Modern.az

Sözünün ağası Nursultan ağa

Sözünün ağası Nursultan ağa

Ölkə

7 İyul 2014, 23:56

Nursultan Nazarbayevin doğum gününə bir itfah


Böyüklərdən yazmaq çətin olur. Hər vaxt, hər zaman köklənmək olmur. Fateh Teymur haqqında yazılarımı 15 il ürəyimdə gəzdirib, son iki ayda toparlayıb yaza bilmişdim. Düz bir aydır ki, türk dünyasının bugünkü danılmaz lideri haqqında 10 ildir üst-üstə yığılmış ürək sözlərimi yazmaq istəyərkən, mübarək məqamı elə bu günə düşdü. Özünün doğulduğu 6 iyul tarixinə.

Qazaxlarda nəsil üç cüzə bölünür: yuxarı, orta və aşağı cüz. Nazarbayevlər Köşək nəslinin Yuxarı Şapıraştı cüzündəndirlər. Babası Nazarbay Sapakbayolı yaşadıqları əyalətin qazisi olub. Nazarbay böyük oğlu Abışın (1898-1971) 11 yaşı olanda dünyasını dəyişib. Abış ailənin yeganə gəlir gətirəni olduğundan, bütün yük onun üzərinə düşür. Kimin əvvəli, kiminin axırı, deyiblər. Rus üsul idarəsinin və çarlarının müstəmləkəsinə çevrilən torpaqlarında ruslar üçün işləmək məcburiyyətində qalırlar. Balaca Abış torpaqlarını güclə, zorla ələ keçirib, indi onların oylaqlarında fironluq edən Nikifirovlar ailəsində muzdur işləyir. İşgüzarlığı sayəsində və ailənin yükünün ağırlığını nəzərə alaraq Abış, kəndxuda Nikifirovların zəbt etdiyi torpaqlarda dəyirmançılıq, çəkməçilik, bağçılıq, alqı-satqı edir, həm də torpağın dilini öyrənir. Rus dilini isə ətrafında olan həmyerlilərindən daha gözəl mənimsəyir. Onun məktəbi rus Nikifirovların malikanəsi olur, ali təhsil əvəzinə həyat məktəbi alır. Bu Nursultan Nazarbayevin atası Abışın həyatından olan xırda xatırlamalardır.

Bu nəslin digər bir nümayəndəsi 8-ci nəsil şəcərəsi Karasay Batır Altınayolı (1589-1671) olub. Qazax elini cunqarlar zəbt eləyəndə, o, Vətən torpaqlarını azad edənlərin önündə gedən hərbi sərkərdə olub. Onun adı və azadlıq uğrunda göstərdiyi şücaətləri Şatıraştı sülaləsində indi də böyük məhəbbətlə qorunur, nəsildən-nəsilə ötürülür. Elə o vaxtdan da Nazarbayevlərə məxsus olan ata torpaqlarında “Nazarbayın dəyirmanı”, “Nazarbayın oylağı” deyilən yerlər qalmaqdadır. Qazaxların elitasının və ziyalılarının axırına çıxan rusların qazaxlara qarşı yeritdiyi 1933-cü ilin aclıq siyasəti... Kollektivləşmə adı altında qazax ailəsində olan ən sonuncu ümid yeri sayılan iribuynuzlu mal-qaranın, atlarının kütləvi şəkildə alınması, daha sonra Levon Mirzoyanın siyasəti nəticəsində qazax xalqının ən şücaətli və dəyanətli oğullarının repressiya edilməsi...

Təbii ki, bu Nazarbayevlərin kəndindən, obasından evindən də yan keçmədi. Həmin o ağır illərdə ailəsini dolandırmaq üçün Abış kişi kolxoz tikintilərində, Mərkəzi Asiyanı Sibirlə birləşdirən Turksiba dəmir yolu tikintisində işləyir. 1934-cü ildə onun ailəsi kimi öz doğma yurdundan köçürülən Kaskaray nəslindən olan, yuxarı Dulat cüzdən sayılan Jatkanbayın qızı Aljanla tanış olur. Bu ailə isə mahalda molla kimi tanındığından öz yurd-yuvasından sürgün olunanlardan idi. Elə hər iki ailənin razılığı ilə evlənirlər.
Abış kişi 1940-cı ildə isə kolxozda törədilən yanğın zamanı, kolxoz malını yanğından qoruyarkən, əlindən bərk yaralanır. Buna baxmayaraq, işgüzar Abış kolxozda briqadirlik edir. Elə həmin ildə də Almatının Çemoğlan kəndində xan-bəy nəsil şəcərəsindən, soyundan olan Nazarbayevlər ailəsinə Tanrı 6 ildən bəri gözlədikləri övlad payını verir.



