Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ilk dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçılarının keçirdiyi təkbətək və geniş tərkibli görüşlər, imzalanan sənədlər, həmçinin mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlıq artıq siyasi bəyanat çərçivəsindən çıxaraq konkret əməkdaşlıq layihələri ilə zənginləşir.
Azərbaycan və Türkmənistan ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malik iki qardaş dövlətdir. 2017-ci ildə imzalanmış "Strateji tərəfdaşlıq haqqında Bəyannamə" münasibətlərin yeni mərhələyə yüksəlməsinin hüquqi əsasını formalaşdırdı. Son illərdə liderlər arasında qarşılıqlı etimadın güclənməsi bu əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşməsinə imkan yaradıb.
Prezident İlham Əliyevin səfər zamanı vurğuladığı kimi, Azərbaycan və Türkmənistan birgə təşəbbüslərlə yalnız regionda deyil, qlobal səviyyədə də mühüm rol oynayırlar. Xüsusilə geniş Avrasiya məkanında formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda iki ölkənin əməkdaşlığı nəqliyyat, logistika və enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında Azərbaycan və Türkmənistan əsas həlqələrdən hesab olunur. Xəzər dənizi vasitəsilə daşınan yüklərin həcminin artması, liman infrastrukturlarının genişləndirilməsi və logistika imkanlarının əlaqələndirilməsi hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutların əhəmiyyətini də yüksəldir.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin prioritet istiqamətlərindən biridir. Hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və bu potensialın birgə layihələr vasitəsilə reallaşdırılması həm regional enerji təhlükəsizliyinə, həm də beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.
Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də "Dostluq" neftdaşıyan tankerinin Türkmənistana hədiyyə olunması oldu. Bakı Gəmiqayırma Zavodunda inşa edilən tanker təkcə Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını nümayiş etdirmir, eyni zamanda iki ölkə arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirilə bilər.
Azərbaycan-Türkmənistan münasibətləri təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə əməkdaşlıq da qardaşlığın mühüm nümunəsinə çevrilib. Türkmənistan tərəfindən Füzuli şəhərində müasir məscid kompleksinin inşa edilməsi bu dostluğun və ortaq mənəvi dəyərlərin real təzahürüdür.
Mədəni-humanitar əlaqələrin genişlənməsi istiqamətində də mühüm addımlar atılır. Bakı ilə Aşqabad, eləcə də Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması xalqlar arasında yaxınlığı daha da möhkəmləndirir və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Azərbaycan və Türkmənistanın BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi beynəlxalq platformalarda nümayiş etdirdiyi qarşılıqlı dəstək də strateji tərəfdaşlığın mühüm göstəricisidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə təşəbbüslər türk dünyasının inteqrasiyasına əlavə töhfə verir.
44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı üçün daha geniş imkanlar açıb. Bu gün Azərbaycan Şərqlə Qərb arasında etibarlı tranzit mərkəzi kimi çıxış edir və Türkmənistanla inkişaf edən münasibətlər bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, enerji və nəqliyyat xəritəsinin yenidən formalaşmasına mühüm töhfə verir.
Malik Həsənov,
Milli Məclisin deputatı