Azərbaycan hər dövrün çağırışlarına uyğun inkişaf modelini formalaşdıraraq dayanıqlı inkişafı təmin edən islahatları ardıcıl şəkildə həyata keçirir. Hazırda ölkənin əsas prioritetlərindən biri rəqəmsal inkişafın sürətləndirilməsi və süni intellekt texnologiyalarının dövlət idarəçiliyi, iqtisadiyyat və cəmiyyət həyatında geniş tətbiqidir.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olundu. Bunun ardınca dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqləndi, eləcə də "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalandı. Həmin fərman əsasında Rəqəmsal İnkişaf Şurası yaradıldı və tərkibi təsdiq edildi.
Həyata keçirilən islahatların əsas məqsədi ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və bu sahədə dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsidir. Bütün bu addımlar Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi hədəfinə xidmət edir.
Dünyada süni intellektin inkişaf tempi göstərir ki, bu texnologiyalar artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən biridir. Rəqəmsallaşma, məlumat mərkəzlərinin yaradılması və süni intellekt həllərinin tətbiqi ölkələrin rəqabət qabiliyyətini və iqtisadi inkişafını müəyyən edən əsas meyarlara çevrilib.
2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsuldakı payının artırılmasıdır. Bu istiqamətdə strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olundu. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların vaxtında, səmərəli icrasını təmin etməkdir. Qarşıya qoyulan məqsədlər yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Hədəf ölkə iqtisadiyyatına əlavə impuls vermək, müasir innovasiya ekosistemi formalaşdırmaq, yerli və xarici investisiyaları cəlb etmək, startapları dəstəkləmək və daha çevik dövlət idarəetmə sistemi yaratmaqdır.
Rəqəmsal transformasiya prosesi ilə yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri də xüsusi aktuallıq qazanır. Dünyada süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Bu baxımdan dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və yeni təhlükələrə operativ cavab verilməsi mühüm əhəmiyyət daşıyır.
Dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə "mygov" və "mygov biznes" platformalarının imkanları genişləndirilir. Ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid rəqəmsal ekosistemə inteqrasiya olunur. Bu proses xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və dövlət xidmətlərində pərakəndəliyin aradan qaldırılmasına xidmət edir.
Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" platformasına inteqrasiya edilib. Bununla yanaşı, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətləri də platformaya əlavə olunub. İlin sonunadək həmin xidmətlərin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır.
Rəqəmsal inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Bu məqsədlə hazırlanmış qanunvericilik paketi ölkənin texnoloji inkişafının hüquqi əsaslarını möhkəmləndirən ən genişmiqyaslı islahatlardan hesab olunur. Paket çərçivəsində 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bütün bu addımlar göstərir ki, müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə, iqtisadiyyata və cəmiyyət həyatına inteqrasiyası Azərbaycanın strateji inkişaf kursunun əsas istiqamətlərindən birinə çevrilib. Rəqəmsal transformasiya, innovasiya və kibertəhlükəsizliyin gücləndirilməsi ölkənin dayanıqlı inkişaf modelinin mühüm tərkib hissəsi kimi çıxış edir.
Malik Həsənov,
Milli Məclisin deputatı