Modern.az

Kiber təhlükəsizlik beynəlxalq nəqliyyat dəhlizlərinin etibarlılığı üçün strateji amildir

Kiber təhlükəsizlik beynəlxalq nəqliyyat dəhlizlərinin etibarlılığı üçün strateji amildir

Ölkə

Bu gün, 17:09

Beynəlxalq nəqliyyat və logistika sistemlərinin sürətlə rəqəmsallaşdığı şəraitdə kiber təhlükəsizlik artıq təkcə texniki məsələ deyil, dövlətlərin iqtisadi təhlükəsizliyi və strateji maraqları baxımından əsas prioritetlərdən birinə çevrilib.

Bunu Modern.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, rəqəmsal transformasiya hava, dəmir yolu və dəniz nəqliyyatı sistemlərinin fəaliyyətini tamamilə yeni mərhələyə çıxarıb:

"Bu gün nəqliyyat sektorunda informasiya-kommunikasiya texnologiyalarının və sənaye avtomatlaşdırılmasının tətbiqi ağıllı idarəetmə sistemlərinin, proqnozlaşdırıcı texniki xidmət mexanizmlərinin və rəqəmsal həllərin geniş istifadəsini zəruri edir. Bu texnologiyalar əməliyyatların səmərəliliyini və təhlükəsizliyini artırmaqla yanaşı, yeni kiber risklər də yaradır."

Onun sözlərinə görə, nəqliyyat infrastrukturu artıq xidmətlərin dayanmasına, məlumatların bütövlüyünün pozulmasına və kritik funksiyaların sıradan çıxmasına səbəb ola biləcək kiberhücumlara qarşı daha həssasdır.

Deputat qeyd edib ki, hazırda dünyada nəqliyyat dəhlizləri və beynəlxalq bağlantılar böyük dövlətlərin geosiyasi strategiyalarının əsas elementlərindən biri hesab olunur. Bu səbəbdən də nəqliyyat sektorunda müasir kibertəhlükəsizlik çərçivələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Azər Badamov bildirib ki, süni intellekt bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir:

"Süni intellekt əməliyyatların avtomatlaşdırılmasını və idarəetmənin səmərəliliyini artırır. Bununla yanaşı, məlumatların təhlükəsizliyi, alqoritmlərin etibarlılığı və sistemlərin qarşılıqlı fəaliyyəti ilə bağlı yeni çağırışlar da meydana çıxır."

Deputat vurğulayıb ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar, Rəqəmsal İnkişaf Şurasının yaradılması və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı ölkədə rəqəmsal inkişafın yeni mərhələsinin əsasını qoyub.

Azər Badamov qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı əsas prioritetlər kimi müəyyənləşdirilib.

Deputatın sözlərinə görə, hazırda dövlət qurumları üzrə rəqəmsal yol xəritələrinin hazırlanması, milli məlumat hövzəsinin yaradılması və "myGov" platformasının genişləndirilməsi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir, şəffaflığı artırır və dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə modelinin formalaşmasına xidmət edir.

Badamov hesab edir ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsi üçün rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik sistemlərinin də davamlı şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada