WUF13 təkcə ərəb regionu və İordaniya üçün deyil, bütün dünya üçün mühüm platformadır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində İordaniya Senatının üzvü və “I Am Human Association for the Rights of Persons with Disabilities” təşkilatının prezidenti Asia Yaghi Modern.az-a açıqlamasında bildirib.
“Bu forumdan əldə etdiyimiz məlumatlar ətraf mühit, dünyadakı vəziyyət və müharibələrin yaratdığı təsirlər barədə biliklərimizi artırır. Müharibələr, iqlim dəyişiklikləri və digər qlobal problemlər həm havaya, həm də insanların yaşayışına ciddi təsir göstərir. Bu məsələlərin müzakirəsi bütün bəşəriyyət üçün vacibdir”.
İordaniyalı senator forum çərçivəsində inklüziv şəhərlərin və əlçatan urban mühitin təşviq edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Biz istəyirik ki, şəhərlər yalnız əlilliyi olan şəxslər üçün deyil, bütün insanlar üçün əlçatan olsun. Bakı bu baxımdan əlçatan şəhərlərdən biridir. Mən hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm. Şəhər əlilliyi olan insanlar üçün dost mühitə malikdir və burada insanlar müstəqil şəkildə hərəkət edə bilirlər”.
O eyni zamanda bildirib ki, bundan əvvəl də Azərbaycanda keçirilən beynəlxalq tədbirdə iştirak edib və bu, onun Azərbaycana ikinci səfəridir.