Qazax ailələrində nəslin yaşlı adamlarına ağsaqqal-ağbircək kimi sayılma hörməti bir qayda olaraq bu günə kimi də saxlanılır. Yəni şadyanalıqlarda, ağır günlərdə yaşlı adamın sözü, yeri xüsusi olur. Ailədə toy, bayram, nişan olanda, yeni uşaq dünyaya gələndə ilk əvvəl səlahiyyət böyüklərə verilir. Onlardan icazəsiz uşağa ad belə, qoymurlar. O zaman Nazarbay nəslinin ən yaşlı nümayəndəsi sayılan Tetebale nənə yeni dünyaya gələn oğlan uşağını Qurani-Kərimdə Allahın 99 adından biri ilə Nur və Sultan adlandırır. Nənə onun qulağına adını pıçıldayanda deyir ki, “adını Nur deyirəm ki, hər kəsə aydınlıq gətirəsən, Sultan deyirəm ki, sərkərdələr, şahzadələr kimi hər zaman ağ atın belində olasan”. Nazarbayevlər nəslini tanıyanlar belə rəvayət də edirlər ki, həmin bu Tetebale nənə, Nursultan dünyaya gəlməmişdən onu ağ bir atın belində, zər-ziba içərisində görür. Nənə dünyasını dəyişməzdən əvvəl bu barədə yaxınlarına da danışır. Nənə balaca Nursultanın tərbiyəsini öz öhdəsinə götürür. 6 il yolunu gözlədiyi nəvəsinə 12 nəsil şəcərəsinin kim olduğunu öyrədir. Nəsil şəcərəsini bilmək hər bir qazax ailəsində qanundur. Balaca Nursultan artıq bilirdi ki: Abış Nazarbay, Edil, Kembaba, Mırzatay, Aydar, Koşek, Karasay, Altınay, Eskoja, Mldıstık, Şapıraştı, Jalmanbet, Baydibek 8-ci nəsil şəcərəsi sayılan Karasay Batıra qədər onun ata tərəfindən, Buxarbay, Jatkanbay, Kenebay, Oljabay, İzbasar, Jolay, Tıqır, Jalmambet, Janıs, Dulat isə ana tərəfindən babalarıdır.

Nursultanın ayağı düşərli olur. Ondan sonra qardaşı Satıbaldı, bacısı Anipa, qardaşı Bolat dünyaya gəlirlər. Əsas təlim-tərbiyəni Telebale nənədən alan Sultan, (ailədə onu adətən belə çağırardılar) 5 yaşında qazax xalq nağıllarını və söyləmələrini əzbərdən bilirdi. Əlinə dombra və saz düşəndə musiqilər də çalırdı. 12 yaşında Nursultan özünə qarmon almaq üçün qonşunun həyətyanı sahəsində işləyir, samandan kərpic düzəldir. Məhəllə kargüzarlığında qazandığı pulla özünə qarmon alır. Oğlunun musiqiyə həvəsini görən Abış kişi ustaya oğlu üçün qazax dombrası da sifariş edir. Atasının ona dombra gətirdiyi gündə balaca oğlan özünü dünyanın ən xoşbəxt insanı hiss edir.

Ağır müharibə illərindən sonrakı quruculuq illərində atasının qazancının onlara yetmədiyini gördüyündən alma, armud kimi meyvə ağaclarını calaq edərək, satır. Yeri gələndə kartof, heyvanlar üçün ot-ələf də sataraq ailəsinə yardım edir. Arada məktəbi yarımçıq qoyaraq, ailəsinə kömək etmək üçün fəhləlik fikrində olmasını atasına deyir, Abış kişi onun əleyhinə çıxır. Nursultan Almatının Cemoğlan kəndindəki 8 illik məktəbi də fərqlənmə ilə bitirib, paytaxt Almatıdakı Kaskelen rayonunda təhsilini davam etdirir. Və bir gün...
Sevimli tarix müəllimi İsaevə Sovet siyasətinin iti işlədiyi bir zamanda Rus İmperiyasına qarşı çıxaraq, niyə doğma Vətənində onlara qazaxların tarixinin deyil, rusların tarixinin daha çox öyrədildiyi barədə sual verir. Sevimli tarix müəlliminin verilən sualdan əlləri-ayaqları əsir, rəngi bəyazıyır. Şagirdi Nursultana deyir ki, dərs saatı az olduğundan bu sualn cavabını, dərsədən sonra cavablandıracaq. Cavab isə belə olur: “Bizim tarixə dair dərs saatlarımız artırılanda, əlbəttə, o zaman Qazaxıstan tarixini də mükəmməl öyrənəcəyik”.



