“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işlərini davam etdirir.
Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Aparılan işlərə müvafiq infrastruktur elementlərinin yenilənməsi və kontakt şəbəkəsinin təkmilləşdirilməsi də daxildir. Layihə çərçivəsində Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş və çıxışını təmin edən yollar da yenidən qurulur.
Baş Ələt stansiyası yük və sərnişin daşımaları, eləcə də ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir. Stansiyada həyata keçirilən modernləşdirmə işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.