Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini nümayiş etdirməklə yanaşı, Azərbaycanın Avropa ilə əməkdaşlıq modelinin yeni mərhələsini də aydın şəkildə ortaya qoydu. Müzakirələrin məzmunu Qarabağın bərpası, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və iqtisadi tərəfdaşlığın genişləndirilməsi kimi strateji istiqamətləri əhatə etdi. Bu siyasi dialoq göstərdi ki, Azərbaycan artıq regional proseslərin gedişinə təsir göstərən, etibarlı tərəfdaş kimi qəbul olunan və beynəlxalq əməkdaşlığın yeni formatlarını formalaşdıran dövlətlər sırasında xüsusi yer tutur.
Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirak etməsi və Ağdam rayonunda həyata keçirilən “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərin inkişaf konsepsiyasının beynəlxalq səviyyədə etimad qazandığını təsdiqləyir. Xarici investisiyaların və müasir texnologiyaların bölgəyə cəlb olunması Azərbaycanın həyata keçirdiyi bərpa strategiyasının səmərəliliyini nümayiş etdirir, eyni zamanda ölkəmizin suverenliyinə və uzunmüddətli inkişaf proqramına verilən siyasi dəstəyi əks etdirir. Şuşanın beynəlxalq səviyyəli rəsmi görüşlər üçün seçilməsi Qarabağın artıq iqtisadi əməkdaşlıq, innovasiya və gələcək investisiya layihələrinin əsas platformalarından birinə çevrildiyini göstərir.
Enerji sahəsində əldə olunmuş nəticələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirir. Slovakiyanın uzunmüddətli enerji əməkdaşlığını genişləndirmək niyyətini ifadə etməsi ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı nüfuzun real göstəricisidir. Azərbaycanın həyata keçirdiyi ardıcıl enerji siyasəti tədarükün davamlılığını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu istiqamətdə formalaşan əməkdaşlıq modeli qarşılıqlı etimadın, siyasi sabitliyin və uzunmüddətli strateji maraqların üzərində qurulmuş tərəfdaşlığın parlaq nümunəsidir.
Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşən strateji mövqeyi ölkəmizin geoiqtisadi əhəmiyyətini hər il daha da artırır. Şərqlə Qərbi birləşdirən əsas logistika xətlərinin inkişafı, müasir infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi və tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın Avrasiyanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsini təmin edib. Bu reallıq ölkəmizin ticarət potensialını genişləndirir, regional sabitliyin möhkəmlənməsinə xidmət edir və beynəlxalq iqtisadi inteqrasiyanın əsas dayaqlarından birini formalaşdırır.
Azərbaycan ilə Slovakiya arasında əməkdaşlıq artıq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib. Müdafiə sənayesi, enerji, maliyyə, innovasiya, texnologiya transferi, birgə istehsal, biznes əlaqələri və insanlar arasında təmasların genişləndirilməsi istiqamətində atılan addımlar münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirir. Qarşılıqlı etimad, ortaq maraqlar və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulan bu tərəfdaşlıq modeli Azərbaycanın müstəqil xarici siyasət kursunun uğurlarını daha da möhkəmləndirir və ölkəmizin beynəlxalq nüfuzunun davamlı yüksəlişini təmin edən əsas strateji amillərdən biri kimi çıxış edir.
Rövşən Muradov,
Milli Məclisin deputatı