... Sonra hamı kimi məktəbi bitirəcək. Texniki peşə məktəbi, ali məktəb, metallurgiya... harada işləsə uğur onun dalınca gələcək. Sovetlər İttifaqının gənc və bacarıqlı kadrı kimi qiymətləndiriləcək. 1990-cı ilin 14 iyulundan 1991-ci ilin 23 avqustuna, Moskvadakı məlum çevrilişə qədər “politbüro”nun üzvü olacaq. Elə həmin müddətdə 1990-cı ildə, “politbüro”nun qərarı ilə Qazaxıstan SSRİ-nin prezidenti sçiləcək.

Ən maraqlı məqamlardan biri isə o idi ki, bu TÜRK oğlu, əgər QKÇP baş verməsəydi, yeni imzalanmış ümumittifaq razılaşmasına görə, Mərkəzi Komitədə Hökümətin sədri vəzifəsinə təyin olunacaqdı... Yeltsin Qorbaçovla ikisi bu barədə razılığa da gəlmişdilər. 1991-ci ilin avqustuna Moskvada baş verən çeviriliş planları pozsa da, Qazaxıstanda insanların azadlıq arzularına təkan verdi. Və xalq Nursultan Nazarbayevi həm ağsaqqal, həm də dövlətin başında görmək istədi. Böyük həyat təcrübəsi, siyasi məktəb keçmiş Nursultan Nazarbayevə Tanrı hələ 1957-ci ildə bir texniki peşə məktəbində müəlliminə etdiyi etirazını həyata keçirmək üçün şans verdi. Qazaxıstan öz tarixinin və mədəniyyətinin sahibi olmaq üçün şans qazandı. Qazaxıstan Respublikasının himninin sözlərini də özü yazdı! Elə hakimiyyətinin ilk illərində Türk dünyasının qloballaşması üçün proqramlar təklif etdi.

1991-92-ci illərdə İstanbulda və Bakıda Türk dünyasının liderləri ilə görüşlərindən sonra TÜRKSOY təşkilatının yaranmasının təşəbbüskarı oldu. TÜRKSOY təşkilatının bayrağı ucalara yüksələrkən Nursultan Nazarbayev tarixi bir çıxış etdi: “Atatürk deyirdi ki, gün gələcək ki, bütün dünya türkləri birləşəcək! Altaydan Aralıq dənizi sahillərinə qədər 200 milliondan artıq türk qardaşlarımız yaşayır. Əgər biz birləşəriksə, böyük qüvvə olarıq”. Böyük ATATÜRKdən sonra türk dünyasını birləşməyə çağıran sanballı bir türk ölkəsinin prezidenti Nursultan Nazarbayev Monqolustandan Sabiriyyəyə qədər dünyaya yayılan türklərə tarixi bir çağırış etdi.

Sözlərini, arzularını əmələ çevirən prezident!

Göy gözlü, hətta saçları da göy rəngə çalar verən türk oğlu. Maraqlı oxşarlıqlardan biri də odur ki, türk fatehlərinin, sərkərdələrinin əksəriyyətinin gözlərinə Tanrı elə göylər səltənətinin rəngini verir. Bu simvolika ilə də bir rahatlıq, aydınlıq gətirirlər əsabələrinə, ərzailərinə, rəiyyət və vətəndaşlarına.

Müstəqil Qazaxıstan Dövlətinin başçısı olandan isə çox ilkə imza atdı. Semipalatinskdəki nüvə poliqonunu dayandırmaqla tarixə adını sülh carçısı kimi yazdı. TÜRKSOY təşkilatı, Avrasiya Birliyi, “YEDDİ MƏMLƏKƏT- BİR HƏRƏKƏT” prinsipi kimi qlobal ideyaları...

