Azərbaycanın kosmetika istehsalçısı olan “Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb.
Modern.az "İqtisadiyyat.az"a istinadən məlumat verir ki, şirkətin nizamnamə kapitalının həcmi 38 faiz aşağı düşüb.
Belə ki, “Gazelli Group”dan 16 milyon 976 min manat geri çəkilib. Beləliklə, şirkətin nizamnamə kapitalı 44 milyon 924 min manatdan 27 milyon 948 min manata qədər azalıb.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl “Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən ayrılıb.
Qeyd edək ki, “Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun mərhum həyat yoldaşı, genetika və tibbi profilaktika üzrə elmlər doktoru Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Həmzəyeva ötən ilin yanvarında vəfat edib.