Milli Məclisdə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan qanunvericilik təşəbbüsü müzakirə olunur. Təklifə əsasən, 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır, 16–18 yaş arasında isə valideyn razılığı mexanizmi tətbiq edilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Elnarə Akimova bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların informasiya məkanında təhlükəsizliyinin təmin olunması dövlət qarşısında duran mühüm strateji vəzifələrdən biridir:
“İnternet və sosial şəbəkələr uşaqların inkişafı, təhsili və dünyagörüşünün formalaşması üçün geniş imkanlar yaratsa da, eyni zamanda onları psixoloji zorakılıq, kiberbullinq, zərərli məzmun, dezinformasiya, manipulyasiya cəhdləri və rəqəmsal asılılıq kimi ciddi risklərlə də üz-üzə qoyur. Məhz buna görə rəqəmsal azadlıqla rəqəmsal təhlükəsizlik arasında düzgün balansın qurulması bu gün bütün dövlətlər üçün mühüm çağırışdır”.
Deputat qeyd edib ki, Milli Məclisdə müzakirə olunan dəyişikliklər hər hansı qadağa siyasəti deyil, uşaqların hüquqlarının daha etibarlı qorunmasına xidmət edən hüquqi mexanizmdir:
“Qeydiyyat zamanı yaşın yoxlanılması, 16 yaşadək uşaqlar üçün müəyyən məhdudiyyətlərin tətbiqi, 16–18 yaş arasında isə valideyn razılığı mexanizminin nəzərdə tutulması uşaqların üstün mənafeyinin qorunmasına, onların fiziki və psixoloji sağlamlığının müdafiəsinə xidmət edir. Burada söhbət hüquqların məhdudlaşdırılmasından deyil, əksinə, onların daha etibarlı şəkildə təmin olunmasından gedir”.
Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti də artıq rəqəmsal platformaların uşaqlara təsiri ilə bağlı qanunvericiliyi yeniləyir və texnologiya şirkətlərinin məsuliyyətini artırır:
“Azərbaycanın da bu qlobal tendensiyaya qoşulması ölkəmizdə uşaq hüquqlarının qorunmasına verilən önəmin, eyni zamanda rəqəmsal transformasiyanın insan amili üzərində qurulduğunun göstəricisidir. Unutmamalıyıq ki, uşaq hələ formalaşmaqda olan şəxsiyyətdir. O, qarşılaşdığı hər bir informasiyanı yetkin insan kimi təhlil etmək və təhlükələri düzgün qiymətləndirmək imkanına malik deyil. Belə olan halda ailənin, məktəbin və dövlətin birgə məsuliyyəti daha da artır. Valideyn razılığı mexanizmi də məhz ailənin bu prosesdə rolunu gücləndirən mühüm hüquqi vasitədir”.
E.Akimova hesab edir ki, bu dəyişikliklər dövlətin uşaqlara yönəlmiş sosial siyasətinin məntiqi davamıdır:
“Son illər ölkəmizdə uşaqların sağlam inkişafı, keyfiyyətli təhsili, rəqəmsal bacarıqlarının artırılması və təhlükəsiz informasiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Rəqəmsal mühitin təhlükəsizləşdirilməsi də həmin siyasətin ayrılmaz hissəsidir. Çünki gələcəyin rəqabətqabiliyyətli cəmiyyətini formalaşdırmaq üçün təkcə texnologiyaya investisiya qoymaq kifayət etmir. Həmin texnologiyalardan istifadə edən nəslin sağlamlığını, mənəvi inkişafını və təhlükəsizliyini də qorumaq lazımdır”.
Deputat qəbul olunacaq hüquqi mexanizmlərin uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdıracağına inandığını bildirib:
“Əminəm ki, bu dəyişikliklər uşaqların rəqəmsal məkanda daha etibarlı mühitdə böyüməsinə, valideyn məsuliyyətinin güclənməsinə və cəmiyyətimizdə sağlam rəqəmsal mədəniyyətin formalaşmasına mühüm töhfə verəcək. Çünki uşaqların təhlükəsizliyi təkcə bu günün deyil, dövlətimizin gələcəyinin, milli inkişafımızın və cəmiyyətimizin sağlam sabahının təminatıdır”, - deyə deputat vurğulayıb.