Prezident cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycan xarici siyasətinin çoxşaxəli və praqmatik mahiyyətini bir daha nümayiş etdirdi. Bu səfər təkcə iki dövlət arasında ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında yeni geosiyasi əməkdaşlıq formatlarının formalaşması, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri, iqtisadi tərəfdaşlıq və regional sülh prosesinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan ilə Almaniya arasında strateji dialoqun başlanması hər iki ölkənin siyasi iradəsinin və qarşılıqlı etimadının real nəticəsidir. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması tərəflərin əməkdaşlığı sistemli və uzunmüddətli əsaslar üzərində inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu sənəd münasibətləri yalnız mövcud istiqamətlər üzrə deyil, yeni sahələrdə də genişləndirməyə imkan verəcək strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən biridir. Azərbaycan isə Cənubi Qafqazın ən sabit, etibarlı və təşəbbüskar dövlətidir. Bu baxımdan iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi təkcə Bakı ilə Berlin arasında münasibətlərin inkişafına deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı bölgədə sülhə, təhlükəsizliyə və qarşılıqlı etimada mühüm töhfə verəcək. İqtisadi əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas dayaqlarından biridir. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin və iqtisadi sabitliyinin göstəricisidir. Alman şirkətləri sənaye, energetika, tikinti, nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar və xidmət sektorunda uğurlu layihələr həyata keçirirlər. Rəsmi səfər çərçivəsində Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində konkret təkliflərin irəli sürülməsi iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir.
Bu baxımdan Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması xüsusi diqqət çəkir. Yeni platforma sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, investisiya layihələrinin koordinasiyasına, texnologiya transferinə və iqtisadi diplomatiyanın gücləndirilməsinə mühüm töhfə verəcək. Almaniyanın innovasiya potensialı ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf edən iqtisadi imkanlarının uzlaşdırılması qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsini formalaşdıracaq. Enerji sahəsində əməkdaşlıq münasibətlərin ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Bu ildən etibarən Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.
Hazırda Azərbaycan qazı Avropa İttifaqının on üzv dövlətinə çatdırılır və bu fakt ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir. Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, eyni zamanda yaşıl enerji sahəsində də Avropanın strateji tərəfdaşına çevrilmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Xəzər dənizinin böyük külək enerjisi potensialı, günəş enerjisi layihələri və Qara dəniz vasitəsilə yaşıl enerji ixracı üzrə həyata keçirilən təşəbbüslər gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq. Almaniyanın yaşıl transformasiya sahəsindəki qabaqcıl təcrübəsi ilə Azərbaycanın bərpaolunan enerji imkanlarının birləşməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika istiqamətində əməkdaşlıq da yeni mərhələyə daxil olur. Son illər Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən müasir nəqliyyat infrastrukturunu formalaşdırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin Avrasiya məkanında əsas tranzit mərkəzinə çevrilməsini təmin edib. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu daha da möhkəmləndirib. Almaniyanın logistika və nəqliyyat texnologiyaları sahəsində topladığı zəngin təcrübə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Cənab Prezidentin bəyan etdiyi kimi, imzalanmış sənədlərin icrası məqsədilə yaradılacaq işçi qrupları nəqliyyat, logistika və tranzit layihələrinin operativ həyata keçirilməsini təmin edəcək. Səfər zamanı regional təhlükəsizlik və sülh məsələləri də geniş müzakirə olundu.
Dövlət başçısı Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqtə qoyduğunu xüsusi vurğuladı. Azərbaycan postmünaqişə mərhələsində sülh gündəliyinə sadiqliyini konkret addımlarla nümayiş etdirir. Ermənistanın enerji təhlükəsizliyinə dəstək məqsədilə Azərbaycan tərəfindən benzin və dizel yanacağının təchiz edilməsi, eləcə də Azərbaycan ərazisi vasitəsilə artıq 40 min tondan çox tranzit yükün daşınması regionda qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın formalaşmasına xidmət edən praktik addımlar kimi qiymətləndirilə bilər. Bu siyasət Azərbaycanın qalib dövlət kimi revanşizm deyil, davamlı sülh və əməkdaşlıq modelini seçdiyini nümayiş etdirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa edib, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan dörd qətnaməsini faktiki olaraq özü həyata keçirib və bundan sonra Ermənistana sülh təklif edib. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətli dövlət davranışının nümunəsi kimi qəbul edilir.
Prezident cənab İlham Əliyevin Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirməsi də diplomatik baxımdan mühüm mesajdır. Son illərdə Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlər, dialoq platformalarının yaradılması və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılmış addımlar Berlinin regional sabitliyə verdiyi əhəmiyyətin göstəricisidir.

Səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə dair verilən mesajlar da xüsusi diqqət çəkir. Bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri qarşılıqlı münasibətlərdə yeni dinamikanın formalaşdığını nümayiş etdirir. Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə mühüm rol oynayır və gələcəkdə Bakı-Brüssel münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm siyasi platforma rolunu oynaya bilər. Azərbaycanın xarici siyasət kursu beynəlxalq hüquqa hörmət, qarşılıqlı maraqların qorunması, etibarlı tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır.
Almaniya ilə münasibətlərin strateji gündəlik səviyyəsinə yüksəlməsi də məhz bu siyasətin uğurlu nəticəsidir. İmzalanmış sənədlər, yaradılan yeni əməkdaşlıq mexanizmləri və verilən siyasi mesajlar göstərir ki, Bakı və Berlin qarşıdakı illərdə enerji, iqtisadiyyat, rəqəmsal texnologiyalar, sənaye, nəqliyyat, yaşıl enerji, elm, təhsil və innovasiya kimi istiqamətlərdə daha genişmiqyaslı layihələr həyata keçirəcəklər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatlarında da qeyd olunduğu kimi, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsiplərinə sadiqlik, iqtisadi əməkdaşlığın genişləndirilməsi və siyasi dialoqun inkişafı əsasında formalaşıb. Son rəsmi səfər bu münasibətlərin məhz strateji tərəfdaşlıq mərhələsinə yüksəldiyini təsdiqləyən mühüm siyasi hadisə kimi tarixə düşür.
Əminliklə deyə bilərik ki, cənab Prezidentin Almaniyaya rəsmi səfəri Azərbaycanın beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin növbəti uğurlu təzahürü kimi qiymətləndirilməlidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan həm Avropa üçün etibarlı enerji təminatçısı, həm Avrasiya nəqliyyat marşrutlarının əsas qovşağı, həm də Cənubi Qafqazda sülhün və sabitliyin təşəbbüskarı kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl şəkildə möhkəmləndirməkdədir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı