Modern.az

Daha üç itkin şəhidimiz dəfn edildi - FOTOLAR - YENİLƏNİB

Daha üç itkin şəhidimiz dəfn edildi - FOTOLAR - YENİLƏNİB

Ölkə

Bu gün, 13:25

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Möysüm Murad oğlu Əliyev bu gün Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.

Modern.az-ın məlumatına görə "AZƏRTAC"ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Möysüm Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyən edilərək nəşinin qalıqları ailələrinə təhvil verilən daha iki şəhid – Rauf Əhmədov və Dəyanət Musayev doğulduqları rayonlarda torpağa tapşırılıblar.

Modern.az "AZƏRTAC"a istinadən xəbər verir ki,, şəhid Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, dövlət rəsmiləri, hərbçilər, döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

Rauf Əhmədov Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulub. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində döyüşüb, 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşüb.

Ucar rayonunun Boyat kəndində isə Birinci Qarabağ müharibəsinin digər itkin şəhidi Dəyanət Salik oğlu Musayevlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Dəyanət Musayev Boyat kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucar rayonunun Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

1532167
1532168

1532169

1532170

1532171

1532172

 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada