Modern.az

"İstisu diplomatiyası" - Qlobal tədbirlərin diqqət çəkən simvolu

"İstisu diplomatiyası" - Qlobal tədbirlərin diqqət çəkən simvolu

Ölkə

Bu gün, 08:55

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq tədbirlərində diqqət çəkən detallardan biri də Kəlbəcərin məşhur "İstisu" mineral suyunun rəsmi görüşlərin ayrılmaz hissəsinə çevrilməsidir. Bir vaxtlar işğal altında qalan və uzun illər Azərbaycan üçün əlçatmaz olan "İstisu" bu gün yerli brend olmaqla yanaşı, həm də ölkənin beynəlxalq təqdimatında istifadə olunan mühüm vizual simvollardan birinə çevrilib.

Modern.az xatırladır ki, son aylarda Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq görüşlərə nəzər saldıqda bunun təsadüfi seçim olmadığı görünür. Xüsusilə 2024-cü ilin sentyabrından etibarən keçirilən yüksək səviyyəli tədbirlərin əksəriyyətində "İstisu" butulkaları qonaqların masasında yer alıb.

Bu ənənə hazırda Şuşada keçirilən IV Qlobal Media Forumu zamanı da davam etdirilir. Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri ilə görüşündə masanın üzərində yenə də "İstisu" diqqət çəkən detallardan biri olub.

Prezident İlham Əliyevin iştirak etdiyi son dövrün bir sıra beynəlxalq görüş və tədbirlərində də eyni mənzərə diqqət çəkib. İtaliyanın Baş naziri Corcia Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistanın Baş naziri Şahbaz Şərif, İran Prezidenti Məsud Pezeşkian, Qırğızıstan Prezidenti Sadır Japarov, eləcə də digər dövlət və hökumət başçıları ilə keçirilən rəsmi görüşlərin fotolarında masalarda məhz İstisu mineral suyunun yer aldığı görünür.

"İstisu" təkcə ikitərəfli görüşlərdə deyil, COP29 çərçivəsində keçirilən yüksək səviyyəli qəbul və görüşlərdə, Şuşa Qlobal Media Forumlarında, Türk Dövlətləri Təşkilatının sammiti zamanı keçirilən ikitərəfli təmaslarda, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlərdə də rəsmi protokolun diqqət çəkən elementlərindən biri olub.

Ən diqqətçəkən nümunələrdən biri isə Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Çin Mərkəzi Televiziyasına verdiyi müsahibə oldu. Müsahibə zamanı masanın üzərində üç detal xüsusi seçilirdi: "İstisu" mineral suyu, armudu stəkanda çay və bütöv limon.

İlk baxışdan adi görünən bu elementlər əslində Azərbaycanın milli kimliyini və mədəniyyətini ifadə edən vizual mesajlar kimi qiymətləndirilə bilər. Armudu stəkan Azərbaycan çay mədəniyyətinin, limon qonaqpərvərlik ənənəsinin, İstisu isə Qarabağın bərpasının və Kəlbəcərin yenidən Azərbaycanın iqtisadi həyatına qayıtmasının rəmzidir.

Müasir diplomatiyada dövlətlər özlərini yalnız siyasi bəyanatlarla deyil, milli mətbəx, yerli məhsullar və mədəni atributlar vasitəsilə də təqdim edirlər. Bu yanaşma beynəlxalq münasibətlərdə "yumşaq güc" (soft power) alətlərindən biri hesab olunur. Dünyanın müxtəlif ölkələri kimi Azərbaycan da son illərdə milli brendlərin dövlət protokolunda istifadəsinə daha çox üstünlük verir.

Bu baxımdan İstisu həm də işğaldan azad olunmuş Kəlbəcərin yenidən həyata qayıdışını göstərən simvollardan biri kimi qəbul olunur. Bir vaxtlar düşmən işğalı altında qalan mənbədən çıxan suyun bu gün dünya liderlərinin, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu media nümayəndələrinin qarşısına qoyulması Azərbaycanın verdiyi səssiz, lakin kifayət qədər güclü mesajdır.

Rəsmi sənədlərdə İstisunun dövlət protokolunun məcburi elementi olduğu qeyd edilməsə də, son iki ilə yaxın dövrdə keçirilən beynəlxalq tədbirlərdə onun ardıcıl şəkildə təqdim olunması Azərbaycanın milli brendlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində formalaşan yeni yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.

Beləliklə, Zəfərdən sonra Azərbaycanın diplomatik masalarında yer alan "İstisu" Kəlbəcərimizin təbii sərvəti və ölkənin suverenliyini, Qarabağın dirçəlişini və milli kimliyini nümayiş etdirən ən tanınan vizual simvollardan birinə çevrilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!