Modern.az

Bu küçədə hərəkət istiqaməti dəyişir - yeni qaydalar tətbiq olunacaq

Bu küçədə hərəkət istiqaməti dəyişir - yeni qaydalar tətbiq olunacaq

Ölkə

Bu gün, 13:18

Sabahdan paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdiriləcək.

Modern.az xəbər verir ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Layihə daha əvvəl Koroğlu Rəhimov küçəsi və Xətai prospektində tətbiq olunan uğurlu nəqliyyat həllərinin davamıdır.

Yeni hərəkət sxeminə əsasən, Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən sürücülər əvvəlki marşrutdan istifadə edə bilməyəcəklər. Onlar yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirəcəklər.

Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bunun sayəsində nəqliyyat vasitələrinin orta gözləmə müddətinin təxminən 40 saniyəyə qədər azalacağı, kəsişmənin ötürücülük qabiliyyətinin isə artacağı bildirilir. Layihənin Koroğlu Rəhimov küçəsi, Xətai prospekti, Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektində hərəkət intensivliyinə də müsbət təsir göstərəcəyi qeyd olunur.

Layihə çərçivəsində Əbdüləzəl Dəmirçizadə küçəsində yeni avtobus zolağı da yaradılacaq. Bu zolaq ümumi nəqliyyat axınına mane olmadan avtobusların sağa – Elm və Təhsil Nazirliyi istiqamətində hərəkətini təmin edəcək.

Bildirilib ki, dəyişikliklərə baxmayaraq, küçədə mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.

Qeyd edək ki, bu həll "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan Əhməd bəy Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirəcək tunelin tikintisi başa çatana qədər tətbiq olunacaq müvəqqəti tədbirdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!