİROV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi - Gündəm Masada - Media Turk TV