Prezident Kitabxanasında ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova giriş sözü ilə çıxış edib.
Daha sonra kitabla bağlı videoçarx nümayiş etdirilib.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin elə nadir şəxsiyyətlərindəndir ki, onun böyüklüyü və dövlətçilik irsi zaman keçdikcə daha aydın görünür. Onun sözlərinə görə, arxivlərdə üzə çıxan yeni sənədlər də Ulu Öndərin şəxsiyyətinin və fəaliyyətinin nə qədər çoxşaxəli olduğunu göstərir.
Rafael Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında yazmaq böyük məsuliyyət tələb edir və bu mövzuda qələm sahibi olmaq üçün həmin dövrün canlı şahidi olmaq lazımdır. O vurğulayıb ki, Aslan Aslanov Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıdışından sonra uzun illər onun ölkədaxili və xarici səfərlərində iştirak edib, dövlət quruculuğu prosesini yaxından izləyib.
Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev sözün, mətbuatın və jurnalistikanın gücünü dərindən dərk edən dövlət xadimi idi. Məhz buna görə xarici səfərlərə mütləq Azərbaycan jurnalistlərini də aparır, onların tarixi prosesləri sənədləşdirməsinə xüsusi önəm verirdi.
Rafael Hüseynov bildirib ki, kitabın adında yer alan “dərslər” ifadəsi təsadüfi seçilməyib. O qeyd edib ki, Heydər Əliyevlə keçirilən hər görüş, hər səfər iştirakçılar üçün əsl dövlətçilik məktəbi olub və müəllif həmin dərsləri gələcək nəsillərə çatdırmağı bacarıb.
İctimai-siyasi xadim Əli Həsənov çıxışında bildirib ki, kitab təkcə tarixi hadisələrin xronologiyası deyil, həm də müəllifin həmin hadisələrə verdiyi analitik şərhlərlə diqqəti cəlb edir. O qeyd edib ki, Aslan Aslanovun sadəliyi və səmimiyyəti kitabın əsas üstünlüklərindən biridir.
Əli Həsənov vurğulayıb ki, fəaliyyətinin 20 ilini Heydər Əliyevin, daha 20 ilini isə Prezident İlham Əliyevin rəhbərliyi altında keçirib və bu müddətdə hər iki liderin dövlətçilik məktəbinin şahidi olub.
O bildirib ki, hər iki dövlət xadimi Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib.
Əli Həsənov qeyd edib ki, kitabda əksini tapan hadisələr müstəqil Azərbaycanın formalaşma dövrünün canlı salnaməsidir və gələcək nəsillər üçün mühüm tarixi mənbə kimi xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, professor Səyyad Salahlı bildirib ki, Aslan Aslanovun kitabı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini və diplomatik irsini gələcək nəsillərə çatdıran qiymətli əsərdir. O qeyd edib ki, müəllif uzun illər Ulu Öndər Heydər Əliyev xarici səfərlərinin iştirakçısı kimi həmin hadisələrin canlı şahidi olub.
Səyyad Salahlı ABŞ-də Heydər Əliyevin dünya şöhrətli siyasi xadim Zbiqnev Bjezinski ilə görüşünü xatırladaraq bildirib ki, Bjezinski Ulu Öndərin dünya siyasətini dərindən bilməsinə heyranlığını ifadə edib və “Amma heyf ki, o təkdir” sözlərini işlədib.
Professor qeyd edib ki, müəllifin yaddaşında qorunub saxlanılan bu cür faktlar Azərbaycanın müasir siyasi tarixinin qiymətli hissəsidir və gələcəkdə onların bədii əsər formasında da qələmə alınması məqsədəuyğun olardı.
O əlavə edib ki, Heydər Əliyevlə keçirilən hər bir görüş və səfər iştirakçılar üçün böyük universitet idi, insanın dünyagörüşünü və dövlətçilik düşüncəsini formalaşdırırdı.
Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında kitabı müasir Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm mənbə kimi dəyərləndirib. O bildirib ki, müəllifin canlı şahidi olduğu hadisələri qələmə alması tarixçilər üçün xüsusi əhəmiyyət daşıyır.
