Şuşada keçirilən IV Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin iştirakı ilə təşkil olunan beynəlxalq tədbir deyil, Azərbaycanın dünyaya verdiyi siyasi, diplomatik və informasiya mesajlarının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər, yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması bir daha göstərdi ki, Azərbaycan regional və qlobal gündəmdə mühüm söz sahibi kimi çıxış edir.
Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu hər il daha geniş iştirakçı auditoriyasını bir araya gətirir. Bu il Forumda 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan çox media qurumu, eləcə də 10 beynəlxalq təşkilat və təsisat təmsil olunur. Son dörd ildə isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul edib. Bu statistika tədbirin qlobal media platforması kimi nüfuzunun ildən-ilə artdığını və beynəlxalq informasiya məkanında mühüm yer tutduğunu təsdiqləyir.
Şuşanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi məna daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra azad Şuşa yalnız mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Burada keçirilən forumlar Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, azad edilmiş torpaqlarda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında da bu məqama xüsusi diqqət yetirildi. Dövlət başçısı qeyd etdi ki, ilk forumlarda Şuşaya və Qarabağa gələn xarici media nümayəndələri dağıdılmış şəhərləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları və sürətlə həyata keçirilən bərpa işlərini müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin ən real təqdimatıdır.
Forumun əsas üstünlüklərindən biri də Prezident İlham Əliyevin iştirakçılarla açıq dialoq formatında görüşməsidir. Sual-cavab şəraitində keçirilən müzakirələr Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, regional təhlükəsizlik, enerji siyasəti, Qarabağda aparılan bərpa-quruculuq işləri və digər aktual məsələlərlə bağlı ölkənin mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmağa imkan yaradır. Bu format beynəlxalq media nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanın mövqeyinin obyektiv şəkildə təqdim olunmasına xidmət edir.
İki saat yarımdan artıq davam edən müzakirələrdə Prezident İlham Əliyev regionda və dünyada baş verən proseslərə dair Azərbaycanın baxışını ətraflı izah etdi. Xüsusilə sülh gündəliyi ilə bağlı səsləndirilən fikirlər diqqət çəkirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb və cəmi bir ilə yaxındır ki, sülh dövrünü yaşayır. Bu reallıq inkişaf, investisiya mühiti, cəmiyyətin psixoloji durumu və iqtisadi fəallıq baxımından tamamilə yeni imkanlar yaradıb. Eyni zamanda Prezident bildirdi ki, davamlı sülh yalnız beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslana bilər.
Forum çərçivəsində Azərbaycan-ABŞ münasibətləri, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik, enerji siyasəti və qlobal çağırışlar da geniş müzakirə olundu. Dövlət başçısı Azərbaycanın bütün istiqamətlərdə milli maraqlara söykənən müstəqil siyasət yürütdüyünü və dəyişən dünya nizamında bu kursun uğurla davam etdirildiyini bir daha nümayiş etdirdi.
Şuşa Qlobal Media Forumu həm də informasiya diplomatiyasının mühüm alətidir. Bu platforma vasitəsilə dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və media rəhbərləri Azərbaycanın reallıqları ilə yerində tanış olur, Qarabağda həyata keçirilən layihələri öz gözləri ilə görür və bu barədə beynəlxalq ictimaiyyətə birbaşa məlumat çatdırırlar. İnformasiya müharibələrinin davam etdiyi müasir dövrdə bu cür platformaların əhəmiyyəti daha da artır.
Son dörd ildə Forumun iştirakçı sayının və coğrafiyasının genişlənməsi onu göstərir ki, Şuşa artıq qlobal media gündəliyinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib. Burada səsləndirilən fikirlər təkcə media sahəsinə deyil, beynəlxalq siyasətə, regional əməkdaşlığa və qlobal təhlükəsizlik məsələlərinə dair mühüm mesajlar kimi dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Prezident İlham Əliyevin Forum zamanı səsləndirdiyi "gələcəyə baxmalıyıq" çağırışı Azərbaycanın strateji baxışını aydın ifadə edir. Dünya sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır və belə şəraitdə milli maraqların, müstəqilliyin və milli kimliyin qorunması hər zaman prioritet olaraq qalmalıdır. Məhz bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə, həqiqətlərin dünyaya çatdırılmasına və ölkəmizin qlobal dialoq platforması kimi rolunun güclənməsinə xidmət edən mühüm təşəbbüsdür.
Malik Həsənov
Milli Məclisin deputatı