Ən böyük uzaqgörənliyi isə paytaxt Almatını Akmola vilayətinə gətirib, orada qışında yalquzaqlar ulayan, yayında istisi ilanları mələdən səhrada yeni bir mərkəzi şəhər- Astananı qurması oldu.
1998-ci ildə mərhum Heydər Əliyev də bu şəhərin təməl daşının qoyulmasında iştirak etmişdi. Demişdi ki, “Türk dünyasının bu Astanası uğurlu olsun! Qapınızın astanasından gözəl xəbərlər yayılsın”.
Bu şəhər mavi gözlülərin gözəl arzularından yaradıldı, bəhrəli xeyir-duaları oldu. Nursultan Nazarbayev həmişə olduğu kimi, öz şəcərəsinə, ali Şatıraştı cüzünə sadiq qalaraq, sözünü tutdu. Astananı Türk dünyasının görüş yeri etdi. Astana 16 ildə Meqapolisin ən gözəl şəhərlərindən birinə çevrilə bildi. Yaranışından gözəl bayramlara, ən böyük konfranslara, sərgilərə, toplantılara qucaq açdı. Dünyanın ən böyük liderləri gəlib bu şəhəri görüb, gəzməkdən zövq aldılar. Bu şəhər Qazaxıstanın sosial-iqtisadi və siyasi inkişafında bir impuls oldu. Bir də ona görə ki, bir çox ölkələrin arzusunda olub, söz verib yerinə yetirə bilmədikləri azad iqtisadi zona kimi mühüm bir layihəni



Nursultan Nazarbayev Astanada həyat qurdu. Və edilən ağır riskin nəticəsi gözəl oldu. NURSULTAN NAZARBAYEV, YENƏ SÖZÜNÜ TUTDU. Astana şəhərini paytaxt etməklə Qazax ellərinin sərkərdəsi həm də dövlətinin sərhədlərini bərkitdi, daha qorunaqlı etdi. Astana həm də Şərqlə Qərbin görüş yerinə çevrildi. Tanrının da xoşuna gələn bir şəhər oldu. Tarixinə 6 iyul 1998-ci ildən bəri xoş görüşlər, gözəl bayramlar yazıldı.

6 iyul həm də Nursultan Nazarbayevin doğum günüdür. Düz 16 ildir ki, Türk oğlunun dünyaya gəldiyi gün Astana şəhərinin də doğum günü kimi qeyd edilir. Astana Türk dünyasında inamlı addımlarla addımlayan Nursultan Nazarbayevin şah əsəridir! Və Göy Tanrının göy bayrağı altında 17 milyonluq bir xalqa sərkərdəlik edən Nursultan Nazarbayev tarixin siyasi kitabına səhrada yaratdığı yaşıllıqlarla, yeni model memarlıq üslubları ilə düşdü. O yaşadığı, durduğu yerdə canlı tarixdir artıq!

Həmin bu canlı tarixi Göy Tanrımız eşidib və qoruyur. Dünya türklərini birləşməyə çağıran Türk Dünyasının danılmaz lideri, Qazaxıstan tarixinin acı səhifələrindən danışarkən demişdi: “Biz öz tarixi torpaqlarımızın sahibiyik. 1861-ci ildə qazax xanı öldürüləndən sonra biz Rus çarlarının müstəmləkəsinə çevrildik, sonra bizi 150 il qarət etdilər. Sovet quruluşu tariximizi, dilimizi, dinimizi, inancımızı, milli adət-ənənlərimizi öldürmək istədi. İndi biz müstəqilik. Dilimiz, inancımız, tariximiz də yenə özümüzündür!”.



Onun böyüklüyü bir də ondadır ki, xalqına arxalanır. Ən çətin anlarında, ən gözəl günlərində xalqı ilə birlikdə olur, onların arzu-istəklərini nəzərə alır. Deyir ki, bizim üçün əsas insan faktorudur. Ən əvvəl vətəndaşlarına üstünlük verir. Vətəndaşının firavan yaşaması üçün “xalqımın xidmətindəyəm” - deyir.

Bir dəfə Əmir Teymurun qonağı olan xarici ispan elçisi Lui de Qonzales Klavixo soruşur ki, “nədən hər həftə küçələrdə insanlara bayram süfrələri açırsan?”
Əmir Teymur ona belə cavab verir: “Öz xalqını yedirə bilməyən padşah hökmran ola bilməz”.

Bu gün Qazaxıstanda işsizlik problemi yox dərəcəsindədir. Ölkəyə qonşu respublikalardan - Qırğızıstandan, Özbəkistandan, Tacikistandan, Azərbaycandan gedənlər çoxdur. Burada ailələrini dolandırmaq üçün onlara da iş tapılır. Azərbaycan isə artıq bu ölkəyə həm də investisiyalar yatırır, Astananın çiçəklənməsində, gözəlləşməsində də yaxından iştirak edir. Təkcə Astanada yaşayan azərbaycanlılarımızın sayı 10 mindən çoxdur. Həmyerlilərimiz güzəranlarından çox razıdırlar. Ölkəsində yaşayan 132 mindən artıq xalqın nümayəndələrinə iltifat və məhəbbət göstərən Qazaxıstan prezidentinin təşəbbüsü ilə 1992-ci ildə Qazaxıtan Xalq Assambleyası yaranıb. Bu təşkilatda öz sözünü deyən azərbaycanlılarımız var. Astanada Qazaxıstan Azərbaycanlılarının “Turan Times” adlı qəzeti bu dövlətin dəstəyi ilə işıq üzü görür. Bu da milli azlıqlara və xalqlara yaradılan şəraitin danılmaz və gözəl nümunəsidir. Bu sadaladıqlarımın hamısının səbəbkarı Nursultan Nazarbayevdir!