Cəbi Bəhramov qeyd edib ki, müəllifin müşahidələri Səfəvilər dövründə İsgəndər bəy Münşinin salnamələri ilə müqayisə oluna bilər. Onun sözlərinə görə, hadisələrin bilavasitə şahidi tərəfindən yazılması tarixi mənbələrin etibarlılığını artırır.
O vurğulayıb ki, kitabda yer alan faktlar həmin dövrün iştirakçıları tərəfindən də təsdiqlənir və bu, nəşrin elmi dəyərini daha da artırır.
Tarixçi əlavə edib ki, müasir Azərbaycan tarixinin tədqiqi ilə məşğul olan alimlər üçün kitab yeni faktlar və qiymətli məlumatlar təqdim edən mühüm elmi mənbədir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, kitabı yalnız xronologiya və ya publisistik əsər kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, nəşr həm salnamə, həm xatirə, həm də dövlətçilik dərslərinin toplandığı dəyərli əsərdir.
Deputat qeyd edib ki, kitabın əsas ideyası Heydər Əliyev şəxsiyyətinin və onun dövlətçilik fəlsəfəsinin gələcək nəsillərə çatdırılmasıdır. O vurğulayıb ki, müəllif bu missiyanı uğurla yerinə yetirib.
Hikmət Babaoğlu bildirib ki, müəllif uzun illər Heydər Əliyevlə çiyin-çiyinə çalışdığı üçün belə bir kitab yazmağa həm mənəvi, həm də tarixi haqq qazanıb.
Onun sözlərinə görə, müəllifin hadisələri emosional və səmimi şəkildə təqdim etməsi oxucuda həmin dövrün atmosferini yaşadır və kitabın təsir gücünü artırır.
Yazıçı-publisist, Milli Məclisin sabiq deputatı Elmira Axundova çıxışında bildirib ki, uzun illər Aslan Aslanovla birlikdə Heydər Əliyevin fəaliyyətini işıqlandırıb və həmin dövrün ən mühüm hadisələrinin canlı şahidi olub.
O qeyd edib ki, bəzi görüşlərə jurnalistlərin buraxılması mümkün olmasa da, bütün çətinliklərə baxmayaraq, Ulu Öndərin fəaliyyəti operativ şəkildə ictimaiyyətə çatdırılırdı.
Elmira Axundova vurğulayıb ki, həmin illərdə əldə olunan təcrübə Azərbaycanın müasir jurnalistika məktəbinin formalaşmasında mühüm rol oynayıb.
Kitabın müəllifi Aslan Aslanov çıxışında bildirib ki, ömrünü Həsən bəy Zərdabinin əsasını qoyduğu, Heydər Əliyevin isə müstəqillik dövründə yeni mərhələyə yüksəltdiyi Azərbaycan mətbuatına həsr edib. O qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan mediası beynəlxalq informasiya məkanına inteqrasiya etməyə başlayıb.
Aslan Aslanov vurğulayıb ki, Heydər Əliyev ona dövlət başçısının fəaliyyətinin işıqlandırılması, rəsmi xəbərlərin hazırlanması, ikitərəfli görüşlərin və xarici səfərlərin peşəkar şəkildə təqdim olunmasının bütün incəliklərini şəxsən öyrədib. Onun sözlərinə görə, müasir dövlət informasiya siyasətinin əsas prinsipləri də həmin dövrdə formalaşıb.
Müəllif bildirib ki, Heydər Əliyevin xarici səfərlərinin böyük əksəriyyətində Prezident İlham Əliyev də iştirak edib və dövlətçilik məktəbini birbaşa Ulu Öndərin yanında mənimsəyib.
Aslan Aslanov çıxışının sonunda bildirib ki, Heydər Əliyev Azərbaycan xalqına bəxş edilmiş böyük tarixi şəxsiyyət, Prezident İlham Əliyev isə həmin dövlətçilik məktəbini müasir dövrdə uğurla davam etdirən dünya miqyaslı liderdir.
O vurğulayıb ki, kitabı yazmaqla Ulu Öndər qarşısında öz mənəvi borcunu yerinə yetirməyə çalışıb.