Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmmədov qardaş ölkədəki diplomatik fəaliyyət müddətini başa vurmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı səfirin özü bildirib.
"Qardaş Türkiyə Respublikasındakı diplomatik fəaliyyət müddətimin başa çatması münasibətilə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidanla vida görüşü keçirdim", - deyə Rəşad Məmmədov qeyd edib.

Xatırladaq ki, Rəşad Məmmədov 26 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Daha əvvəl isə o, Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Rəşad Məmmədov 2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sistemində işləməyə başlayıb.
O, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq Hüquq məsələləri şöbəsinin müdiri işləyib.
2008-2010-cu illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda baş konsulun vəzifəsini icra edib. 2010-2015-ci iilərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki baş konsulu olub.
2015-2021-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyib.
Artıq 5 ildir ki, Azərbaycanın Türkiyədəki diplomatik korpusuna rəhbərlik edir.
A.Qorxmaz