Ölkəsində dini qarşıdurmanı sezəndə isə bir ağsaqqal kimi gənclərlə olan görüşündə bütün türk tarixini, türk dünyasını mürgülü din yuxusundan oyadacaq fikir söylədi:

“Əlbəttə biz müsəlmanıq, həm də sünniyik. Bu yolu bizim milli adət-ənələrimizi yaşadan, böyüklərimizə hörmət etməyi bacaran əcdadlarımız seçiblər. Bizim əcdadlarımız heç zaman qızlarımızın üzünü örtməyiblər. Bu gün müasir gənclik islam qaydalarına hörmət etməklə yanaşı, özümüzün türk milli adət-ənələrimizi də unutmamalıdırlar. İndi xaricdə müxtəlif dini cərərəyanlar baş alıb gedir, biz bu cərəyanlardan uzaq durmalıyıq! Bu cərəyanlar qazax mədəniyyətinə ziddir! Əgər o dini cərəyanları yayanlara diqqət etsək, görərik ki, onlar öz qızlarını və bacılarının üzünü örtməyə təhrik edir, özləri ilə bir süfrə arxasında oturmağa layiq görmürlər. O qadınlara oxumaq, maşın sürmək hüququ da verilmir. Biz belə siyasətin pis nəticələr verə bilməsini görməliyik. Mentalitetimizə zidd olan belə yad gəlişmələrdən uzaq olmalıyıq. Mən gənclərimizi XXI əsrə aparıram, ancaq baş örtüsü problemi isə onları yenidən orta əsrlərə qaytaracaq. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Lakin ərəblərin qadınlarının örtdüyü hicab onların qız-gəlinlərinə aiddir—bu bizim yolumuz deyil. Biz qazaxlar köçəri xalq olmuşuq! Öz yolumuz var!”.

Uzaqgörən türk lideri Nursultan ağa öz sözünü gənclərə dedi. Türk ədəb qaydalarına görə gənclər böyüklərin sözündən çıxmazlar. O , sözünü harada, necə deməsinin qaydasını və yerini bilir. Gənclərlə olan bu maraqlı görüşdən sonra ölkənin hər zaman ayıq –sayıq olan güc strukturları da, ideoloq və din xadimləri də hansı addımlar atacaqlarını müəyyən etdilər. Bizdə belə bir misal var: “Qızım sənə deyirəm, gəlnim sən de eşit!”. Eşidənlər, əməl edənlər ölkədə sabitliyi də qoruyub saxlaya bilirlər.



Türk dünyasının sevdiyi göy-mavi rəngli bayrağa sahib olan Qazaxıstanın prezidenti dünyada siyasi lider qalacaq bir şəxsiyyət olmaqla, həm də gözəl musiqiçidir, gözəl şerlər yazır. Şah əsəri sayılan Astana şəhərinə “Mənim şəhərim” şerini də o yazıb. Bütün türk fatehləri və sərkərdələri kimi, ona xəyaənt edəni bağışlamayan bir insandır. Bir akademikin oğluna çox imkanlar vermişdi. Hətta sirrini, sözünü bölüşdüyü, siyasi nüanslarda etibar etdiyi ən sevimli qızı Dariqa Nazarbayevanı da ona əmanət etmişdi. Rahat Əliyevə. Xəyanət etdi. Bir padşaha kürəkən ola bilmədi. Vergisi haqdan, padşahlığı Tanrıdan verilən Nurekenin qədir-qiymətini bilmədi. Sonu məlum. Xəyanətkarı bağışlamazlar. Onu cəzalandırmamağın özü günahdır!

Sağlığında Türkiyədə heykəli ucalan Nursultan Nazarbayev! Tanrı Sizi hələ çox yaşatsın! Türk dünyasının birləşməsini görməyi Sizinlə birgə hamımıza nəsib etsin! Qazaxlar deyən kimi: BİRGƏ BOLSUN!!!





Aida Eyvazlı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?