Modern.az

Səfərbərlik Xidməti 88 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edib

Səfərbərlik Xidməti 88 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edib

Ölkə

Bu gün, 10:12

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, cari ilin 6 ayı ərzində də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Ölkə Başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 2026-cı il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli Qanununa əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulmuşdur.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat" haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar "MyGov" rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi ("MyGov" kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da həmin şəxslərlə, eləcə də onların valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bundan əlavə, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada təqdim olunması "MyGov" platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

Həmçinin hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa və digər sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi, habelə 23 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 1 noyabr 2001-ci il tarixli 1 nömrəli Qərarının yenilənmiş qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və "MyGov" platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada