Modern.az

Şuşa Qlobal Media Forumu: Azərbaycanın sözünü dünyaya çatdıran platforma

Şuşa Qlobal Media Forumu: Azərbaycanın sözünü dünyaya çatdıran platforma

Ölkə

Bu gün, 13:02

Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş məkanı deyil, həm də Azərbaycanın beynəlxalq gündəmlə bağlı mövqeyini dünyaya çatdırdığı mühüm platformaya çevrilib. Hər il onlarla ölkədən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirən forum informasiya diplomatiyasının ən təsirli alətlərindən biri kimi özünü təsdiqləyir.

Bu il də Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar tədbirin diqqət mərkəzində oldu. Dövlət başçısı Azərbaycanın xarici siyasət prioritetlərindən, regional təhlükəsizlikdən, enerji əməkdaşlığından, Orta Dəhlizin perspektivlərindən, rəqəmsal transformasiyadan və beynəlxalq münasibətlər sistemində ölkəmizin artan rolundan danışdı. Bu çıxış bir daha göstərdi ki, Şuşa Qlobal Media Forumu artıq yalnız media sahəsinə aid tədbir deyil, qlobal siyasi və iqtisadi proseslərin müzakirə olunduğu beynəlxalq platformadır.

Son illər Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkənin geosiyasi əhəmiyyətini xeyli artırıb. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Avrasiya məkanında strateji logistika mərkəzinə çevrilir. Təbii ki, bu reallıqların dünya ictimaiyyətinə düzgün çatdırılması üçün etibarlı informasiya platformalarına ehtiyac var. Şuşa Qlobal Media Forumu da məhz bu missiyanı yerinə yetirir.

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Forumun daha bir mühüm xüsusiyyəti iştirakçıların Qarabağda aparılan bərpa və yenidənqurma işlərini yerində görmək imkanı əldə etməsidir. Xarici media nümayəndələri uzun illər işğal altında qalmış ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olur, gördüklərini öz auditoriyalarına çatdırırlar. Bu isə regionla bağlı obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir.

Şuşa Qlobal Media Forumunun ildən-ilə genişlənən iştirakçı coğrafiyası da onun beynəlxalq nüfuzunun artdığını göstərir. Dünyanın müxtəlif ölkələrindən aparıcı media qurumlarının, ekspertlərin və jurnalistlərin forumda təmsil olunması Azərbaycanın informasiya diplomatiyasının uğurunu nümayiş etdirir.

Müasir dövrdə informasiya ən azı iqtisadi və hərbi güc qədər strateji əhəmiyyət daşıyır. Belə bir şəraitdə Azərbaycanın Şuşada yaratdığı bu beynəlxalq platforma ölkənin mövqeyinin, həqiqətlərinin və inkişaf modelinin qlobal auditoriyaya çatdırılması baxımından mühüm rol oynayır. Şuşa Qlobal Media Forumu artıq regional tədbir çərçivəsini aşaraq beynəlxalq media məkanında söz sahibi olan nüfuzlu platformalardan birinə çevrilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!