Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda Azərbaycan–Avropa İttifaqı əlaqələrinin gələcək perspektivləri baxımından da mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər göstərir ki, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatında vurğuladığı kimi, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri də münasibətlərin inkişafında mühüm siyasi əhəmiyyət daşıyır. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın daha da möhkəmləndiyini göstərən vacib göstəricidir. Almaniya isə Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə xüsusi rol oynayır.
Azərbaycan və Almaniya arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, uzun illər ərzində formalaşan qarşılıqlı etimadın və ardıcıl siyasi dialoqun məntiqi nəticəsidir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, diplomatik münasibətlər isə həmin ilin fevralında qurulub. Bu gün iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə geniş əməkdaşlıq mövcuddur.
Prezident İlham Əliyevin Almaniyaya son səfəri də bu münasibətlərin davamlı inkişaf etdiyini nümayiş etdirir. Dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə səsləndirilən fikirlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər tərəflərin gələcək əməkdaşlığa böyük önəm verdiyini təsdiqləyir.
Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" münasibətlərin yeni mərhələsinin əsas siyasi sənədidir. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin imzalanması iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm platforma yaradır.
Son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, eləcə də regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Məhz buna görə də Almaniya Azərbaycanı regionda etibarlı və uzunmüddətli tərəfdaş kimi görür.
Münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Qarşılıqlı investisiyaların artırılması, sənaye, enerji, rəqəmsal iqtisadiyyat, logistika, yüksək texnologiyalar və yaşıl enerji sahələrində yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə imzalanan sənədlər gələcək əməkdaşlığın konkret yol xəritəsini formalaşdırır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu hər il daha da artır. Ənənəvi enerji ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişlənməsi də hər iki ölkənin strateji maraqlarına cavab verir. Bununla yanaşı, biznes forumlarının təşkili, sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni investisiya layihələrinin hazırlanması yaxın gələcəkdə münasibətlərin praktik nəticələrini daha da görünən edəcək.
Səfər zamanı regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Federal Kansler Fridrix Merts Cənubi Qafqazda sülhün və sabitliyin Almaniya və Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev isə Almaniyanın bölgədə sülh prosesinə verdiyi töhfələri yüksək qiymətləndirdi.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu davamlı şəkildə artır. Almaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu uğurlu siyasətin növbəti mühüm nəticələrindən biridir.
Əminliklə demək olar ki, Berlində keçirilən görüşlər və imzalanan sənədlər yalnız bugünkü əməkdaşlığa deyil, həm də Azərbaycan–Almaniya münasibətlərinin uzunmüddətli inkişafına xidmət edəcək möhkəm siyasi və iqtisadi əsas formalaşdırır. Bu strateji tərəfdaşlıq həm ölkələrimizin maraqlarına, həm də regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Malik Həsənov
Milli Məclisin deputatı